Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10371/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində düzəliş aparılaraq səhvən “Fəxrət” kimi qeyd edilən adın “Fəxrəddin” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. xx.xx.1952-ci il tarixdə Biləsuvar rayonunda anadan olarkən valideynləri ona doğum haqqında şəhadətnamə almışlar və həmin doğum haqqında şəhadətnamədə onun məlumatları X1 qeyd edilmişdir. Hazırda bütün sənədlərində İddiaçı kimi qeyd edilməkdədir. İddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Bakı Şəhər Xətai Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin bildirilmişdir ki, onun doğum akt qeydində adı Fəxrəddin kimi yox, səhvən “Fəxrət” kimi yazılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı doğum haqıqnda akt qeydində düzəliş edilməsinə dair iddiasının təmin edilməsi kifayət qədər əsaslar olmadığına görə şöbəmiz tərəfindən mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1952-ci il tarixli 78 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Quliyev Faxrət xx.xx.1952-ci il tarixdə doğulmuşdur, atası X4, anası isə X2r. Akt qeydinə əsasən doğum barədə AZ- 1807976 nömrəli xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan həmin AZ-1807976 nömrəli xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1952-ci il tarixdə doğulmuşdur. xx.xx.1990-cı il tarixli 247 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı və xx.xx.1954-cü il təvəllüdlü X5 nikah bağlamışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqarsiya İdarəsinin xx.xx.2024-cü il tarixli,18/2-21143/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olmaqla ilk dəfə xx.xx.2003-cü il tarixdə AZE 00782044 nömrəli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla sonuncu dəfə xx.xx.2004-cü il tarixdə AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, xx.xx.2002-ci il tarixdə Pİ028153, xx.xx.2007-ci il tarixdə P3146229, xx.xx.2018-ci il tarixdə isə C02136628 nömrəli ümumvətəndaş pasportu ilə sənədləşdirilmişdir. Əlavə olaraq, ölkə ərazisində İddiaçı anket məlumatları ilə eynilik təşkil edən digər şəxs müəyyən edilməmişdir. İşdə olan həmin şəxsiyyət vəsiqələri məlumatlarından görünür ki, iddiaçının adı “İddiaçı” kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1992-ci il tarixli pasportda, xx.xx.1971-ci il tarixli hərbi biletdə də iddiaçının adı “İddiaçı” kimi qeyd olunmuşdur. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.1952-ci il tarixli 78 nömrəli doğum haqqında akt qeydində onun adı “Faxrət” kimi yazılsa da, həmin akt qeydinə əsasən verilən AZ-1807976 nömrəli xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədə, həmçinin sonradan tərtib edilən bütün sənədlərdə, habelə iddiaçıya verilən ilkin şəxsiyyət vəsiqəsi və sonradan verilən şəxsiyyət vəsiqələrində adı “Fəxrəddin” kimi göstərilmişdir. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində adının “Faxrət” deyil, “Fəxrəddin” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə də müvafiq düzəliş edilməsini və adının “Fəxrəddin” kimi qeyd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi akt qeydinin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində adı “Fəxrəddin” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, həmin şəhadətnamədə iddiaçının adının “Fəxrəddin” kimi qeyd olunduğunu, habelə 1992-ci ildən etibarən tərtib edilən sənədlərdə iddiaçı barədə məlumatların şəxsiyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı barəsində tərtib edilmiş xx.xx.1952-ci il tarixli, 78 nömrəli doğum haqqında akt qeydində “Faxrət” adının “Fəxrəddin” adına düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10371/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10371/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver