Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10376/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş ona əmək pensiyasının təyin edilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 57 yaşının tamam olduğu 05 noyabr 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. İddiaçı cavabdehə müraciət edərək onun 57 yaşdan bu pensiyanı almaq hüququnun olduğunu bildirsə də, cavabdeh imtina etmişdir. Belə ki, o, 1976-cı ildən peşə məktəbi oxumaqla bu günə kimi işləmişdir. Onun 2006-cı ilə qədər iş stajı 28 ilə yaxındır. Lakin cavabdeh iddiaçının 2003-2006-cı illərdə "xxxx" X2 işləməsi barədə əmək kitabçasında qeydin olmasına baxmayaraq, bunu sübut edən "sığorta pulu"nun ödənilmədiyini bildirmişdir. İddiaçı sığorta pulunun ödənilibödənilməməsindən məlumatlı olmadığını, işəgötürən tərəfindən əmək kitabçasında müvafiq qeydlərin aparıldığına istinad edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 22 gün (xx.xx.1976- xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı 01 yanvar 2006-cı ilədək 12 il 6 ay güzəştli iş stajını toplasa da, onun tələb olunan 25 il ümumi iş stajı tamam olmamışdır. Bu səbəbdən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Б seriyalı, 137150 nömrəli diplomun surətinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixdə Bakı şəhəri 59 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1980-cı ildə hərbi xidmətə çağrılmış, 25 may 1982-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1982-ci il tarixdə hərbi qeydiyyata götürülmüşdür. ИТ-İ № ******* nömrəli, 20 iyul 1981-ci il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı şəhəri 59 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərbaycanborukəmərtikinti” Tikinti Quraşdırma İdarəsində qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xüsusi X3ynaqçı (əl ilə elektrik qaynağı), xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" X1ynaqçı, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" X7 Cəmiyyətində elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" X1ynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “X5” MMC-də qaynaqçı-kəsici, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qaynaqçı (əl ilə elektrik qaynağı) vəzifəsində xx.xx.1993-cü il tarixli 278 nömrəli əmri ilə xx.xx.1993-cü ildən xx.xx.2001-ci il tarixədək işləmişdir. Onun işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 7 il 11 ay 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə zərərli iş şəraitindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və qaynaqçı (əl ilə elektrik qaynağı) vəzifə koduna uyğundur. Cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 04 aprel 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 ay stajı olan kişilərin yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı ilədək olan 12 il 6 ay güzəştli iş stajı mübahisələndirilmir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası zəruri olan ümumi stajı, yəni, yəni 25 il ümumi stajı topladığı vaxtdan təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə olan halda iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan ümumi stajı xx.xx.2017-ci ilədək topladığı təqdirdə artıq onun yaşa görə həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən əmək pensiyası hüququ yaranır. Göründüyü kimi iddiaçının “X5” MMC-də qaynaqçı-kəsici vəzifəsindən azad edildiyi xx.xx.2010-cu il tarixədək onun ümumi stajı 27 il 11 ay 6 gün təşkil edir ki, bu da ona pensiya hüququ verən qanunvericilikdə nəzərdə tutulmuş 25 il stajdan çoxdur. Yəni, iddiaçı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinin 57 yaşdan artırıldığı vaxtadək zəruri olan həm ümumi, həm də güzəştli stajı toplamışdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya 60 yaşdan əmək pensiyası təyin edilməsi haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, 05 noyabr 2018-ci ildən, yəni iddiaçının 57 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. İddiaçı 57 yaşının tamam olduğu 05 noyabr 2018-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10376/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10376/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver