Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1038/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranlarına verilən pul müavinətinin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranlarına verilən pul müavinətinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 15 sentyabr 1989-cu il tarixdən 12 sentyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətdə olmuş və polis kapitanı rütbəsində xidmətdən tərxis olunmuşdur. O, məhkəmənin müvafiq hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir. İddiaçı DİO-da xidmət müddətinin 1992 – 1994-cü illərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni silahlı birləşmələrinə qarşı Ağdərə və Goranboy rayonları ərazisində (Çıldıran, Sərsəng, Tapqaraqoyunlu və digər yaşayış məntəqələri) gedən döyüşlərdə iştirak etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 3-cü abzasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Ona görə də iddiaçı 1992-ci ildən etibarən faktiki olaraq müharibə veteranı sayılır və müharibə veteranlarına aid güzəşt və imtiyazlar ona həmin vaxtdan şamil edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyanın 22 may 2020-ci il tarixli 135 nömrəli protokoluna əsasən iddiaçıya 2 iyul 2020-ci il tarixli 034151 nömrəli “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Bu səbəbdən də iddiaçıya müharibə veteranları üçün təyin edilmiş pul müavinətinin ödənilməsi “müharibə veteranı” vəsiqəsinin verildiyi 2 iyul 2020-ci il tarixdın başlanmışdır. Lakin o, faktiki olaraq “müharibə veteranı” statusunu 1992ci ildə döyüşlərdə iştirak etdiyi vaxtdan əldə etmişdir. Belə vəziyyətdə hesab olunur ki, 1-ci Qarabağ müharibəsi veteranı statusunu katiki əldə etdiyi 1992-ci ildən 2020-ci ilin iyul ayınadək olan müddətlər üzrə ona müharibə veteranları üçün müəyyən edilmiş pul müavinəti hesablanıb ödənilməlidir. Bununla bağlı iddiaçının hazırkı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciəti həmin qurumun 9 dekabr 2020-ci il tarixli 024-45869/2A-3220 saylı cavab məktubu ilə təmin edilməmiş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göstərilənlərə və Azərbaycan respublikası Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 2, 33, 45-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 – 150-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, 1992-ci ildən 2020-ci ilin iyul ayınadək olan müddət üzrə müharibə veteranları üçün müəyyən edilmiş pul müavinətinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respoublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (Maliyyə-Plan İdarəsi) məhkəməyə ünvanlanmış 4 avqust 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın 22 may 2020-ci il tarixli 135 nömrəli protokoluna əsasən İddiaçı 034151 nömrəli “müharibə veteranı” adı və vəsiqəsi 2 iyul 2020-ci il tarixdə verilmişdir. Müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bununla bağlı DİN-in Maliyyə-Plan İdarəsinin 30 iyun 2021-ci il tarixli 027-2946-1221 nömrəli məktubu ilə məlumat verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının məhkəməyə ünvanlanmış vəsatətində onun iştirakı olmadan iş üzrə qərar qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi, İddiaçı iddiasında mahiyyəti üzrə ona keçmiş dövrə görə sosial müavinət və təqaüd verilməsini tələb edir. Halbuki, həmin məsələ hazırkı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin deyil, digər aidiyyəti qurumun səlahiyyətləri daxilindədir. Mübahisəyə başqa aspektdən yanaşdıqda, yəni iddiaçıya verilməli pul məbləğinin qanunsuz hərəkət (və ya hərəkətsizlik) nəticəsində dəymiş ziyanın əvəzi qismində ödənilməsi kimi qəbul etdikdə, isə nəzərə alınmalıdır ki, iddiaçının qanunsuz saydığı hərəkət (hərəkətsizlik) ona “müharibə veteranı” adı və vəsiqəsinin vaxtında verilməməsi ilə bağlı olarsa, dəymiş ziyan şəkildə müvafiq pul vəsaitinin ödənilməsi üçün ilkin olaraq inzibati orqana müvafiq müraciət təqdim edilməsi zəruridir. Hansı ki, iş materialları ilə belə müraciətin mövcudluğu müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən hazırkı İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1038/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1038/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver