Məhkəmə qərarları › İş №2-1(112)-1038/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1038/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1038/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vətən Müharibəsi zamanı SOCAR-ın tərkibində işləyirdi səfərbərliklə onu idarənin 10 ədəd maşını ilə birlikdə müharibə gedən zonaya ezam etmişdirlər. Vətən Müharibəsi zamanı 06.10.202-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində mülki işçi kimi Füzuli, Cəbrayıl, Tərtər və Xocavaənd rayon ərazilərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə maddi-texniki bölmələrində yüklərin daşınmasına nəzarətçi kimi iştirak etmişdir. Onunla ezamiyyətdə olanların bir neçə nəfəri müharibə veteranı adı və vəsiqəsi ilə (bunlardan biri əslən Naxçıvan MR olan, hal- hazırda Nizami rayonunda yaşayan X4) təmin ediliblər. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun dəfələrlə edilən müraciətinə cavab vermədiyi üçün məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasma gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissənin N iyul 2022-ci il traixli 547 nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 25 iyul 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya etməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 14.3, 48.2-ci maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün İddiaçı adının daxil edildiyi siyahının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Salyan rayonunda xx.xx.2012-ci ildə hərbi xidmətə çağırılmış və xx.xx.2013-cü ildə tərxis edilmişdir. Vətən müharibəsi zamanı Fizüuli, Cəbrayıl, Tərtər və Xocavənd istiqamətində gedən döyüşlərdə maddi bölmələrində yüklərin dolmasına nəzarətçi məqsdəilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək yüklərin daşınması ilə əlaqədar olaraq N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur: Əsas:N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2021-ci il tarixli arayışı. İş materiallarına elavə edilmiş N nörməli hərbi hissənin arayışından görünür ki, İddiaçı həqiqətən Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Tərtər və Xəcavənd istiqamətlərində gedən döyüşlərdə maddi-texniki bölmələrində yüklərin daşınmasına nəzarətçi məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək yüklərin daşınması ilə əlaqədar olaraq N nömrəli hərbi hissədə ezamiyyətdə olub. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Texnolojı Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 2596 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, 11-dərəcəli Mexanik İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək MN-nin Gəncə şəhəri N nömrəli hərbi hissəyə ezam olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Texnolojı Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 3017 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək MNnin cəbhə bölgəsinə ezam olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Texnolojı Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli 3361 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək cəbhə bölgəsinə ezam olunmuşdur. İş materiallarına əlavə edilmiş N nörməli hərbi hissənin komandiri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, İddiaçı 2-ci Qarabağ döyüşlərində hərbi hissəsinin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Nəqliyyat Departamentinin ezamiyyə haqqında əmrindən görünür ki, İddiaçı 6 saylı a/d-nin mexaniki xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 20 (iyirmi) gün müddətinə Gəncə şəhərinə ezam olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-18/2-147/2023 nömrəli məktubu ilə göndərilən İddiaçı aid müvafiq sənədlərdən görünür ki: - İddiaçı 6 saylı a/d-nin mexaniki xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 20 (iyirmi) gün müddətinə Gəncə şəhərinə ezam olunmuşdur. - X3 6 saylı a/d-nin mexaniki xx.xx.2020-ci il tarixindən xx.xx.2020-cı il tarixinədek 30 (otuz) gün müddətinə Bakı şəhərindən Gəncə şəhərinə ezam olunmuşdur. - İddiaçı 6 saylı a/d-nin mexaniki xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci İİ tarixinədək 5 (beş) gün müddətinə Gəncə şəhərinə ezam olunmuşdur. - X3 6 saylı a/d-nin mexaniki xx.xx.2020-ci il tarixindən xx.xx.2020-cı il tarixinədək 29 (iyirmi doqquz) gün müddətinə Bakı şəhərindən Gəncə şəhərinə ezam olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 12/2-30-5066 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 484 nömrəli məktubu ilə göndərilən əmrdən çıxarışlardan görünür ki: -xx.xx.2020-ci il tarixli 247 nömrəli çıxarışa əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 4 və 6 saylı texnoloji nəqliyyat departamentindən 04 oktyabr 2020-ci il tarixdən gəlmiş hesab edilsin: İddiaçı- Hundai Elantra 90AK 205. -xx.xx.2021-ci il tarixli 30 nömrəli çıxarışa əsasən ezamiyyət müddəti başa çatdığına görə Azərbaycan Respublikası Dövlət Şirkətinin Nəqliyyat İdarəsinin N saylı və 6 saylı Texnoloji Nəqliyyat Departamentinə getmiş hesab edilsin: İddiaçı-Hundai Elantra 90AK 205 İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 62 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Vətən müharibəsi dövründə SOCAR şirkətindən N nömrəli hərbi hissəyə ezam olunmuş və gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixənədək Füzuli, Cəbrayıl, Qubadlı, Tərtər və Xocavənd rayonlarında döyüş zamanlarında döyüşü təmin etmək məqsədilə sursatlarının daşınmasında iştirak etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 430 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Sabir oğlunun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərə maddi-texniki təminat üzrə RAS əmlaklarının daşınması məqsədilə N nömrəli hərbi hissəyə ezam olunması barədə nizami hissə üzrə əmrdən çıxarışları və arayış-məlumatı Sizin ünvanınıza göndərirəm. Məlumat üçün bildirmək istəyirəm ki, vətəndaş İddiaçı Sabir oğlunun idarə etdiyi avtomobil texnikasının yol vərəqələrinin qeydiyyatı ilə əlaqədar olaraq SOCAR-ın N saylı Nəqliyyat idarəsinə müraciət edəsiniz. Həmin məktubla göndərilmiş N nömrəli hərbi hissənin “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə arayışa əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə) işlədiyi hərbi hissəsi: SOCAR-ın N saylı Nəqliyyat İdarəsi Rütbəsi: mülki işçi Vəzifə: sürücü Ezam olunduğu hərbi hissə: N nömrəli. 6.Ezam olunduğu hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrələri göstərilməklə) “Azərbaycan Ordusunun Vətən Müharibəsi Dövründə döyüş fəaliyyətində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 062 nömrəli əmri. Ezam olunmanın səbəbi və məqsədi, həmin dövrdə maddi-texniki təminat üzrə tapşırıqlarla bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqlar yerinə yetirmək üçün N nömrəli hərbi hissədən sürücü qismində Cəbrayıl rayonunda və Hadrut qəsəbəsində yerləşən silah və döyüş sursatları anbarlarında hərbi qənimətləri qəbul edib, Füzuli, Cəbrayıl rayonları və Hadrut qəsəbəsində yerləşən birlik və birləşmələrə döyüş sursatlarının daşınması məqsədilə fasiləsiz döyüş sursatlarının daşınmasında iştirak edib. Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında) Füzuli, Cəbrayıl, Qubadlı, Tərtər və Xocavənd rayonlarına. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-8990 nömrəli Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 547 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarına cəlb olunmağınız barədə heç rəsmi sənəd olmadığına görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin istinad edilən halları ilə müəyyən edilir ki, İddiaçı Hundai Elantra 90AK 205 dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Səbail rayon hərbi komissarlığının sərəncamına verilmiş, N nömrəli hərbi hissə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixənədək həmin hərbi hissəyə ezam olunmasını rəsmiləşdirmiş, iddiaçı N nömrəli hərbi hissədən sürücü qismində Cəbrayıl rayonunda və Hadrut qəsəbəsində yerləşən silah və döyüş sursatları anbarlarında hərbi qənimətləri qəbul edib, Füzuli, Cəbrayıl rayonları və Hadrut qəsəbəsində yerləşən birlik və birləşmələrə döyüş sursatlarının daşınması məqsədilə fasiləsiz döyüş sursatlarının daşınmasında iştirak etmiş, nailiyyətlərinə görə N nömrəli hərbi hissə tərəfindən 2-ci Qarabağ döyüşlərində hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində faəl iştirak etdiyinə görə təltif edilmişdir. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların maddi texniki təminatı üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Qubadlı, Tərtər və Xocavənd istiqamətində gedən döyuş əməliyyatları zamanı mülki sürücü kimi müvafiq tapşırıqları yerinə yetirməsi işin mübahisəsiz halıdır, belə ki, bu faktlar iş materiallarında olan hərbi hissənin arayışı, əmrdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletdə aparılan qeydlərlə təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, onun sürücü kimi fəaliyyət göstərməsi döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirməsini ehtiva edir. Belə ki, maddi texniki təminat, əməliyyat zamanı şəxsi heyətin geyim forması, silah və sursat, xüsusi müdafiə vasitələri, kriminalistik texnika, xüsusi rabitə avadanlığı, nəqliyyat vasitələri, onların təmiri, onların yanacaq və sürtkü materialları ilə təmin edilməsi və digər bu kimi təsərrüfat-təchizat məsələlərini nəzərdə tutur, hansı ki, iddiaçı da məhz hərbi hissə tərəfindən sürücü kimi cəlb edilmiş, Füzuli, Cəbrayıl, Qubadlı, Tərtər və Xocavənd rayonlarına nəqliyyat vasitələrini idarə edərək fasiləsiz döyüş sursatlarının daşınmasını həyata keçirmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarxli 420 nömrəli Qərarının 1.1ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar