Məhkəmə qərarları › İş №2-1(112)-10383/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10383/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10383/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Ləğv prosesində olan bankların Əmanətlərinin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “borcun silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan bankların Əmanətlərinin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “2(050)-482/2022 saylı xx.xx.2022-ci il tarixli Masallı Rayon Məhkəməsinin qətnaməsi nəzərə alınaraq Bank sistemi üzrə adında əsassız göstərilən borcun silinməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 18 saylı istehlak kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC tərəfindən 30 ay müddətinə illik 26 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia müddəti ötürüldüyündən MM-nin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin kredit tam şəkildə ödənmişdir. Lakin üzərindən illər keçməsinə baxmayaraq, Bank iddia müddətini ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı hakim tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ödəniş edilmiş, hazırkı tələblə bağlı iddia ərizəsi 17 dekabr 2021-ci il tarixdə tərtib edilmiş və 17 yanvar 2022-ci ildə məhkəməyə daxil olmuşdur. Ona görə də, Lənkəran Masallı Rayon məhkəməsinin qətnaməsi ilə LPO "Zaminbank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona, X1 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddiası təmin edilməmişdir. Bundan sonra tərəfindən həm Azərbaycan Respublikasının Mərkəzi Bankına, həm də LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bank sistemi üzrə adında əsassız göstərilən borcun silinməsini xahiş etsə də, istər LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Bankı Bank sistemi üzrə adında əsassız göstərilən borcun silinməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın (Qayda) 3-cü hissəsinə görə məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatları təqdim edir və onların dəqiqliyini təmin etməlidir. Qaydanın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Qaydanın 2.1.2-ci yarımbəndinə görə məlumat təchizatçısı dedikdə - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı başa düşülür. Göründüyü kimi, məhkəmə qərarları istisna olmaqla, MKR-ə məlumatların təqdim edilməsi və ya sonradan həmin məlumatlara düzəlişlərin (dəqiqləşmələrin) aparılması yalnız kredit təşkilatı (və ya onun ləğvedicisi) tərəfindən həyata keçirilir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış **********662 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 30 (otuz) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Sözügeden kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 2600.43 (iki min altı yüz manat 43 qəpik) AZN məbləğində əsas, 2615.38 (iki min altı yüz on beş manat 38 qəpik) AZN məbləğində faiz, 450.99 (dörd yüz əlli manat 99 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5666.80 (beş min altı yüz altmış altı manat 80 qəpik) AZN məbləğində borc öhdəliyi mövcuddur. xx.xx.2022-ci il tarixli 2(050)-482/2022 saylı Masallı rayon Məhkəməsinin qətnaməsinə əsasən bankın üzərinə borcun silinməsi ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış 6-1- 26/2-B-95-0-2521/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1992-ci il tarixli, 15 nömrəli bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 3620/2016 saylı qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi və xx.xx.2016-cı il tarixindən banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. Odur ki, qeyd edilən məsələnin araşdırılması üçün müraciət Fonda göndərilmişdir. Müraciətə baxılmasının nəticəsi ilə bağlı Fond tərəfindən ona və Mərkəzi Banka məlumat təqdim ediləcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 14(011)- 99/22 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, yaranmış mübahisənin həlli ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-cı maddələrində nəzərdə tutulmuş qaydada iddia ərizəsi formasında cavabdehin rəsmi qeydə alındığı yerin (hüquqı şəxsin ünvanının olduğu yerin) məhkəməsinə müraciət etmək hüququ var. Masallı Rayon Məhkəməsinin 2(050)-482/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı, X1 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddiası təmin edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı və İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana 30 (otuz) ay müddətinə qaytarmaq şərti ilə, 5000 (beş min ) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunundan: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1.2. və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin İddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməli olduğundan məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq işin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini mümkün hesab etmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar