Məhkəmə qərarları › İş №2-1(112)-10384/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10384/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10384/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçıin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2001-ci il təvəllüdlü İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 28/1 nömrəli 03 aprel 2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçıin 29 fevral 2024-cü il tarixli vəsatətini təmin edərək İddiaçıə qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan vətəndaşıdır, xx.xx.2001ci ildə Əfqanıstanın Kabil şəhərində doğulmuşdur. O, etnik puştundur və İslamın sünni inancına sadiqdir. O, evlidir və onun atası və bacıları (iki qardaş və iki bacı) kimi digər ailə üzvləri ilə birlikdə hazırda Əfqanıstanda yaşayan iki oğlu var. O, 12 il Sorbi rayonundakı “Arçeşeye Sorubi” orta məktəbində təhsil aldığını, 2017-ci ildə orta məktəbi bitirdiyini, elə həmin il Kabildəki “X4” kollecinin mühasibatlıq fakültəsinə qəbul olduğunu bildirib və 2019cu ildə kolleci bitirib. Ərizəçi 2022-ci ildə 6 ay Əfqanıstanda “X3” təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsində işlədiyini və 1 il ərzində poliomielit peyvəndinin nəticələrinə nəzarət etdiyini qeyd etmişdir. İddiaçı onun musiqiçi və müğənni olduğunu iddia edib ki, bu da Taliban qaydalarına ziddir. Bu, onu 2023-cü ildə qeyri-qanuni yollarla İrana qaçmağa məcbur edib. Daha sonra İrandan Türkiyəyə gedib, lakin yenidən İrana deportasiya edilib. Üç aydan sonra o, xx.xx.2023-cü il tarixdə başqa bir əfqan həmyerlisi ilə Azərbaycan (Naxçıvan) sərhədini qanunsuz keçib. Lakin onlar Naxçıvanda sərhədi qanunsuz keçdikləri üçün tutularaq saxlanılıblar. İki gündən sonra onlar Bakıda Dövlət Sərhəd Xidmətinə təhvil veriliblər. O, Bakıdakı İstintaq Təcridxanasında müvəqqəti saxlanma təcridxanasında saxlanılmışdır. O, İrandan Əfqanıstana deportasiya olunmaq riskindən yaxa qurtarmaq üçün Azərbaycana köçdüyünü bildirmişdir. O, Taliban və maliyyə problemlərinə görə vətənini tərk edib. 05 oktyabr 2023-cü ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətində olduğundan ölkəsində azad şəkildə hərəkət edə bilmir, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmədiyi, Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. Ərizəçi Azərbaycan Hökumətinə sığınacaq üçün ərizə vermiş və 29 fevral 2024-cü il tarixində Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınmışdır. Qaçqın statusunun verilməsi ilə bağlı mənfi qərar Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş və ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 03 aprel 2024-ci ildə DMX İQ-28/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edilmişdir. DMX qərarını onunla əsaslandırmışdır ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-28/1 nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. İddia ərizəsinə etiraz edilir və hesab edilir ki, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ölkəyə qanunsuz yolla İrandan daxil olmuş, buradan isə Türkiyəyə keçmək istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, sərhəd zonasını qanunsuz keçməsinin səbəbi kimi pasportunun olmamasını və Əfqanıstanda yeni pasport almağın baha başa gəldiyini göstərmişdir. Göründüyü kimi, şəxsin Əfqanıstanı tərk etmə səbəbi yalnız iqtisadi vəziyyətlə, maddi imkansızlıqla bağlı olmuş, ölkəsində heç bir təqibə məzuz qalmamışdır. Yüksək həyat şəraiti axtarışında olan İddiaçıin bu arzusuna qanunsuz yollarla çatmaq istəyi başa tutmamış və o, sonuncu çıxış yolun qaçqın statusunun alınmasında görmüşdür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (Pasport: təqdim edilməyib) 29 fevral 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 32-2024 saylı şəxsi iş açılmış, onunla müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Kabil şəhəri, Sorubi rayonu, Mulayan kəndində doğulduğunu, milliyyətcə puştun, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Sorubi rayonunda "Ərçeşeye Sorubi” liseyində 12 il orta təhsil aldığını, 2017-ci ildə orta məktəbi bitirdiyini və həmin il Kabil şəhərində “X4” adlı kollecdə mühasibat uçotu fakültəsinə qəbul olduğunu, 2019-cu ildə kolleci bitirdiyini qeyd etmişdir. Peşəsinin mühasib olduğunu bildirən ərizəçi əmək fəaliyyəti barədə məlumat verərkən 2022-ci ildə Əfqanıstanda 6 ay “X3” adlı təşkilatda ictimaiyyətlə əlaqələr şöbəsində işlədiyini, 1 il iflic əleyhinə vaksinasiyanın nəticələrinə nəzarət etdiyini qeyd etmişdir. İddiaçı evli olduğunu, Nacila Ali adlı Əfqanıstan İslam Respublikası vətəndaşı ilə ailə həyatı qurduğunu, bu nikahdan iki oğlan övladının doğulduğunu, hazırda onların Əfqanıstanda yaşadıqlarını bildirmişdir. Həmçinin ərizəçi, digər ailə üzvləri barədə məlumat verərək atasının Kabil şəhərində yaşayaraq müəllim kimi çalışdığını, anasının 2005-cı ildə vəfat etdiyini, atasının yenidən evləndiyini, hazırda analığının iki qardaş və iki bacısı ilə birlikdə Əfqanıstanda yaşadıqlarını qeyd etmişdir. Bundan əlavə mənşə ölkəsindən kənarda yaşayan qohumları haqqında məlumat verərkən İddiaçı əmisi oğlu Eyyubun və bir qaynının Belçikada yaşadıqlarını bildirmişdir. Əfqanıstan İslam Respublikasını tərk etmə səbəbi haqqında danışarkən ərizəçi hazırda Əfqanıstanda iqtisadi vəziyyətin çox ağır olduğu, həmçinin musiqinin Taliban hakimiyyəti tərəfindən qadağan edildiyi üçün Əfqanıstanı tərk etdiyini bildirmişdir. Ərizəçi təqribən bir il öncə Əfqanıstanı tərk etdiyini, Əfqanıstandan qeyriqanuni yolla Pakistana keçdiyini, Pakistandan qaçaq olaraq İrana getdiyini və iki ay Tehran şəhərində yaşayaraq qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. Tehranda yaşayarkən Cavid adlı bir əfqanın müəyyən məbləğ qarşılığında onu və Obeyd adlı tanışını qanunsuz yolla Türkiyəyə keçirə biləcəyini bildirmiş və onlar da razılaşmışlar. Ərizəçinin sözlərinə görə onların əsas hədəfi Türkiyədən keçməklə Avropa ölkələrinə (Almaniya və ya Belçika) keçmək olmuşdur. İddiaçıin qeyd etdiyi Cavid adlı əfqanın təşkilatçılığı üzrə o və Obeyd adlı tanışı qanunsuz yolla irandan Naxçıvan Muxtar Respublikasına daxil olmuş, burada Cavidin tanışlarının evində bir gün qaldıqdan sonra onlar Türkiyə sərhədinə gətirilərək sərhədin yerləşdiyi yer göstərilmiş və keçmələri ilə bağlı təlimatlandırılmışlar. Sərhədi keçməzdən əvvəl Obeyd adlı tanışı su almaq məqsədilə mağazaya yaxınlaşmış və onların hər ikisi burada polis tərəfindən həbs edilmişdirlər. O, müsahibə zamanı məhz iqtisadi səbəblərə görə Əfqanıstanı tərk etdiyini, öz qohumlarının məskunlaşdığı Almaniya və ya Belçikaya getmək istədiyini etiraf etmişdir. Bu isə onun qaçqın deyil, yüksək həyat şəraiti axtarışında olan iqtisadi miqrant olduğunu gösterir. Digər tərəfdən ərizəçi musiqi ilə məşğul olmasını qeyd etməsinə baxmayaraq ölkəsini tərk etməsinə zəmin yaradan əsas səbəbin musiqinin Taliban hakimiyyəti tərəfindən qadağan edilməsi deyil, məhz maddi imkansızlıq olduğunu qeyd etmişdir. Ərizəçidən nəyə görə pasport alaraq qanuni yolla ölkəsini tərk etməməsi barədə soruşulduqda o, Əfqanıstanda pasport almağın çox baha olduğunu bildirmişdir. Həmçinin ərizəçidən Əfqanıstanda hər hansı bir təhdidlə üzləşməsi barədə soruşulduqda o, belə bir halın baş vermədiyini, sadəcə iqtisadi vəziyyətə görə Əfqanıstana qayıtmaq istəmədiyini qeyd etmişdir. İddiaçıin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o Əfqanıstanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi Əfqanıstanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli İQ-28/1 nömrəli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçıə qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; ... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: İPM-nin: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçıin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar