Məhkəmə qərarları › İş №2-1(112)-10386/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10386/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10386/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun pensiya hüququnun yarandığı xx.xx.2007-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin müraciət edilən tarixdən əvvəlki üç il üçün ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ona 20 may 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda müvafiq indeksləşdirmə aparıldıqdan sonra 260 manat məbləğində əmək pensiyası alır. Ona təyin edilmiş pensiyanın hesablanması düzgün aparılmamışdır. Pensiyaya çıxdığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinə əsasən pensiya məbləği orta aylıq əmək haqqı məbləğinə uyğun təyin edilməli idi. Həmin dövrdə pensiya təyin edilməsi zamanı 2007-2010-cu illərdə işlədiyi peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranan şəxslərə orta aylıq əmək haqqı məbləğinə əsasən pensiya təyin edilməli idi. O, bu barədə cavabdehə müraciət etsə də, müraciətinə bu günə qədər cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, pensiyanın orta aylıq əmək haqqı məbləğinə əsasən hesablanması iş yerindən bununla bağlı verilmiş arayışa əsasən həyata keçirilir. Lakin iddiaçı iş yerindən orta aylıq əmək haqqı barədə arayış təqdim etmədiyinə görə pensiyanın orta aylıq əmək haqqı məbləğinə əsasən hesablanması mümkün olmamışdır. Hazırda da belə bir arayış təqdim edilməmişdir. Bu səbəbdən də iddia əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus PT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Zod mədəni karxanada qazma qurğusunun maşinist şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə eyni yerdə İİİ dərəcəli qazma qurğusunun maşinist köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1977-ci ildə dördüncü dərəcə verilmiş, xx.xx.1978-ci ildə V dərəcə qazma qurğusunun maşinisti dərəcəsi verilmiş, xx.xx.1979-cu ildə Vİ dərəcə verilmiş, xx.xx.1981ci ildə eyni yerdə V dərəcəli çilingər vəzifəsinə köçürülmüş, xx.xx.1982-ci ildə müvəqqəti olaraq Vİ dərəcəli qazma qurğusunun maşinisti işinə keçirilmiş, xx.xx.1983-cü ildə eyni yerdə qazıcı avadanlığın V dərəcəli maşinisti vəzifəsinə köçürülmüş, xx.xx.1983-cü ildə eyni yerdə Vİ dərəcəli qazma qurğusunun maşinist köməkçisi vəzifəsinə köçürülmüş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Spes.Xoz.RU-11 Bakremstroy Tresti İV dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə V dərəcə çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə 287 saylı məktəbə çilingər təyin edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmiş, xx.xx.1996-cı ildə Dövlət Geologiya Komitəsi Axtarış-planlama eksperdisiyası cənubi-talış geofiziki partiyasına geofiziki işlər üzrə üçüncü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1997-ci ildə radiasiya partiyasına geofiziki işlər üzrə 2-ci dərəcəli fəhlə keçirilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin xx.xx.2010-cu il tarixədək olan redaksiyasında qeyd olunur: 10.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixədək olan redaksiyasında qeyd olunur: 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin əmək pensiyası hesablanarkən iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanmamışdır. İddiaçı bununla əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yaradığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən orta aylıq əmək haqqı məbləği nəzərə alınmaqla əmək pensiyasının hesablanması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş yerindən orta aylıq əmək haqqı barədə arayış əldə edilə bilməməsi iddiaçıya əmək pensiyasının qüvvədə olan qanunvericiliyin tələblərinə zidd hesablanmasına əsas vermir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Belə olan halda əldə edilməsi iddiaçı tərəfindən mümkün olmayan sənədin tələb edilməsi, iddiaçının üzərinə belə bir öhdəliyin qoyulması əsassızdır. Əmək haqqı (orta aylıq əmək haqqı) barədə arayış iddiaçı tərəfindən təqdim edilə bilmirsə, inzibati orqan tərəfindən bu barədə məlumatlar oxşar iş yerlərinə, eləcə də aidiyyəti orqanlara müvafiq sorğular verilməklə əldə olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2007-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin müraciət edilən tarixdən əvvəlki üç il üçün İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar