Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10387/2022 23.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə qarşı “Qaradağ rayon İcra məmuru Orxan Göyüşlünün borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı “Qaradağ rayon icra məmuru Orxan Göyüşlünün borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi” iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-(103)-42/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Şəbinə Faiq qızına verilməsi nəzərdə tutulmuşdur. Həmin icra sənədi Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlünün icraatına daxil olmuşdur. Daha sonra xx.xx.2017-ci il tarixdə yazılmış, xx.xx.2017-ci il tarixdə Qaradağ rayon icra şöbəsinə daxil olmuş tələbkar X1 ərizəsində qeyd edilmişdir ki, qeyd olunan alimentin tutulmasından, habelə ərizəni yazdığı günə qədər aliment borcundan imtina edir və işə xitam verilməsini xahiş edir. Lakin Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlü tərəfindən həmin ərizə əsasında icraata xitam verilməsi barədə qərar qəbul etmək əvəzinə, 30 mart 2017-ci il tarixdə "İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında" qərar qəbul edilmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (103)- 42/2017 saylı icra sənədinin icraata qəbul edilmədən icra olunması üçün "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 10 və 24-cü maddələrinə əsasən Qaradağ rayon icra şöbəsinə daxil olmuşdur. Həmin icra sənədi icra məmuru Orxan Göyüşlünün icraatına xx.xx.2022-ci il tarixdə daxil olduqdan sonra, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, 10 gün müddətində tələbin könüllü icrası haqqında bildirişlə birlikdə həmin qərar xx.xx.2022-ci il tarixdə borclu İddiaçı poçt vasitəsilə yaşadığı ünvana göndərilmişdir. Qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə icra məmuru Orxan Göyüşlü tərəfindən borclu İddiaçı telefon vasitəsilə Qaradağ rayon icra şöbəsinə təcili olaraq çağırılmış və səhər saat 10 radələrindən ora gələn İddiaçı həmin şöbədə məcburi qaydada axşam saat 18 radələrinə kimi ac və susuz saxlanılmışdır. Bu zaman onun rabitə vasitələri əlindən alınır, faktiki olaraq təxminən 8 saat müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilir. Bu zaman ərzində o, təhdidlərə və şəxsi ləyaqətinin alçaldılmasına məruz qalır. Daha sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün şəxslə birlikdə Qaradağ rayon məhkəməsinə verilmişdir. Qaradağ rayon Məhkəməsi bu qanunsuz və əsassız inzibati protokolu təmin etməyərək inzibati xəta haqqında icraata xitam vermişdir. Belə ki, tələbkar X2 ərizəsində qeyd etmişdir ki, qeyd olunan alimentin tutulmasından, habelə ərizəni yazdığı günə qədər aliment borcundan imtina edir və işə xitam verilməsini xahiş edir. Belə olan halda, borclunun barəsində icra hərəkətləri aparıla bilməz. Lakin icra məmuru qanunsuz olaraq inzibati protokolda qeyd edir ki, 20.000 manatdan çox aliment borcu yaranmışdır. Bundan başqa, icra məmuru icraata başlamaq haqqında qərarı xx.xx.2022-ci il tarixdə qəbul etməsinə və həmin qərarı 10 gün müddətində tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərdikdən bir gün sonra onu çağırıb barəsində qanunsuz hərəkətlərə yol verməklə, inzibati protokol tərtib etmişdir. Həmin qərar və bildiriş poçt vasitəsilə borclunun ünvanına yalnız xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Hesab edilir ki, Qaradağ rayon icra şöbəsinin icra məmuru Orxan Göyüşlünün qərarı qanunsuzdur. Belə ki, sənədlərdən göründüyü kimi, icraata xx.xx.2022-ci il tarixdə başlanmış, həmin qərar mübahisələndirilmiş, bu barədə icra məmuruna məlumat verilmişdir. Həmçinin, icrata başlanmasından cəmi bir ay keçmişdir, belə olan halda İddiaçı hələlik borcu yoxdur, tələbkar alimentdən və qalıq borcdan ümumiyyətlə imtina edib. Daha sonra Qaradağ rayon məhkəməsinə müraciət olunaraq Qaradağ rayon İcra şöbəsinin icra məmuru Orxan Göyüşlünün "borclunun məcburi gətirilməsi haqqında" qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Lakin Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmış və bu məsələ ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur.İddiaçı bu qanunsuz hərəkətlərə son qoyulması üçün qəti tədbirlər görülməsini, bu icra işi xüsusi nəzarətə götürülməsini xahiş edir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına ciddi şəkildə riayət edilsin, Azərbaycan Respublikası Konstitusiyası və digər Qanunlarla qorunan hüquqlarımızın əhəmiyyətli dərəcədə pozulmasına yol verilməsin. Hesab edir ki, həmin qərar əsassızdır, qanuna söykənmir və belə olan halda ləğv olunmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şirinova (Kərimova) Şəbinə Faiq qızına verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-(103)-42/2017 saylı qətnaməsinin icrası ilə bağlı Qaradağ rayon icra məmurunun borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə)bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında (icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, yəni Qaradağ Rayon Məhkəməsi) tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı “Qaradağ rayon İcra məmuru Orxan Göyüşlünün borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı “Qaradağ rayon İcra məmuru Orxan Göyüşlünün borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3t Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10387/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10387/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver