Məhkəmə qərarları › İş №2-1(112)-1039/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1039/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1039/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “vurulmuş real ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən ona vurulmuş 10.039.000 (on milyon otuz doqquz min) manat real ziyan, 27.120.000 (iyirmi yeddi milyon yüz iyirmi min) manat əldən çıxmış gəlirin alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Cavanşir küçəsində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 2007,8 kv.m olan torpaqda 339 kv.m ölçüsü olan qeyri-yaşayış binası Xətai rayon İcra şöbəsinin işçiləri tərəfindən qanunsuz sökülmüş və torpağa gedən yol bağlanmaqla həmin torpaqdan istifadə hüquqlarından məhrum olmuşdur. Bununla ona 10.039.000 manat faktiki ziyan, 27.120.000 isə əldən çıxmış gəlir şəklində ziyan vurmuşlar. Cavabdeh təşkilat onun müraciətinə cavab olaraq bildirmişdir: “Sadıqcan, Əbilov və Zığ yolu küçələrinin əhatə dairəsində yerləşən “Gənclik” parkında abadlıq işləri çərçivəsində qırx mindən çox ağac əkilmişdir. Ərazinin planı işlənilmiş və hazırda abadlıq-quruculuq işləri həyata keçirilir. “Gənclik” parkı ərazisində abadlıq işlərinə maneçilik yaradan yarım sökülü vəziyyətdə olan tikilinin köçürülməsi zəruriyyəti yaranmışdır. Odur ki, qeyd olunan yarım tikilinin köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirmə aparılaraq vəsait Kapital Banka sizin adınıza olan hesaba köçürülmüş və tikili sökülərək yerində təmizlik işləri aparılmışdır”. Qanun dövlət ehtiyacları üçün torpaqların alıması barədə qərar qəbul edilməsi üçün yalnız Nazirlər Kabinetinə səlahiyyət vermişdir. Maliyyə Nazirliyinin, nə də icra hakimiyyəti orqanlarının bu barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Qanunların tələbinin əksinə olaraq Xətai Rayon İcra Hakimiyyətinin işçiləri iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq heç bir ictimai zərurət və qanuni əsas olmadan zor tətbiq etməklə mülkiyyətində olan qeyri-yaşayış binasını sökmüş, həmin torpağa gedən yolu isə dəmir lövhələrlə bağlamaqla onu torpaqdan istifadə etmək imkanından məhrum etmişlər. İddiaçı pandemiyadan sonra qeyri-yaşayış tikilinin yerində 16 mərtəbəli yaşayış binası inşa etmək fikrində idi. Mülkiyyətində olan torpağın yerləşdiyi ərazi çox qiymətli yer olduğu üçün onun hər kv.m 5000 man. dəyərində hesablanmaqla ümumi torpağın qiyməti - 2007,8 kv.m x 5000=10039000 (on milyon otuz doqquz min manat), 339 kv.m sahəsi olan tikilinin yerində 16 mərtəbə bina inşa etdirəcəkdi və bununla o, 1.695.000 x 16=27120000, yəni 27.120.000 manat (iyirmi yeddi milyon yüz iyimi min) əldə edə biləcəyi qazanc əlindən çıxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-6675/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qəbul olunan dövlət proqramları çərçivəsində iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, abadlıq-quruculuq işlərinin sürətlənməsinə, sosial məsələlərin həlli istiqamətində iri miqyaslı işlər görülməsinə şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar rayon ərazisində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyriyaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Köçürülməyə məruz qalan qeyriyaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 189 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Belə ki, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən yarımtikili üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3 bəndi nəzərə alınaraq təyin olunmuş bazar qiymətinə 20% əlavə haqq ödənilməklə tikilinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, daş hasar tikilisinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 36 (otuz altı) manat müəyyənləşdirilərək İddiaçı təklif olunmuşdur. Belə ki, Cavanşir küçəsi 29 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə görə ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır: 1. Tikili sahəsi 309.80 kv.m üçün (309.80 x 300 manat) = 92.940 manat, 2. Daş hasar sahəsi 196.0 kv.m üçün (196.0 kv.m x 36 manat) = 7.056 manat. Beləliklə, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsində mövcud yarımtikilinin 309,80 kv.m tikilisi və 196,0 kv.m daş hasar sahəsi üçün cəmi alacağı təzminat 99.996 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat pul məbləği qiymətləndirilərək vəsait ödənilmiş və sökülmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlannın Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 439-a nömrəli qeydiyyat vəsiqəsinə əsasən Baş X1, Mülkiyyət Hüquqlannın Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ondan ötrü ki, Bakı şəhərində Xətai rayonu, Cavanşir küçəsində yerləşən 29 nömrəli qeyri-yaşayış binası ümumi sahəsi - 309.8 kv.m olmaqla İddiaçı adına mülkiyyət hüququ əsasında tam payda verilir. Bu, 06 fevral 2004-cü il tarixdə 02 nömrəli reyestr kitabında 10 səhifədə 439-a reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 564 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - xx.xx.2021-ci il tarixli Razılaşma aktına komissiya bu aktı tərtib edir ondan ötəri ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi zərurəti yaranmışdır. Belə ki, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən, İddiaçı məxsus ümumi sahəsi 309,80 kv.m olan olan qeyri-yaşayış sahəsi üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20% əlavə haqq ödənilməklə tikilinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, daş hasar tikilisinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 36 (otuz altı) manat müəyyənləşdirilərək İddiaçı təklif olunmuşdur. Belə ki, Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə görə ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır: 1. Tikili sahəsi 309,80 kv.m üçün (309,80 x 300 manat) = 92.940 manat,

2. Daş hasar sahəsi 196,0 kv.m üçün (196,0 kv.m x 36 manat) = 7.056 manat. Beləliklə, rayonu, Cavanşir küçəsi 29 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 309,80 kv.m tikilisi və 196,0 kv.m daş hasar sahəsi üçün cəmi alacağı təzminat 99.996 (doxsan doqquz min doqquz yüz doxsan altı) manatdır. Vətəndaş İddiaçı akta imza atmaqdan imtina etmişdir. - “PRİVAT Co” firması tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 11/04-DƏ nömrəli məktubda bildirilmişdir ki, sizin müraciətinizə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən, İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin bazar dəyəri ilə qiymətləndirilməsi aparılmışdır. Əmlakın bazar dəyərinin qiymətləndirilməsi 03 noyabr 2020-ci il tarixinə aparılmışdır və qiymətləndirmə tarixi ilə üst-üstə düşür. Bizim sərəncamımızda olan məlumatların təhlilinin nəticəsinə əsasən qiymətləndirilən daşınmaz əmlakın bazar dəyəri məhdudlaşdırıcı şərtlər və edilmiş ehtimallar, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20,0% əlavə haqq ödənilməklə İddiaçı məxsus olan qeyriyaşayış sahəsi üçün kompensasiya məbləği: 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat hesablandı və ayrı-ayrı əmlakların qiymətləri aşağıdakı kimidir: mülkiyyətçi: İddiaçı; ünvanı: ünvan 3ri-yaşayış sahəsi - 309,8 kv.m, cəmi - 309,8 kv.m; digər tikililər: daş hasar - 196 kv.m, cəmi - 196 kv.m; 20% əlavə ödənməklə vahidinin qiyməti: qeyri-yaşayış sahəsi - 300, daş hasar - 36; məbləği: qeyri-yaşayış sahəsi - 92940,0, daş hasar - 7056,0, cəmi - 99996,0. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 831 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin köçürülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini təsdiq edən sənədlərin surətindən görünür ki: - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən Xətai Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" ASC-nin hesabına 326000,00 manat məbləğində “Gənclik” parkı ərazisində qeyri-yaşayış sahələrinin köçürülməsi üçün kompensasiya köçürülmüşdür. - Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyri-yaşayış sahələrinin köçürülməsi üçün kompensasiya köçürüləcək sakinlərin siyahısında İddiaçı alacağı vəsaitin məbləği 99996,00 manat göstərilmişdir. Məhkəmənin 2-1(112)-6675/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirilmə təyin edilmiş, qiymətləndiricinin qarşısında aşağıdakı sual qoyulmuşdur: ünvan 2 ünvanında mövcud olmuş və sökülmüş tikililərin bazar dəyərinin söküntü aparılan dövrdə (2020-ci ilin noyabr-dekabr ayında) məbləği nə qədər olmuşdur? Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubunda bildirilmişdir ki, qərardadda qeyd olunan daşınmaz əmlak söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır Məhkəmənin 2-1(112)-1039/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ödənilmiş kompensasiya məbləğinin (99996,00 manat) ödənildiyi hesabdan məxaric edilib-edilməməsi, edildiyi halda kim tərəfindən və hansı tarixdə məxaric edildiyi barədə məlumatın təqdim edilməsinin "xxxx" ASC tərəfindən 10 gün müddətində təmin edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-3098 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı köçürülən 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat vəsaitdən 0.8 % xidmət haqqı tutularaq xx.xx.2021-ci il tarixdə 99196,03 (doxsan doqquz min bir yüz doxsan altı,03) manat vətəndaşın özü tərəfindən məxaric edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, Ə-80/2-150 nömrəli məktubda bildirilmişdir ki, sizin Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Müraciətinizdə Cavanşir küçəsi 29 ünvanında yerləşən sizə məxsus tikilinin köçürülməsi ilə əlaqədar qanunsuz müdaxilə edildiyini və yaranmış vəziyyətlə əlaqədar dəymiş ziyanın ödənilməsini bildirərək, köməklik göstərilməsini xahiş edirsiniz. Məlumat üçün bildirilir ki, Sadıqcan, Əbilov və Zığ yolu küçələrinin əhatə dairəsində yerləşən “Gənclik” parkında abadlıq işləri çərçivəsində qırx mindən çox ağac əkilmişdir. Ərazinin planı işlənilmiş və hazırda abadlıq-quruculuq işləri həyata keçirilir. “Gənclik” parkı ərazisində abadlıq işlərinə maneçilik yaradan yarım sökülü vəziyyətdə olan tikilinin köçürülməsi zəruriyyəti yaranmışdır. Odur ki, qeyd olunan yarım tikilinin köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirmə aparılaraq vəsait Kapital Banka sizin adınıza olan hesaba köçürülmüş və tikili sökülərək yerində təmizlik işləri aparılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində abadlıq-yenidənqurma işləri ilə əlaqədar iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülmüşdür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh tərəfindən kompensasiya məbləği hesablanaraq müvafiq bank hesabına köçürülmüşdür. İddiaçı hazırkı iddiasında cavabdehin qanuni əsas olmadan qeyri-yaşayış sahəsini sökdüyünü, tikilinin yerləşdiyi torpaqdan istifadə etmək imkanından məhrum edildiyini, qeyri-yaşayış sahəsinin yerində 16 mərtəbəli yaşayış binası inşa etmək fikrində olduğunu, bununla da ona torpağın alınması ilə bağlı real zərərin və tikilinin yerləşdiyi ərazidə inşa etdirəcəyi 16 mərtəbəli binaya görə əldən çıxmış qazancın ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçının kompensasiyanın ödənilməsi ilə bağlı tələbi iki hissədən ibarətdir: -qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın hər kv.m 5000 man. dəyərində hesablanmaqla ümumi torpağın qiyməti - 2007,8 kv.m x 5000=10039000 (on milyon otuz doqquz min manat) manatın; -339 kv.m sahəsi olan tikilinin yerində inşa etdirəcəyi 16 mərtəbə binaya görə 1.695.000 x 16=27120000, yəni 27.120.000 manat (iyirmi yeddi milyon yüz iyimi min) əlindən çıxmış qazancın ödənilməsi. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, torpaqların dövlət ehtiyacları üçün alınması əsasları qanunvericiliklə dəqiq müəyyən edilmiş, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması iş materialları ilə müəyyən edilmir. Hazırkı iş üzrə Sadıqcan, Əbilov və Zığ yolu küçələrinin əhatə dairəsində yerləşən “Gənclik” parkında abadlıq işləri çərçivəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının torpaq sahəsinə və üzərində mövcud olmuş tikiliyə dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi” varmı? İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 29 nömrəli ümumi sahəsi 309.8 kv.m olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlannın Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi 439-a nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olmuşdur. Göründüyü kimi qeyri-yaşayış sahəsi dair iddiaçının xüsusi mükiyyət hüququ mövcud olmuş və həmin tikilinin sökülməsi iddiaçının mülkiyyət hüququna müdaxilə hesab olunur və bu halda iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunubolunmamasının qiymətləndirilməsi mübahisələndirilə bilər. İşin hallarından müəyyən olunur ki, cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin müraciəti əsasında İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin “Privat Co” firması tərəfindən 03 noyabr 2020-ci il tarixinə bazar dəyəri ilə qiymətləndirilməsi aparılmış, qiymətləndirilən daşınmaz əmlakın bazar dəyəri məhdudlaşdırıcı şərtlər və edilmiş ehtimallar, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20,0% əlavə haqq ödənilməklə qeyri-yaşayış sahəsi üçün kompensasiya məbləği: 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat hesablanmış və cavabdeh tərəfindən ödəniş tapşırığına əsasən həmin məbləğ "xxxx" ASC-nin hesabına ödənilmişdir. İddiaçının qeyriyaşayış sahəsinin sökülməsi ilə bağlı xx.xx.2021-ci il tarixli razılaşma aktına imza etməkdən imtina edildiyi qeyd edilsə də iddiaçı köçürülən vəsaiti hesabdan məxaric etmişdir. İddiaçı tərəfindən qeyri-yaşayış binasının dəyərinin düzgün hesablanmadığına dair hər hansı sübut təqdim edilmədiyini, eləcə də iddiaçı cavabdeh tərəfindən tikili ilə bağlı bank hesabına ödənilmiş kompensasiya məbləğini qəbul etdiyini və ödənilmiş məbləğlə razılaşmamasını əsaslandıran halları məhkəməyə təqdim etmədiyini, cavabdehin müraciəti ilə keçirilən qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına alan sübutların müəyyən olmadığını nəzərə alaraq məhkəmə qeyri-yaşayış sahəsinin sökülməsinə görə iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq ödənilmiş 99996,00 manat kompensasiya ödənilməsini ədalətli və ağlabatan hesab edir. İddia ərizəsinin məzmunundan, eləcə də iddia tələbindən görünür ki, iddiaçı əsasən sökülmüş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı kompensasiyanın öədnilməməsindən narazıdır. İşin hallarından müəyyəndir ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş olsa da tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz mlakın dövlət reyestində qeydə alınmamışdır. Qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq dövlət mülkiyyətində, iddiaçının isə istifadəsində olmuş, bu istifadə hüququ məhz üzərində yerləşən qeyri-yaşayış sahəsindən istifadə imkanı ilə bağlı olmuşdur. Əks halda qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə dair müvafiq icra hakimiyyəti ilə bağlanmış ayrıca icarə müqaviləsi və yaxud mülkiyyət hüququna istinad edilirsə xüsusi mülkiyyət əsasında qeydə alınması üçün torpaq sahəsinin ayrıca müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında özəlləşdirilməsi tələb olunurdu. Hazırkı halda iddiaçının mülkiyyətində olmuş qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya özəlləşdirilməsi barədə sənədlər (qərar, alqı-satqı müqaviləsi, müvafiq şəhadətnamə və s.) müəyyən olunmamışdır. Belə olan halda yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin predent hüququna əsasən iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Eləcə də iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində tikilinin yerində inşa etdirəcəyi 16 mərtəbə binaya görə əldən çıxmış faydanın ödənilməsi tələbi də nə qeyd edildiyi kimi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, nə də inşa etdirəcəyi binaya dair müvafiq tikintiyə icazələr, təsdiq olunmuş lahiyə, torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı sərəncam, müqavilə və s. sənədlər təqdim edilmədiyindən “gələcəkdə çoxmərtəbəli binanın inşa ediləcəyi fərziyyəsi “qanuni gözlənti” əsasını yaratmır və bu halda mövcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “vurulmuş real ziyanın və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar