Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10391/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, onun adına 20.01.1962-ci il tarixli 213 saylı doğum haqqında akt qeydi ilə qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23.12.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə şəhadətnamə 20.01.1962-ci il tarixli, 213 saylı doğum haqqında akt qeydi ilə qeydiyyata alınmışdır. O, şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN” Xidmət Mərkəzinə yaxınlaşsa da doğum haqqında şəhadətnaməni itirdiyi üçün bu səbəbdən şəxsiyyət vəsiqəsi almağa müraciət edə bilməmişdir. Buna görə də məcbur olaraq 01 sentyabr 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona təkrar şəhadətnamənin verilməsini onlardan xahiş etmişdir. Cavabdeh 03 sentyabr 2021-ci il tarixli məktubla ona təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. İmtina məktubunda səbəb kimi onun şəxsiyyət vəsiqəsinin olmaması göstərilərək ona məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün o, doğum haqqında təkrar şəhadətnaməni götürə bilmir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək göstərmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış Qeydiyyat informasiya sistemi”nə daxil edilmiş İddiaçı adına Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 20.01.1962-ci il tarixli, 213 saylı qeydə alınmış doğum haqqında akt qeydi qeydə alınması aşkar olunmuşdur. Bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarxli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “X1 dövlət qeydiyyatı Qaydası"-nın 9.7.-ci bəndində 16 yaşına çatmış şəxslərə onların X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Hal hazırda vətəndaşın şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnaməni məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı iş üzrə məhkəmənin iclasında Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılması məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-9192/13 №-li, 30.09.2021-ci il tarixli və 05/2-9715/13 №-li, 13.10.2021-ci il tarixli məktublara əlavə edilmiş 213 №-li, 20 yanvar 1962-ci il tarixli doğum aktı qeydinin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 23.12.1961-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası isə X3 qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-18554-1221 №-i, 22.11.2021-ci il tarixli məktubdan görünür ki, 23.12.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla 09.03.1989-cu il tarixdə XXƏ-JQ 697231 nömrəli köhnə nümunəli (keçmiş SSRİ) pasportu ilə təmin edilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 05/Q- 1184/15 №-li, 03.09.2021-ci il tarixli məktubdan görünür ki, onun doğum haqqında təkrar şəhadətnamənin istənilməsinə dair müraciətinə baxılmışdır. Hal-hazırda onun şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnaməni məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət olunur. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinin tələbinə görə X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitabdakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətlərı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - 162.1-ci maddəsinə əsəsasn X1 qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X1 dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. X1 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. - 1.14-cü bəndinə görə X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - 9.1-ci maddəsinə görə X1 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X1 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X1 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. - 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə təqdim edirlər. - 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; dövlət rüsumunun ödənilməsi barədə sənəd; ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının doğumu barədə tərtib olunmuş 213 nömrəli, 20.01.1962-ci il tarixli akt qeydinin surəti məhkəməyə təqdim olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı onun adına tərtib edilmiş doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı onun adına tərtib edilmiş doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10391/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10391/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver