Məhkəmə qərarları › İş №2-1(112)-10393/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10393/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10393/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin məktubunun qanunsuz hesab edilməsi və iddiaçıların yaşadığı ünvan 4ə pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 nəfər ailə üzvləri ilə bərabər faktiki olaraq 1989-cu ildən ünvan 1 ünvanında yaşasalar da, evləri hələki dövlət reyestrindən mülkiyyət kimi qeydiyyatdan keçmədiyi üçün ailəvi olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmışlar. Müvafiq polis idarəsində artıq 10 ildən çoxdur ki, qeydiyyatda idilər. 2022-ci ilin sonunda cavabdeh ailə üzvlərini inzibati binadakı qeydiyyatdan qanunsuz olaraq çıxarmışdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, yaşadıqları evə qeydiyyata düşsünlər. Halbuki onların qeydiyyatdan çıxarılmaqları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi 2003-cü il tarixli Plenum qərarına zidd idi. Əvvəlcə, polisin inzibati binasına qeydiyyatlarını bərpa etdirmək üçün yenidən polis idarəsinə müraciət etmişlər. Sonra isə xahiş etmişlər ki, əgər mümkün deyilsə, 6 nəfər ailə üzvlərini özlərinin inşa etdikləri Hövsan qəsəbəsindəki evə qeydiyyata salsınlar. Lakin hər iki xahişlər rədd edilmiş və bu barədə xx.xx.2023 cü il tarixli 3-13-54/271-31132/11/23 saylı rəsmi imtina məktubu ünvanlanmışdır. Cavabdehin bu hərəkəti nəinki Konstitusiya Məhkəməsinin Qərarına, həmçinin “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Həmin Qanunun 5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Onların yaşadıqları və olduqları yer Hövsandakı evləridir. Evlərinin texniki pasportu və yerli bələdiyyənin hesabatı da var. Evin bütün kommunal xərclərini ödəyirlər. Onlar həmin evin faktiki mülkiyyətçisidirlər. Cavabdeh inzibati orqan ailə üzvlərini və onu müvafiq evə qeydiyyata almamaqla hərəkətsizlik edir. Ailə üzvlərinin qeydiyyatdan çıxarılmaları nəticəsində heç biri bank, poçt və s. xidmətlərdən istifadə edə bilmir, maaş və pensiya kartlarını ala bilmirlər. Hal-hazırda anası X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı verdiyi eyni predmetli inzibati iş üzrə iddia ərizəsi Bakı İnzibati Məhkəməsində icraatdadır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 2246 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X2 və onun ailə üzvləri – oğlu İddiaçı3, oğlu İddiaçı2, gəlini İddiaçı1, nəvəsi İddiaçı5, nəvəsi İddiaçı4 və X6 həqiqətən ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən təsdiq edilmiş və Z.F.İbrahimova (Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Maqazin küçəsi 16), D.R.İbrahimov (Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Maqazin küçəsi 16), M.Ə.Əzimov (Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Maqazin küçəsi 12) və Y.M.Əliyeva (Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Maqazin küçəsi 30) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən X3 və onun ailə üzvləri 15 ildən çoxdur ki, faktiki olaraq onların mülkiyyətində olan Bakı şəhəri Hövsan qəsəbəsi Maqazin küçəsi 17 saylı fərdi evdə faktiki olaraq bir təsərrüfatda yaşayırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 29209/2023 **********09 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Mağaza küçəsi 17 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən iddiaçılara Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək qeydiyyata alınmaq üçün müraciət etdikləri evə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. III. Məhkəmənin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, birgə iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla yanaşı, məhkəmə tərəfindən bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçılar tərəfindən evə dair yaşayış sahəsinə köçmək üçün əsas verən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, birgə iddiaçıların ünvan 4 ünvanı ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılıqlarının (əlaqənin) mövcudluğu müəyyən olunmur. Belə olan halda cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar