Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10394/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon Polis İdarəsinə qarşı X10, X8 məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi,açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1986-cı il təvəllüdlü X3 onun övladı 2009-cu il təvəllüdlü X13 və 2018-ci il təvəllüdlü X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 157 nömrəli evin, 2 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10394/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə X10, X8 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxslər tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətindən onun adına qeydiyyatdan keçərək hal-hazırda onun mülkiyyətindədir. Qeyd olunan mənzili o Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında hərrac yolu ilə almış, sonra X8 hərracın keçirilməsi haqqında protokolun ləğv edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldırmışdır. İş məhkəmədə baxılan zaman X8 ilə aralarında barışıq sazişi bağlanmış və Nərimanov rayon məhkəməsinin 04.06.2021-ci il tarixli 2(005)- 203/2021 saylı qəradadı ilə barışıq sazişi təsdiq edilmişdir. Həmin saziş əsasında Ramil Abullayevə 6000 manat pul verdikdən sonra o evi boşaldacığını öhdəliyinə götürmüş, amma buna baxmayaraq Ramil Abdullayevin oğlu 2018- ci il təvəllüdlü X11 və bacısı 1986-cı il təvəllüdlü X10 və Minayə Babayevanın oğlu 2009-cu il təvəllüdlü X15 evi boşaltsalarda onlar evdən şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatdan çıxmamışdır. 2018-ci il təvəllüdlü X4, X3 və onun övladı 2009-cu il təvəllüdlü X12 mülkiyyətində olan Bakı şəhəri. Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 157 nömrəli evin, 2 mənzilindən qeydiyyatdan çıxarılması üçün tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 04.08.2021-ci il tarixli imtina məktubu ilə cavab verilərək adlarını göstərdiyi şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmə qətnaməsi əsasında mümkün olmasını və bununla bağlı məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər və cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 08.10.2021ci il tarixli 082-37426 nömrəli məktubla müraciət edərək, şifahi məhkəmə baxış iclasının onların polis idarəsinin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı X3, onun oğlu X12 və X4 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. İş materiallarında olan sənədlər : - Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04.08.2021ci il tarixli, 082-26868H-3221 nömrəli məktub ilə X3, onun oğlu X12 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 08.09.2021-ci il tarixli, ******* nömrəli arayışda 1986-cı il təvəllüdlü X3, onun oğlu 2009-cu il təvəllüdlü X12 və 2018-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatda olduğu qeyd edilmişdir. - Məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya **********90 nömrəli, 11 oktyabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanı 40 saylı hərrac yekunları barədə protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı adına ********** qeydiyyat nömrəli, 28.08.2020-ci il tarixli çıxarış ilə qeydiyyata alınmışdır. X2, onun oğlu X12 və X1 ünvan üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilmədiyi qeyd edilmişdir. - Eyni zamanda məktuba qoşma kimi əlavə edilmiş X5 Yekunları barədə 40 nömrəli protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 157, 2 nömrəli mənzil hərrac yolu ilə İddiaçı satılmışdır. - Məktuba qoşma kimi əlavə edilmiş digər bir sənəd olan 28.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən aydın olur ki, **********66-05101-093002 reyestr nömrəli daşınmaz əmlak olan ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2 (005)-203/2021 nömrəli, 04.06.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı ilə X9 arasında barışıq sazişi bağlanılmış, İddiaçı ödəyəcəyi 6000 manat məbləğində pul vəsaiti müqabilində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 157, 2 saylı mənzili X9 1 ay müddətində (hər bir halda 04 iyul 2021-ci il tarixdədək) özü və ailə üzvləri ilə birlikdə mənzildən çıxmaqla tam boşaldaraq İddiaçı təhvil verəcək. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: İlk öncə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi, sözügedən ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmayanların yaşayış yeri mülki qanunvericliyə əsasən anasının və atasının yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxslərin istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X3, onun oğlu X12 və X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. ünvan 1 ünvanından X3(16.06.1986-cı il təvəllüdlü), X12 (02.01.2009-cu il təvəllüdlü) və X4 (17.03.2018-ci il təvəllüdlü) qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-10394/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10394/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver