Məhkəmə qərarları › İş №2-1(112)-10394/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10394/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10394/2025 05.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X1 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxslər X4, X11, X16, X20) “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzilə dair mülkiyyət hüquqlarının mərhum anası X9 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə X4, X11, X16, X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, mərhum anası X15 26 sentyabr 1995-ci il tarixdə vəfat etmişdir. Mərhum anası X9 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzilinin istifadəyə verilməsinə dair keçmiş Nizami rayon XDS İK-nin (indiki Nizami RİH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli, 63/8075 saylı qərarı mövcuddur. Vərəsəlik işinin açılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin 24 iyul 2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatı”nın 7-ci bəndinə əsasən, Z.M.Filippova adına 37 saylı arayışın verilməsi üçün X2 miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 37 saylı arayışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzil X7 vəfat etdiyi tarixədək istifadəsində olmuşdur. Yəni, bununla bağlı imtinanın verilməsi üçün əsas yoxdur. Bundan başqa qeyd etmək istərdi ki, Suraxanı rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilmişdir. Lakin mənzilə dair icarə müqaviləsi barədə məlumat verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir.

4. Cavabdehin imtina məktubunda qeyd olunmuşdur ki, X12 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair X5 adına kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN xidmət” mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, X12 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin, 1 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair X5 adına kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi bildirilmişdir. Bundan əlavə qeyd olunan ünvana idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev, ev 29, m 1, mənzil 2 otaqdır. Mənzilə vizual baxış zamanı məlum oldu ki, mənzil, 5 mərtəbəli binanın 1-ci mərətəbsində 1-ci girişində (1-ci qapı) yerləşir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş keçmiş Nizami rayon XDS İK-nin xx.xx.1984-cü il tarixli, 63/8075 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 29 saylı evin 1 saylı mənzili X15 (özünün) və X8 (qızının) istifadəyə verilməsinə dair qərar verilmişdir.

8. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.1984-cü il tarixli 217198 nömrəli orderdə qeyd edilmişdir ki, Hövsan qəsəbəsi, 29 saylı evin 1 saylı mənzilə dair X9 (özü) və X3 (qızı) order verilmişdir.

9. Məhkəmə sorğusu əsasında əldə edilmiş Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X4, X11, X16 və X17 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilmədir.

10. Məhkəmə sorğusu əsasında əldə edilmiş Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il 3-52-13-11/2-367/2025 nömrəli məktubu ilə aidiyyəti üzrə sözügedən ünvana xidmət göstərən Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 104 saylı MKİS-nin x/76 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmə sorğusu əsasında əldə edilmiş 104 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanı 217198 saylı 21 noyabr 1984-cü il tarixli orderlə Fillipova Zoyaya verilmişdir. Hal-hazırda mənzildə aşağıda adları qeyd olunan şəxslər qeydiyyatdadırlar və yaşayırlar. X18 – xx.xx.1965, X11 – xx.xx.1990, X16 – xx.xx.1991, X20 – xx.xx.1997.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-T seriyalı 062715 nömrəli nikah haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X6 ilə X8 arasında olan nikah xx.xx.1986-cı il tarixdə qeydə alınmışdır.

13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli AZ-T seriyalı 264387 nömrəli doğum haqqında şəhadətnamə qeyd edilmişdir ki, X8 xx.xx.1966-cı il tarixdə doğulmuşdur. X19 Vasilyeviç ilə anası X10.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

İİ İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

21. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. İddia mümkündür.

İİİ Məhkəmənin mövqeyi

23. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.1984-cü il tarixli 217198 nömrəli orderə əsasən Hövsan qəsəbəsi, 29 saylı evin 1 saylı mənzil X15 (özü) və X3 (qızı) verilmişdir. X15 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı məhkəməyə müraciət edərək vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.

24. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

30. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamının olmamasını əsas göstərmişdir.

31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.

32. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.

33. Normaların məzmunundan da göründüyü kimi qanunvericilik mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik olan şəxslərin dairəsini dəqiq müəyyən etmişdir. Belə ki, hüquqmüəyyənedici sənəddə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, onlardan birinin mülkiyyətinə keçməsi üçün digər faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mütləq şərtdir.

34. Hazırkı işdə mənzildə faktiki yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin mübahisə predmetini təşkil edən əmlakın mülkiyyət hüququ ilə X9 məxsus olmasına dair razılığının olduğu müəyyən olunmur. İddiaçı onların razılığını ifadə edən müvafiq ərizələri məhkəməyə təqdim edə bilmədi.

35. Bununla yanaşı qeyd edilməlidir ki, üçüncü şəxslər sözügedən mənzilə qeydiyyata düşdükdən və faktiki yaşamağa başladıqdan sonra iddiaçı və mərhum anası həmin mənzildən qeydiyyatdan çıxmışdırlar.

36. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

37. Göründüyü kimi iddiaçı və mərhum anası mübahisəli mənzildən qeydiyyatdan çıxaraq başqa yerə getdiklərinə görə faktiki olaraq həmin mənzildən imtina etdiklərini nümayiş etmişdirlər.

38. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən mənzilə dair iddiaçının “qanuni gözləntisi” olmadığı üçün arayışın verilməsi tələbi təmin edilməməlidir.

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar