Məhkəmə qərarları › İş №2-1(112)-10396/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10396/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10396/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5888/2021 saylı qərardadı ilə tərəflər arasında təsdiq edilmiş barışıq sazisi əsasında Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evin tam mülkiyyət hüquqlarının X3 adına, Bakı şəhəri,Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 3 otaqlı 48C saylı evin 7 saylı mənzilə dair tam mülkiyyət hüquqlarının onun adına rəsmiləşdirilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadı ilə tərəflər arasında təsdiq edilmiş barışıq sazişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 3 otaqlı 48 C saylı evin 7 saylı mənzilinə dair tam mülkiyyət hüquqlarının onun yəni, İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyinin DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun keçmiş əridir, onunla aralarındakı nikah qeydi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında ləğv edilmiş və xx.xx.2020-ci il tarixli nikahın pozulması haqda şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-531/2020 saylı qətnaməsi ilə onun cavabdeh X4 qarşı qaldırdığı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsinə dair tələbi təmin edilmiş, ünvan 1, 7 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evinin və “Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsinə mülkiyyət hüquqları tanınmış, hazırda həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-386/2021 saylı qətnaməsi ilə cavabdeh X4 qarşı qaldırdığı paylı mülkiyyətdə olan ünvan 1, 7 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evinin naturada bölünməsinə dair tələbi təmin edilməmişdir. Məhkəmənin belə bir nəticəyə gəlməsinə əsas iş üzrə verilmiş məhkəmə ekspert rəyləri ilə hər iki əmlakın tərəflər arasında texniki cəhətdən bölünməsinin mümkün olmaması müəyyən edilməsi olmuşdur. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsində X4 qarşı paylı mülkiyyətlərində olan dəyəri 200.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evin onun, dəyəri 210.000 manat olan 80.90 kv. metr sahəli ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin X3 mülkiyyətində saxlanılması, “Mitsubişhi Pajero” markalı,**-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərracdan satılmaqla əldə edilmiş vəsaitin paylara uyğun tərəflər arasında bölünməsi, qeyd edilmiş bölgü mümkün olmadığı təqdirdə hər üç əmlakın herracdan satılmaqla əldə edilmiş vəsaitlərin paylara uyğun aralarında bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadı ilə X5 ilə aralarında mübahisənin predmeti olan əmlaklara dair bağlanmış barışıq sazişi təstiq edilmiş, birgə nikah dövründə əldə edilmiş və bərabər paylarla aralarında bölünmüş ünvan 1, mənzil 7 tam mülkiyyət hüququ ilə onun adına, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi 28 saylı yaşayış evinin və “Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının tam mülkiyyət hüquqları X3 adına müvafiq dövlət reyetr və qeydiyyat orqanlarında adlarına qeydiyyata alınması qərara alınmışdır. Qeyd edilmiş qərardad qanuni qüvvəsini aldıqdan sonra Yasamal rayon icra şöbəsi tərəfindən icra vərəqəsi icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, sonuncunun xx.xx.2022- ci il tarixli **********38 saylı, xx.xx.2022-ci il tarixli, **********11 saylı və xx.xx.2022-ci il tarixli, **********05 saylə məktubları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5888/2021 saylı qərardadı ilə MPM-nin 191-ci maddənin tələblərinə istinad edərək, mübahisənin predmeti olan əmlaklara dair tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edildiyini, həmin qərardadla reyestr xidmətinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığını və barışıq sazişinin dövlət reyestrində qeydə alınması üçün əsas olmadığını göstərilməklə icra sənədi icra edilmədən geri qaytarılmışdır. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadı mübahisə predmeti olmuş Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə və ünvan 1ünvanında yerləşən 7 saylı mənzilə dair X5 ilə aralarında barışıq müqaviləsi təstiq olunmuş olsa da, həmin əmlaklardakı paylarının tam mülkiyyətlərinə rəsmiləşdirilməsi reyestr xidməti tərəfindən həyata keçirilməsi mümkün olduğuna görə bu öhdəliyin həyata keçirilməsi reyestr xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 iyul 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə daxil olmuş **********6133 saylı 17 avqust 2022-ci il tarixli etirazında göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı icra vərəqəsi ilə İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış barışıq sazişinin təsdiqlənməsi qət edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bununla bağlı Yasamal rayon İcra şöbəsinə **********11 saylı, xx.xx.2022ci il tarixli və **********38 saylı, xx.xx.2022-ci cavab məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunmuşdur. Belə ki, 261.0.5-ci maddəyə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən, mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191 -ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 354960 №-li, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə İddiaçı arasındakı nikah münasibətinə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2020-ci ilin avqust ayının 05 günündə 309 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80,90 kv. metr olan mənzil ½ hissədə xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına, ½ hissədə isə X3 adına qeydə alınmışdır. İddiaçı cavabdeh X4 qarşı "əmlak bölgüsü tələbinə dair” iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin çıxartdığı xx.xx.2021-ci il tarixli 2(004)-5888/2021 saylı qərardadı ilə İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq olunması qərara alınmışdır: Bir tərəfdən İddiaçı, digər tərəfdən cavabdeh X5 hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan "birgə nikah dövründə əldə edilmiş əmlakların tərəflər arasında paylara uyğun naturada bölünməsinə dair" mülki mübahisəni barışıq yolu ilə həll etmək qərarına gəlmişlər. Mübahisənin predmeti: Tərəflərin paylı mülkiyyətində olan; ünvan 1, 7 saylı mənzil; Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evi; Mitsubişhi Pajero markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşın. Barışıq müqaviləsinin şərtləri: Hazırki mübahisə üzrə tərəflər - İddiaçı və cavabdeh X5 aralarındakı qarşılıqlı razılaşmaya əsasən razılığa gəlirlər ki, birgə nikah dövründə əldə edilmiş bərabər paylarla onlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 48C saylı evin, 3 otaqlı, 89,0 kv. metr ümümi sahəli, 7 saylı mənzilin tam mülkiyyət hüququ İddiaçı adına, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 84.20 kv. metr sahəli 28 saylı yaşayış evinin və “Mitsubişhi Pajero” markalı,**-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının tam mülkiyyət hüquqları cavabdeh X3 adına keçmələrinə və həmin əmlaklara dair hüquqların müvafiq dövlət orqanlarında onların adlarına rəsmiləşdirilməsinə etiraz etmirlər. Bu razılaşmanın müqabilində İddiaçı cavabdeh X4 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qaldırdığı Bakı şəhəri Səbail rayonu, İçərişəhər, Mirzə Mənsur küçəsi, 28 saylı evin onun, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 3 otaqlı 48C saylı evin 7 saylı mənzilin cavabdehin mülkiyyətinə verilməsi, “Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərracdan satılmaqla əldə edilmiş vəsaitin paylara-uyğun tərəflər arasında bölünməsi, münkün olmadığı təqdirdə hər üç əmlakın hərracdan satılmaqla əldə edilmiş vəsaitlərin paylara uyğun bölünməsi tələbindən imtina edir. Cavabdeh X5 İddiaçı qeyd edilmiş tələbindən imtina edilməsinə etiraz etmir. Tərəflərin öhdəlikləri: Hazırkı barışıq sazişini bağlayan tərəflər İddiaçı və cavabdeh X5 üzərinə öhdəlik götürürlər ki, onlar gələcəkdə mübahisənin predmeti olan nikah dövründə əldə edilmiş əmlaklar: ünvan 1, 7 saylı mənzil, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evi, “Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzrə birbirinə qarşı iddia və tələblər irəli sürməyəcəklər. Barışıq müqaviləsinin şərtlərinin icra edilməsi qaydası: Barışıq müqaviləsi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə ərizə təqdim edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq müqaviləsinin şərtləri ilə razı olmasına dair məhkəmə iclas protokoluna imza edirlər. Tərəflər arasında bağlanmış, imzalanmış barışıq müqaviləsi məhkəmə qərardadı ilə təsdiq edilir, istinad edilmiş barışıq sazişi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işin icrasına xitam verilməsi üçün əsasdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5888/2021 saylı arayışından müəyyən olunur ki, İddiaçı cavabdeh X4 qarşı “əmlak bölgüsü tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5888/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırki tələblə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış **********38 saylı, xx.xx.2022-ci il tarixli və **********11 saylı, xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublarda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı icra vərəqəsinin icrasına dair Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-271752/242123 saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır (**********). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı icra vərəqəsi ilə İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış barışıq sazişinin təsdiqlənməsi qət edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Həmçinin “İcra haqqında’’ “Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. DƏDKR publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış **********05 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı icra sənədinin icra olunması barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Qeyd edilən icra vərəqəsi ilə İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış barışıq sazişi təsdiq edilərək mülki işin icraatına xitam verilmiş və daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddia mümkündür. Belə ki, İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-1-ci maddəsinin tələblərinə görə tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən; Azərbaycan Respublikası məhkəmələrinin qərarları. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərardadında göstərilmişdir ki, barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. İş materiallarından da göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-(004)-5888/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ilə X5 arsında təsdiqlənmiş barışıq sazişinin şərtlərinə görə onlar bərabər paylarla özlərinə məxsus olan mübahisəli Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 48C saylı evin, 3 otaqlı, 89,0 kv. metr ümümi sahəli, 7 saylı mənzilin tam mülkiyyət hüququ İddiaçı adına keçməsinə və həmin əmlaka dair hüquqların müvafiq dövlət orqanlarında onun adına rəsmiləşdirilməsinə dair rəsmi qaydada razılığa gəlmişlər. Yuxarıda adı çəkilən qanunvericiliyin tələbinə görə məhkəmə aktı qərardad formasında qəbul edə bilər, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, məhkəmə tərəfindən barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlar, o cümlədən qərardadlar icra sənədləri sayılır, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında icra həyata keçirilir. Həmçinin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1 və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. “İcra haqqında” Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Mübahisəli daşınmaz əmlakın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5888/2021 saylı qərardadı ilə təsdiq olunmuş barışıq sazişi əsasında İddiaçı mülkiyyətinə verilməsin dair razılıq əldə olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməklə təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadı ilə İddiaçı ilə X5 arasında təsdiq edilmiş barışıq sazişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 80,90 kv. metrdən ibarət 48 C saylı evin 7 saylı mənzilinə dair İddiaçı tam xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar