Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10402/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş müavinətin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixədək olan müddət üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16.07.2021-ci il tarixdə cavabdehə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə hüququndan istifadə edərək, veteranlıq üçün ona verilən müavinətin son 3 ilinin hesablanaraq ödənilməsi üçün ərizə ilə müraciət etmişdir. Ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16.10.2017-ci il tarixdən təqdim edilən müharibə veteranı vəsiqəsi verilmişdir. O, Azərbaycan dövlətçiliyinin, torpaqların azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirakı ilə bağlı iştirak etməsi səbəbindən, bu vəsiqə ona təqdim edilmiş, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğn olaraq güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu bildirilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddiaya qarşı məhkəməyə münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı 16 oktyabr 2017-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi tərəfindən vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 16 oktyabr 2017-ci il tarixindən sosial müavinət təyin edilmiş, əvvəlki illər üzrə müavinət ödənilməsindən isə imtina edilmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 28.06.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001- ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11.07.2005ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İşə baxan məhkəmələr “Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16.10.2017-ci il tarixdə, 032103 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Sosial müavinət vəsiqəni aldığı tarixdən hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçının müraciəti isə cavabdeh tərəfindən 13.08.2021-ci il tarixli, **********1 saylı məktubla təmin edilməmişdir. İddiaçı tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakı göstərilən qanunvericiliyin normalarına istinad etməyi zəruri hesab edir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 16.10.2017-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni 16.10.2017-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin, əvvəlki üç il müddət üçün müavinətin ödənilməsindən imtina edilmişdir. Buna görə də, iddiaçı əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillər əsassız olduğundan, iddia təmin edilməklə, iddiaçıya 16.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 16.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixədək ödənilməmiş müavinətin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10402/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10402/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver