Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10403/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən halhazıradək N №-li hərbi hissədə zabit kimi hərbi xidmət keçir. O, 44 günlük Vətən Müharibəsi dövrü N №-li hərbi hissədə əməliyyat bölmə rəisi vəzifəsində xidmət edərkən hərbi əməliyyatlar vaxtı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-cü il tarixədək N №-li hərbi hissəyə döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuşdur. N №-li hərbi hissədə onun döyüş tapşırığını yerinə yetirilməsi üzrə fəaliyyəti aşağıda göstərilənlərdən ibarət olmuşdur: -Döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə yerləşən Beyləqan ön və manevr aerodromunda gecə-gündüz, sadə və mürəkkəb meteosəraitdə Vertolyotların döyüş uçuşlarını maddi texniki və döyüş təminatı üzrə təmin etmək məqsədilə ezam olunmuş, xüsusi texnikalara və şəxsi heyətə, aviasiya məhvetmə vasitələrinin və yanacaq sürtkü materiallarının təyinatı üzrə paylanmasına, saxlanılmasına və istismar qaydalarına uyğun istifadə edilməsinə, o cümlədən, döyüş texnikalarının istiqamətlər üzrə bölüşdürülməsinə və döyüş tapşırıqlarının icra olunmasında bilavasitə iştirak və rəhbərlik etmək. İddiaçı xx.xx.2025-ci il tarixdə ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət etsə də, onun müraciəti bugünədək cavablandırılmamışdır. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. İddiaçıya imtina olunmadığından hansı inzibati aktın mübahisələndirdiyi aydın deyil. Odur ki, iddia ərizəsinin mümkünsüz sayılması xahiş edilir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişdirlər. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda N №-li hərbi hissənin sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı bildirilmiş və iddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 314 №-li, xx.xx.2020-ci il tarixli, 334 №-li (əsas: §-6, §-7) və xx.xx.2020-ci il tarixli, 343 №-li nizami hissə üzrə əmrlərindən Arxiv Çıxarışları məhkəməyə təqdim edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 314 №-li əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) kapitan İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbülfəz” yazılmışdır) xx.xx.2020-ci il tarixdən ezamiyyətə gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 334 №-li əmrinə (§-6) əsasən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) ezamiyyətə gəlmiş Kapitan İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbulfəz” yazılmışdır) xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 334 №-li əmrinə (§-7) əsasən döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) Kapitan İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbulfəz” yazılmışdır) xx.xx.2020-ci il tarixdən ezamiyyətə gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 343 №-li əmrinə əsasən uçuşların təminatı məqsədilə N nömrəli hərbi hissədən (Bakı şəhəri) ezamiyyətə gəlmiş Kapitan İddiaçı Əbülfəz oğlu (atasının adı “Əbulfəz” yazılmışdır) xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə mayor İddiaçı Əbülfəz oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət keçməsi və N nömrəli hərbi hissədə ezamiyyətdə olması barədə N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 288 nömrəli əmrindən çıxarışa əsasən kapitan İddiaçı Əbülfəz oğlu 20 gün müddətində N saylı hərbi hissəyə (Beyləqan rayon) xx.xx.2020-ci il tarixdən ezamiyyətə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 307 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu – kapitan İddiaçı Əbülfəz oğlunun N nömrəli hərbi hissədə (Beyləqan rayonu) ezamiyyət müddəti uzadılmış (xx.xx.2020-ci il tarixədək) hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 320 nömrəli əmrindən çıxarışa əsasən kapitan İddiaçı Əbülfəz oğlu N nömrəli hərbi hissədən (Beyləqan rayonu) ezamiyyətdən 08.012.2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmə sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı Əbülfəz oğlu N nömrəli hərbi hissədə əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Onun əməliyyat bölməsi rəisi kimi əsas funksiyaları hərbi hissənin sülh və müharibə dövründə döyüş hazırlığına, döyüş əməliyyatlarının planlaşdırılmasına birbaşa rəhbərlik etməsidir. Məlumat üçün bildirilir ki, mayor İddiaçı Əbülfəz oğlu hal-hazırda xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə yerdəyişmə aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçının nümayəndəsinin müraciətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin bəndin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırda iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdeh imtina məktubunda iddiaçıya “Müharibə veteranı” adının verilməsinə görə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərildiyini, lakin təqdim olunan sənədlərin müvafiq Əsasnamənin tələblərinə uyğun olmadığından qərarın verilmədən geri qaytarıldığını bildirmişdir. Yuxarıda qeyd edilən əsasnamnin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan hərbi əməliyyatlarla bağlı iddiaçıya müharibə veteranı adı verilməsi üçün aşağıdakı hallardan biri müəyyən edilməlidir:
1. Hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş olmalı.
2. Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş olmalı.
3. Döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı.
4. Döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməli.
5. Hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissədə əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Onun əməliyyat bölməsi rəisi kimi əsas funksiyaları hərbi hissənin sülh və müharibə dövründə döyüş hazırlığına, döyüş əməliyyatlarının planlaşdırılmasına birbaşa rəhbərlik etməsidir. O, daha sonra xidmət etdiyi N nömrəli hərbi hissədən xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Qeyd edilməlidir ki, “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: döyüş əməliyyatlarında iştirak edərkən; hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; ezamiyyətdə olarkən; müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; toplanışlar keçərkən; hərbi xidmət yerinə gedib-gələrkən; əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən (27.1.). İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının N nömrəi hərbi hissədə əməliyyat bölməsinin rəisi olaraq əsas vəzifəsi hərbi hissənin sülh və müharibə dövründə döyüş hazırlığına, döyüş əməliyyatlarının planlaşdırılmasına birbaşa rəhbərlik etmək olmuşdur. Həmçinin müvafiq məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatlara əsasən N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdək N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə təsdiqini tapmışdır. Həmçinin, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün kifayət qədər əsaslar mövcuddur və yuxarıda qeyd edilən müvafiq Əsasnamədəki müddəlara uyğunluğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Cavabdeh isə iddiaçının tələbinin təmin edilməsindən əsassız şəkildə imtina etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Emin Abdullayev