Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10405/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı X3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək dövlət mülkiyyətində olan 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “sahəsi 348,5 kv.m olan fərdi yaşayış evinə dair **********51-10301 reyestr nömrəli çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin torpaq sahələrini ayıran ortaq divar üzərində və X2 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, evin texniki pasportunda X1 torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yerinin ləğv edilməsi” barədə iddia tələbi vardır. Həmin iddia üçün əsas X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə mülkiyyətinə verilmiş 200 kvadrat metr torpaq sahəsi üzərində yaranmış “hüquqları” olmuşdur. X3 həmin qərara istinad edərək, İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarış və texniki pasportunun qismən ləğv edilməsi və digər iddialar ilə bağlı heç bir əsas olmadan məhkəmələrə müraciət edir. Bakı İnzibati Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilmiş inzibati işlə bağlı keçirilən 17 iyun 2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktuba əsasən İddiaçı məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş və hal- hazırda istifadə etdiyi 200 kvadrat metr torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda həmin torpaq sahəsi yaşayış binalarının həyətində, ümumi istifadə üçün nəzərdə tutulan, daxilində yaşıllıq ağacları mövcud olan torpaq sahəsidir. Bundan əlavə olaraq torpaq sahəsinin 3 tərəfindən qaz xətti keçir. Nəticə etibarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı qanunsuz və əsassızdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə qanunsuz olaraq X2 verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin hasarlanaraq bağlanması İddiaçı tərəfindən tikilmiş yaşayış evinin təhlükəsizliyi, sanitar və yanğından mühafizə qaydalarının kobudcasına pozulmasıdır. Belə ki, fors major hallarda, yəni yanğın zamanı yanğının qarşısının alınması və söndürülməsi zamanı həmin ərazidən müdaxilənin edilməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən dövlət mülkiyyətində olan 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarının etibarsız olması səbəbindən ləğv edilməsi və həmin ərazinin ilkin vəziyyətinə gətirilməsi üçün tədbir görülməsi barədə cavabdeh orqana İddiaçı müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətinin təmin edilməsindən imtina edərək, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi barədə ona 26 iyun 2022-ci il tarixli cavab məktubu ünvanlamışdır. Məhkəmənin 2-1(112)-10405/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 266 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi və buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizələr vermişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının cavabdeh inzibati orqanın qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməməsinə, eləcə də iddiaçıya müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, onun tərəfindən hər hansı təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək 3-cü şəxslə aralarında 2018-ci ildən məhkəmə mübahisələrinin getdiyini, lakin bələdiyyə qərarından məlumatı olmadıgını bildirərək ötürülmüş müddətin bərpa olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında ərizəyə əlavə olaraq bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işlə bağlı keçirilən 17 iyun 2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktuba əsasən iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş və hal-hazırda istifadə etdiyi 200 kvadrat metr torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda həmin torpaq sahəsi yaşayış binalarının həyətində, ümumi istifadə üçün nəzərdə tutulan, daxilində yaşıllıq ağacları mövcud olan torpaq sahəsidir. Bundan əlavə olaraq torpaq sahəsinin 3 tərəfindən qaz xətti keçir. Nəticə etibarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı qanunsuz və əsassızdır. Odur ki, iddiaçının məhkəmədə hüquqlarının qanunla qoruna bilməyi və ədalətli bərpa olunması üçün ötürülmüş müddətin üzürlü sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İddiaçı hazırki iddiasında cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 266 saylı xx.xx.2006-cı il tarixli qərarını mübahisələndirir. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən qərar barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 266 saylı qərarı 06 oktyabr 2006-cı il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın 16 il əvvəl qəbul etdiyi inzibati aktı mübahisələndirir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən iddia müddətinin bərpa edilməsi barədə ərizə verilmiş və onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işlə bağlı keçirilən 17 iyun 2022-ci il tarixli məhkəmə iclasında qərar barədə məlumatlı olmuşdur. Həmçinin iddiaçı izahatında 3-cü şəxslə aralarında 2018-ci ildən məhkəmə çəkişmələrinin oldugunu, lakin qərar barədə məlumatlı olmadıgını bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın qəbul edildiyi dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, 10 iyun 2011-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə “məlum olan gündən” hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etməmiş, səbəbinə dair isə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati orqanın qərarından 16 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Odur ki, prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10405/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10405/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver