Məhkəmə qərarları › İş №2-1(112)-10405/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10405/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10405/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqənin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2025-ci ildə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət edərək, onun ümumi təqvim hesabından (32 il, 05 ay, 01 gün ) o vaxt qanunvericiliklə müəyyən olunmuş 2 təqvim ili çıxılmalı (10 ay 18 gün Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət müddəti və Azərbaycan Ordusunda xidmət müddətindən isə N il, 1 ay 12 gün), qalan müddət, yəni xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddət isə müddətdən artıq həqiqi hərbi xidmət hesab edilməklə barəsində yeni məlumat vərəqinin tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-25-19/2-Q-7xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılan ehtiyatda olan polkovnik İddiaçı məxsus MN-21028 nömrəli şəxsi işində, habelə 17 may 1991-ci il tarixdə Masallı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş NZ № ******* nömrəli hərbi biletində və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”ndə olan məlumatlara əsasən, o, 18 may 1991-ci il tarixdən 07 aprel 1992-ci il tarixədək (0 il 10 ay 19 gün) SSRİ-nin Silahlı Qüvvələrində, 07 aprel 1992ci il tarixdən 24 iyul 1995-ci il tarixədək isə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 24 iyul 1995-ci il tarixdə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olaraq 22 iyun 1999-cu il tarixədək həmin məktəbdə kursant kimi, 22 iyun 1999-cu il tarixdən 20 oktyabr 2023-cü il tarixədək isə Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olan polkovnik İddiaçı məxsus MN-21028 nömrəli şəxsi işində, habelə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”ndə olan məlumatlarda onun 19 may 1993-cü il tarixdən 24 iyul 1995-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçməsinə dair hər hansı bir təsdiqedici sənəd olmadığı səbəbindən qeyd edilmiş müddət müddətdən artıq həqiqi hərbi xidmət kimi sayılması qanuna müvafiq hesab olunmamışdır. İddiaçı əmək pensiyasının təyin olunması məqsədi ilə tərtib edilmiş “Məlumat vərəqə”sində qeyd edilmiş vəzifə maaşının 30% miqdarında olan “uzun müddət xidmətə görə verilən faiz əlavəsi” məhz ona ilk zabit (“leytenant”) rütbəsi verilən tarixdən, yəni 22 iyun 1999-cu il tarixdən, hesablanıb və qeyd edilmiş miqdarda olan faiz əlvəsinin 50% dəyişdirilməsi məqsədəuyğun hesab olunmamışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi təqvim illəri hesabından (32 il, 05 ay, 01 gün ) qanunvericiliklə müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət dövrü, yəni 2 təqvim ili çıxılmaqla (10 ay 18 gün Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət müddəti və Azərbaycan Ordusunda xidmət müddətindən isə N il, 1 ay 12 gün), qalan müddət, yəni xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddət isə müddətdən artıq həqiqi hərbi xidmət hesab edilməklə barəsində yeni məlumat vərəqinin tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ehtiyatda olan polkovnik İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet Ordusunda (10 ay, 18 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş, daha sonra hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Ordusuna köçürülmüş və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N №-li hərbi hissədə əsgər kimi xidmətini davam etdirmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu ilə kimi Bakı Ali Birləşmiş Komandirlər Məktəbində kursant kimi təhsil almış, xx.xx.1999-cu il tarixdən ehtiyata buraxıldığı xx.xx.2023-cü il tarixədək Azərbaycan Ordusunda zabit kimi (2N il 10 ay, 18 gün) xidmət keçmişdir. İddiaçının ümumi xidmət müddəti təqvim hesabı ilə 32 il, 05 ay, 01 gün təşkil edir. Lakin iddiaçıya pensiya təyin olunması üçün barəsində məlumat vərəqi tərtib edilərkən xidmət illərinə görə vəzifə maaşına əlavə 30 % miqdarında, yəni zabit kimi xidmət keçdiyi 2N il 10 ay 18 gün üçün hesablanmışdır. İddiaçının ümumi təqvim hesabından (32 il, 05 ay, 01 gün ) o vaxt qanunvericiliklə müəyyən olunmuş 2 təqvim ili çıxılmalı (10 ay 18 gün Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət müddəti və Azərbaycan Ordusunda xidmət müddətindən isə N il, 1 ay 12 gün), qalan müddət, yəni xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddət isə müddətdən artıq həqiqi hərbi xidmət hesab edilməklə barəsində yeni məlumat vərəqi təıtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməlidir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-3600/25 nömrəli sorğuya cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmış polkovnik İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi, xx.xx.1999-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2001 -ci il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Müdafiə Nazirliyinin Maliyyə İdarəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-209137/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 21 oktyabr 2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. İddiaçı barəsində verilmiş Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan MN-21028 nömrəli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə (öz arzusu ilə) tərxis edilmiş, onun təqvim üzrə xidmət illəri 32 il 5 ay 1 gün, həmin tarixə 37 il 0 ay 15 gün xidmət müddəti olmuşdur. İddiaçının vəzifə maaşı 1110 manat, rütbə maaşı 159 manat, ərzaq payı əvəzinə kompensasiyası 64 manat, fasiləsiz xidmət illərinə görə 30% miqdarında 380.70 manat, məharət dərəcəsinə görə miqdarında 35% 388.50 manat, Azərbaycan Respublikası Prezidentinin vəzifə maaşının 20% miqdarında əlavə 222 manat, cəmi təminat xərcliyi 2324.20 manat qeyd olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-5271/25 nömrəli sorğuya cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan "Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmış polkovnik İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi, xx.xx.1999-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Müdafiə Nazirliyinin Maliyyə İdarəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. X1 xidmət illəri: təqvimlə - 32 il 05 ay 01 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 04 il 07 ay 14 gün, ümumi xidmət illəri isə 37 il 0 ay 15 gün təşkil edir. İddiaçı hazırda xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddətin müddətdən artıq həqiqi hərbi xidmət hesab edilərək, yeni məlumat vərəqinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.1992-ci il tarixli “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara - qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər – əsgərlər, matroslar və çavuşlar aiddirlər. Qanunun 15-ci maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətin müddətlər hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar—N il; qalan bütün əsgərlər, matroslar və çavuşlar - N il N ay; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar—3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər; v) kursantlar üçün — hərbi təhsil müəssisəsində təhsil müddətindən asılı olaraq. q) gizirlər və miçmanlar üçün— 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər; d) zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar — N il N ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü qəbul olunanlar — 3 ilə qədər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: - maddə 12. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar — N il; qalan bütün əsgərlər, matroslar və çavuşlar - N il N ay. -maddə 16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; -maddə 33 Hərbi qulluqçuları və hərbi vəzifəliləri, eləcə də qadınları müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək və onların xidmət müddətini uzatmaq hüququna korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yüksək hüquqlara malik olan rəislər malikdirlər. -maddə 34. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılmazdan üç ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət keçmək istədikləri hərbi hissəni (korpusu, Silahlı Qüvvələrin növünü) göstərməklə yazılı öhdəlik götürürlər. Hərbi hissələrin qərargahları bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq həmin hərbi qulluqçulara dair tərtib edilmiş sənədləri hərbi hissə komandirinin rəyi ilə müvafiq hərbi hissəyə (korpusa, Silahlı Qüvvələrin növünə) göndərirlər. Hərbi hissədən (korpusdan, Silahlı Qüvvələrin növündən) haqqında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsinə razılıq daxil olmuş hərbi qulluqçular onların öz yaşıdlarının həmin hərbi hissədən buraxılması başlanan kimi hərbi hissə komandirinin əmri ilə yeni xidmət yerinə ezam edilirlər (əgər hərbi qulluqçular öz hərbi hissəsində xidmət etməyi arzulamışsa, hərbi hissədə saxlanılırlar). Əgər yeni xidmət yeri üzrə hərbi hissədə (gəmidə) müddətli həqiqi hərbi xidmət müddəti 2 il müəyyən edilibsə və hərbi qulluqçu müddətli həqiqi hərbi xidməti müddəti N il N ay olan hərbi hissədə keçmişsə onda o, müddətli həqiqi hərbi xidmət müddəti uzadılmadan müddətdən artıq xidmətə qəbul edilir. -maddə 35. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ehtiyatda olan əsgər, matros və çavuşların, hərbi uçotda olmayan qadınların tutmalı olduqları vəzifələrin komplektləşdirilməsi bu Əsasnamənin 33-cü maddəsinə və 26-cı maddəsinin “a” bəndinə müvafiq olaraq aparılır. -maddə 75. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin və miçmanların vəzifələrə təyin olunması onların xidməti ixtisasları, iş təcrübəsi, işgüzarlıq və mənəvi keyfiyyətləri nəzərdə alınmaqla müddətdən artıq həqiqi hərbi xidmətə, gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul etmək hüququ olan komandir və rəislərin əmrləri ilə həyata keçirilir. İstinad olunan normalardan görünür ki, həm əvvəlki, həm də hazırkı qanunverici müddətli həqiqi hərbi xidmət dövrünü N il N ay müəyyən etsə də, bu müddəti dinc dövr üçün müəyyən etmişdir və şəxs İşdə olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 14/2- 7699 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.1991-xx.xx.1995-cı ilədək hərbi xidmətdə olduğu zaman, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1992-ci il tarixli 686 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında), 11 avqust 1992-ci il tarixli 130 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında), 4 sentyabr 1992-ci il tarixli 169 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında), 21 sentyabr 1992-ci il tarixli 219 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin oktyabr-dekabr aylarında həqiqi hərbi xidmətə çağırılması haqqında), 14 noyabr 1992ci il tarixli tarixli 313 nömrəli (Hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında), 24 dekabr 1992-ci il tarixli 375 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə 1992-ci il payız çağrışının müddətinin uzadılması haqqında), 3 oktyabr 1993-cü il tarixli 771 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının 1993-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılması haqqında), 31 dekabr 1993-cü il tarixli 81 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının 1994-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılması haqqında), 10 may 1994-cü il tarixli 146 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının 1994-cü ilin may ayında həqiqi hərbi xidmətə çağırılması haqqında), 15 fevral 1995-ci il tarixli 286 nömrəli (Azərbaycan Respublikası vətəndaşlarının 1995-ci ilin fevral ayında həqiqi hərbi xidmətə çağırılması haqqında) və Azərbaycan Respublikası Ali Sovetinin rəisinin 9 fevral 1993-cü il tarixli 502 nömrəli (“Ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmış hərbi vəzifəlilərin xidmət müddətinin uzadılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə), 2 aprel 1993-cü il tarixli 554 nömrəli (“Azərbaycan Respublikasında fövqəladə vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 2 aprel tarixli Fərmanının təsdiq edilməsi barədə) fərman və qərarlarında Azərbaycan Respublikasının vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması ilə bağlı göstərişlər olduğu halda həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı heç bir məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikasının vətəndaşlarının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli (Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında) və 19 dekabr 1997-ci il tarixli 657 nömrəli (Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında) fərmanları ilə həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçının müddətli həqiqi hərbi xidmət dövrü dinc dövrə deyil, müharibə dövrünə təsadüf etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılmış, hərbi qulluqçuların ehtiyata buraxılması yalnız Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli (Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında) və 19 dekabr 1997-ci il tarixli 657 nömrəli (Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında) fərmanları ilə həyata keçirilmişdir. Bundan əlavə, şəxsin müddətli həqiqi hərbi xidmətdən müddətdən artıq həqiqi hərbi xidmətə daxil olması üçün, ehtiyata buraxılmazdan üç ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət keçmək istədikləri hərbi hissəni (korpusu, Silahlı Qüvvələrin növünü) göstərməklə yazılı öhdəlik götürməli, bundan sonra həmin hərbi qulluqçuya dair tərtib edilmiş sənədlər hərbi hissə komandirinin rəyi ilə müvafiq hərbi hissəyə (korpusa, Silahlı Qüvvələrin növünə) göndərilməli və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr verilməlidir. İşdən iddiaçının bu tələblərə əməl etməsi, onun barəsində hərbi hissə komandirinin rəyinin olması və müvafiq əmrin verilməsi barədə hər hansıbir məlumat mövcud deyil. İddiaçının kursant olduğu dövrə gəldikdə, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan “Hərbi xidmət haqqında” Qanunun 5-ci maddəsinə əsasən 17 yaşı tamam olmuş vətəndaşlar hərbi təhsil müəssisələrinə qəbul oluna bilərlər. Hərbi təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətdə sayılırlar və kursant adlandırılırlar. Onlara müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələri şamil olunur. Onlar və onların ailə üzvləri müddətli həqiqi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edirlər. Beləliklə, işin hallarını və maddi hüquq normalarının tələbini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi dövrlərdə müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilməsi barədə hər hansı əmr olmadığından və qanunvericilik kursant və müddətli həqiqi hərbi xidmət müddətinin müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilməsini mümkün hesab etmədiyindən iddianın təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin onun tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar