Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10408/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı , Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi) qarşı “plan-ölçü və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 18/52 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə bələdiyyə ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə 300 kv. metr torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsinin mənim adıma qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarıma dair çıxarış verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin 18/52 saylı 04.10. 2006-cı il qərarı ilə bələdiyyə ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə 300 kv.metr torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin təsdiq etdiyi Torpaqların alqı-satqısına dair AKT-a uyğun olaraq bələdiyyənin hesabına 240 (iki yüz qırx) manat pul ödəmişəm. Bu barədə qəbz mövcuddur (Qəbz № 115CHDP1********) AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi rəisinə ərizə ilə müraciət edərək “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edib, eyni zamanda lazımi dövlət rüsumunun ödənilməsinə təminat verərək Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin ərazisində yerləşən cizgidə göstərilən 300 kv.metr ölçüdə torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və mülkiyyət hüquqlarımın mənim adıma qeydiyyata dair müvafiq şöbəyə lazımi göstəriş verilməsini xahiş etmişəm. Lakin idarə, xx.xx.2025-ci ildə yazdığı məktubda bildirmişdir ki, X7 X10 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə( yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olmamışdır. İddiaçı hesab edir ki, dövlət orqanının verdiyi rəsmi sənədlərə əsasən əldə edilən torpaq sahəsinə mülkiyyət hüquqlarımın qeydiyyata alınaraq texniki pasportunun tərtib edilməsi və mənim adıma çıxarışın verilməsindən göstərilən əsaslarla imtina etməkdə cavabdeh haqlı olmamışdır.
3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, X7 X10 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bəiədiyyənin qərarına istinad olunmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina ediimişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, Xocasən bələdiyyəsinin 18/52 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 87 ünvanda yerləşən fərdi yaşayış evinə dair hüququn ölmüş şəxs - Əzim Dostəli oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********59 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Eləcə də, sahəyə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq məsafələr qeyd olunmamaqla yanaşı perimetrik ölçülər göstərilməmişdir. O cümlədən torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin “X2 fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” xx.xx.2006-cı il tarixli 18/52 nömrəli Qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilmişdir.
6. İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İsmayılova (Dadaşova) Ləman Aləşrəf qızı tərəfindən verilmiş Xocasən Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin inzibati ərazisində 300 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2006-cı il tarixli 18/52 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İsmayılova (Dadaşova) Ləman Aləşrəf qızı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin hesabına 240,00 manat haqq ödənilmişdir (Qəbz №115CHDP1********).
7. X2 təklif olunan torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin sərhədi şərtidir, qonşu sahələr boş torpaq sahələridir. Torpaq sahəsi Xocasən qəsəbəsi, Cavanşir küçəsində yerləşir, torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə bələdiyyəsinin 18/52 №-li xx.xx.2006-cı il tarixli Qərarı ilə alqı-satqı aktına əsasən ayrılıb, yerləşmə cizgisində ölçülər göstərilməyib. Torpaq sahəsinin sərhədləri şərtidir (bir hissəsi inşa olunub sökülüb), qonşular üç tərəfdən boş torpaq sahələri, bir tərəf yoldur (yerləşmə cizgisi uyğundur, lakin ölçülər göstərilməyib).
9. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 18/52 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş daşınmaz əmlaklar barədə hüquqmüəyyənedici sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir: - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin “X1 fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” xx.xx.2007-ci il tarixli 09/21 nömrəli Qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir. - Torpaqların Alqı-satqısına dair Akta əsasən X11 tərəfindən verilmiş Xocasən Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin inzibati ərazisində 600 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2007-ci il tarixli 09/21 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X11 tərəfindən Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin hesabına 1344 manat haqq ödənilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi X4 adına xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-18 nömrə ilə qeyd olunan xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X11 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini X15 mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi X15 adına xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. - Reyestrdə 2V-468 nömrə ilə qeyd olunan xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X15 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan X12 (AZE13089726, xx.xx.2012 - Sumqayıt ŞPİ QŞVŞ, FİN:1XW3US5, d/t:xx.xx.1956) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X19 verilmiş **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. - Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi (Yeni qaydalarla: AZ1146, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aprel zəfəri küçəsi, 10-cu döngə, giriş 6) yerləşən 0.06 ha torpaq sahəsi X9 adına xx.xx.2025-ci il tarixində qeydiyyata alınmışdır.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
22. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
23. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin “X2 fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” xx.xx.2006-cı il tarixli 18/52 nömrəli Qərarına əsasən Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilmişdir. - İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İsmayılova (Dadaşova) Ləman Aləşrəf qızı tərəfindən verilmiş Xocasən Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin inzibati ərazisində 300 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2006-cı il tarixli 18/52 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İsmayılova (Dadaşova) Ləman Aləşrəf qızı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin hesabına 240,00 manat haqq ödənilmişdir (Qəbz №115CHDP1********). - X2 təklif olunan torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
24. Məhkəmə qeyd edir ki, səlahiyyəli inzibati orqan (bələdiyyə) tərəfindən ləğv edilməmiş və ya geri çağırılmamış, yəni qüvvədə olan inzibati aktın qanuniliyinə qiymət vermək, onu təftiş etmək qeydiyyat orqanı kimi cavabdehin vəzifə və funksiyalarına aid deyildir. Qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilərək ləğv edilməsi səlahiyyəti onu qəbul edilmiş inzibati orqana aiddir. Hazırki işin hallarından göründüyü kimi bələdiyyə həmin qərarın etibarlılığını tanımaqla torpaq sahəsinin yerləşmə cizgisini dəqiqləşdirmişdir.
25. “İnzibati icraat haqqında” qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
26. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə yerləşmə cizgisini təsdiq etmişdir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
29. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. X21 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
32. X21 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki və sahibliyində və istifadəsində olan 300 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
34. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən iddiaçı İsmayılova (Dadaşova) Ləman Aləşrəf qızına 300 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş cizgidə torpaq sahəsinin yerini müəyyənləşdirmək üçün yetərli məlumatlar mövcuddur (torpaq sahəsi 4-cü mədənə gedən asfalt yolun kənarı ilə hərbi hissəyə gedən yolun kəsişməsində (yaxınlığında) yerləşir) və torpaq sahəsinə dair ortofoto çıxarışı (yəni torpaq sahəsinin faktiki yerləşmə mövqeyi) həmin cizgiyə uyğundur. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi torpaqayırma prosesinin tamamlandığını təsdiq edən “prima facie” sübutdur. Həmin cizgidə mütləq şəkildə koordinatların və ya istinad məsafələrinin göstərilməsi tələbi olmasa da, torpağın yerləşmə məkanını müəyyən etməyə imkan verən məlumatların olması zəruridir. Məhkəmə qeyd edir ki, təqdim edilən cizgi torpaq sahəsinin ortofoto çıxarışı ilə təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, torpaqayırma prosesi tamamlanmışdır.
35. Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.
36. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
37. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
38. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
39. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
40. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Binəqədi rayon Xocasən bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
41. Məhkəmə eyni zamanda müəyyən edir ki, iddiaçı İsmayılova (Dadaşova) Ləman Aləşrəf qızına torpaq sahəsi ayrılmış ərazidə digər şəxsin adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış daşınmaz əmlak mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 18/52 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş daşınmaz əmlaklar barədə hüquqmüəyyənedici sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir (Bax: bənd 9).
42. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X21 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18/52 nömrəli qərarı əsasında ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 300 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva