Məhkəmə qərarları › İş №2-1(112)-10409/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10409/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10409/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsində yerləşən 171 nömrəli evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüqunu təsdiq edən sənəd - çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsində yerləşən 171 nömrəli ev paylı mülkiyyətlə onlara məxusdur - Azərbaycan Respublikası vətəndaşları olan X4, X14, X15, X19, X8 , X18,İddiaçı, X2, X11, X16 və əcnəbi vətəndaş olan Akhmedov Gabil. Belə ki, həmin həyət evinin yerləşdiyi torpaq sahəsini özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli müraciətə baxaraq onlara xx.xx.2024-cü il tarixli imtina vermişdir. İmtinaya əsasən bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsində yerləşən 171 nömrəli evin paylı mülkiyyətçilərindən biri Rusiya Federasiyası vətəndaş olan Akhmedov Gabildir. Lakin əcnəbi vətəndaş olan Akhmedov Gabil həmin həyət evinin yerləşdiyi torpaq sahəsini özəlləşdirilməsinə etiraz etmədiyinə dair notarial qaydada təsdiq edilən ərizə imzalamışdır. Bununla da o, həmin torpaq sahəsinin, evin digər payçılarının payına münasibətdə özəlləşdirilməsinə etiraz etmir. Notarial qaydada təsdiq edilən həmin ərizə məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ünvanında olan 171 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********13 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin payçılarından biri əcnəbidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Elektron kadastr məlumatına əsasən texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Torpaq sahəsinin yaxınlığında orta təzyiqli qaz xəttinin baza məlumatı mövcuddur. Həmçinin fərdi yaşayış evi söküntü işləri planlaşdırılan ərazidə yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 499 kv.m göstərilsə də, faktiki 482.6 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsində istifadədə olan 0.032960 ha torpaq sahəsində yerləşən 215.30 kv.m yaşayış sahədən ibarət 171 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X5 -2 otaq - y/s 31.2 kv.m. daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X6 - 2 otaq-1/2 hissədən 5.0 kv.m daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X12 -1 otaq (y/s-18.5 kv.m-dən) 3 kv.m daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X3 - 1 otaq (y/s-18.5 kv.m-dən) 15.5 kv.m daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X9 - 2 otaq-1/2 hissədən qalan hissədən 10 kv.m daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı -2 otaq- 1/2 hissədən qalan hissə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 – 2 otaq-1/2 hissədən qalan hissədən 10 kv.m daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X10 -2 otaq-1/2 hissədən qalan hissə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, Akhmedov Gabilin -2 otaq-1/2 hissədən qalan hissə payından 20.0 kv.m və 15.0 kv.m daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X7–2 otaq (y/s-42.6 kv.m) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Akhmedov Qabilin notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, paylı mülkiyyət hüququ ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinə aid torpaq sahəsinin digər payçıların adına qeydiyyata alınmasına etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********13 nömrəli məktubunda bildirilmişdir ki, paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin payçılarından biri əcnəbidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Elektron kadastr məlumatına əsasən texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 499 kv.m göstərilsə də, faktiki 482.6 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, işin hallarından görünür ki, hazırkı halda Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsində istifadədə olan 0.032960 ha torpaq sahəsində yerləşən 215.30 kv.m yaşayış sahədən ibarət 171 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı paylı mülkiyyətdə olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırkı iş üzrə əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı inzibati orqana paylı mülkiyyətçilərdən biri olaraq müraciət etmiş, eyni zamanda mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilərin istifadə qaydası ilə bağlı razılaşdırılmış bölgü sxem, eləcə də fərdi yaşayış evinə olan pay hüquqlarına mütənasib həmin torpaq sahəsinin fiziki cəhətdən bölünməsi ilə bağlı məhkəmə qərarını təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nizamnaməsinin 2.0.2-ci bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Başqa sözlə, mülkiyyətçilər arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə razılıq mövcuddursa, ilk əvvəl həmin əmlaka bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət ediməli, cavabdeh imtina etdiyi halda bu imtinanın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq mövcud deyilsə, mülkiyyətçilərdən biri payının naturada ayrılması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət etməlidir. Hazırkı işin hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın-qanuni istifadədə olan torpaq sahəsinin fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hüquqi əsas mövcud deyildir. Yalnız yuxarıda qeyd olunan qaydada mübahisəli əmlak fiziki cəhətdən bölündükdən sonra iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticəyə nail olması mümkündür. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar