Məhkəmə qərarları › İş №2-1(112)-10411/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10411/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10411/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İran İslam Respublikasının vətəndaşı X6 və X3 tərəfindən "xxxx" MMC təsis edilmiş və MMC xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ilə (bundan sonra – iddiaçı) həmin MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və hazırda həmin müqavilədə qüvvədədir. İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin ləğv edilməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 25 noyabr 2024-cü il tarixli, 3-17-5/2-F-85352/2024 №-li cavab məktubunda bildirilmişdir ki, “..."xxxx" MMC-nin ünvanına (AZ1044, ünvan 12-74275/2024 saylı xx.xx.2024- cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yerləşmir” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda tərəfilərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən Sizinlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır.” İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsinə məhkəməyə müraciət edərək, X1 "“EKSİMPO LLC" MMC ilə onun arasında mövcud olan 18 dekabr 2018-cü il il tarixli əmək müqaviləsi ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 dekabr 2018-ci il tarixli əmək müaviləsi ilə "xxxx" MMC-nə Baş direktor köməkçisi vəzifəsinə təyin olunmuşdur. "xxxx" MMC-nin Təsisçisi və direktoru həyat yoldaşının tanışı olduğundan onun xahişi ilə müəssisənin hüquqi ünvanının onların adresləri üzrə qeydiyyatına tərəflərindən icazə verilmişdir. İşə düzəldikdən 2 ay sonra müəssisənin fəaliyyətində maddi çətinliklər yaranmış və bu şəbədən müəssisədə iş dayandırılmışdır. Fəaliyyət dayandıqdan sonra o müəssisədə işini davam etdirməmişdir. Onda olan məlumata görə "xxxx" MMC-nin direktoru hal-hazırda başqa ölkədədir lakin ünvanının olduğu yeri ona məlum deyil. Səhhətinin pisləşməsi və maddi vəziyyətinin çətin olması ilə əlaqədar təqaüd almaq üçün müraciət edərkən ona məlum oldu ki, X1 "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il əmək müqaviləsi hələ də mövcuddur. Əmək müqaviləsinin qüvvədə olması səbəbindən o səhhəti ilə bağlı nə təqaüd üçün müraciət edə, nə də işə düzələ bilir. Əmək Müfəttişliyi Xidmətindən ona bildirildi ki, əmək müqaviləsinə xitam verilməsi üçün birinci mediasiyaya, mediasiya vasitəsilə məsələ həll olunmadıqda isə məhkəməyə müraciət edilməlidir. "xxxx" MMC-nin rəhbərliyinin yeri məlum olmadığından qarşı tərəfin mediasiya prosesində iştirakının təmin edilməsi mümkün olmamışdır. X1 qüvvədə olan formal əmək müqaviləsinin mövcud olması ona məhdudiyyətlər yaradır, hüquq və maraqlarımı pozur, ona maddi və mənəvi ziyan vurur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən MMC-nin təsisçisi olan İran İslam Respublikasının vətəndaşı X6 Azərbaycan Respublikasında deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilmkəyən hallarıdır ki, İran İslam Respublikasının vətəndaşı X6 və X3 tərəfindən "xxxx" MMC təsis edilmiş və MMC xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ilə həmin MMC arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. "xxxx" MMC hüquqi şəxs kimi ləğv edilməmiş və X4 Qeydiyyatı İdarəsində fəaliyyəti aktivdir. İddiaçının hazırkı iddianı irəli sürməkdə hüquqi marağı əmək müqviləsi alt sistemində əmək müqaviləsinin ləğv edilməsinə yönəlmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh isə bildirmişdir ki, “..."xxxx" MMC-nin ünvanına (AZ1044, ünvan 12-74275/2024 saylı xx.xx.2024- cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin məktub poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yerləşmir” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda tərəfilərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən Sizinlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş matereallarını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1. Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; İddia ərizəsi və iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, "xxxx" MMC təsisçisilərindən İran İslam Respublikasının vətəndaşı X8 hal-hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyar Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri X8 (İran İslam Respublikası) və X3, rəhbəri X5 Ahmad. "xxxx" MMC fəaliyyətinin hazırda aktiv olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın Bənd 6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı X1 müvafiq qeydlər aparılır. Qaydaların tələbindən göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilməsi yalnız Əmək Məcəlləsini 74-cü maddəsijnin 1-1 hissəsində nəzərdə tutulan hallarda mümkündür. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsinə görə, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: Normanın dispozisiyasından göründüyü kimi, cavabdeh inzibati orqan yalnız fiziki şəxs olan işəgötürənlə bağlanmış işçinin müraciəti əsasında əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edir. Həmin hallar isə aşağıdakılardır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Qeyd edilən hallar, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan işəgötürənin İXM-nə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilməsi halı, yalnız fiziki şəxs olan işəgötürənlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Baxılan işdə isə, iddiaçı ilə əmək müqaviləsi fiziki şəxs ilə deyil, hüquqi şəxs olan "xxxx" MMC ilə bağlanmışdır ki, həmin MMC də hüquqi şəxs kimi ləğv edilməmiş və X4 Qeydiyyatı İdarəsində fəaliyyəti aktivdir. Ona görə də, iddia tələbinin qanuni və faktiki əsası kimi istinad edilən hal, yəni cavabdeh inzibati orqan tərəfindən əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar