Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10415/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “şəhadətnamənin bərpa edilərək ona verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “şəhadətnamənin bərpa edilərək ona verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı Respublika 8 nömrəli İnternat Məktəbinin 8-ci sinifini bitirməsinə dair şəhadətnamənin bərpa edilərək verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı (X2) 1968-ci il tarixdə 8 nömrəli X3 Məktəbin 1-ci sinfində daxil olmuşdur. 1969-cu il tarixdən 2-ci sinifdən 8-ci sinifə qədər Respublika 8 nömrəli İnternat Məktəbində təhsil almışdır. 1976-cı il tarixdə həmin məktəbin 8 illik sinfini bitirərək orta təhsil haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında 1976-cı il tarixdən 1979-cu il tarixədək 68 nömrəli Peşə Məktəbində “geniş profilli yeyinti olmayan sənaye mallarının satıcısı” peşəsi üzrə təhsil almışdır. Lakin həmin şəhadətnamə (atttestat) illər əvvəl itdiyi üçün hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən etibarsız hesab edilir. Bu barədə Azərbaycan müəllimi qəzetində də, dərc edilmişdir. Bu ona böyük çətinliklər yaradır. Həmin sənədin bərpası ilə bağlı 8 nömrəli Sanatoriya İnternat Məktəbinə və Respublika 8 nömrəli İnternat Məktəbinə, eyni zamanda aidiyyəti üzrə bir sıra dövlət orqanlarına müraciət etmişdir. Lakin bugünədək müraciətlərinə dövlət orqanları tərəfindən hər hansı bir cavab verilməmişdir. Bununla bağlı həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etsə də, sonuncu tərəfindən müraciətinin təmin edilməsindən sənədin arxiv sənədinin tapılmaması qeyd edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İş materiallarına “Doğum haqqındaşəhadətnamə”lərin, “Ölüm haqqında şəhadətnamə”lərin, “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin, notarial qaydada təsdiq edilmiş ərizələr, “Səkkizillik təhsil haqqında” şəhadətnamənin kopyası, “Orta təhsil haqqında” şəhadətnamənin kopyası, imtina məktublarının surətləri, qəzetdə dərc olunan məlumat, 8 nömrəli X3 məktəbi tərəfindən verilmiş cavab məktubun surəti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş cavab məktubu və digər sənədlər əlavə edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 42 nömrəli məktubla bildirilmişdir ki, 2014-cü ildə İncənəsət Gimnaziyasının 2-ci korpusu sökülmüşdür. Söküntü vaxtı arxivdə yerləşən sənədlərin çoxu itmişdir. Hal-hazırda gimnaziynın arxivində 1968-1976-cı illərdə X1 (İddiaçı) İncəsənət Gimnaziyasında təhsil almasını təsdiqləyən sənəd tapılmamışdışr
9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli X3 məktəbi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli, 181 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı barədə məktəbin arxiv sənədlərinə baxılmışdır, lakin arxiv sənədlərində bu barədə heç bir məlumat yoxdur.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 3-24-69/2-860/2024 nömrəli məktubla bildirilmişdir ki, 8 nömrəli internat məktəbi ləğv olunmuş və arxiv sənədləri Respublika İncənəsət Gimnaziyasına verilmişdir. Respublika İncəsənət Gimnaziyasından aldığı rəsmi cavaba əsasən, İddiaçı təhsil aldığını təsdiq edən arxiv sənədləri tapılmamışdır. Əlavə olaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə İddiaçı (X2) xx.xx.1976-cı il tarixində 68 nömrəli texniki peşə məktəinin “Sənaye mallarının satıcısı” ixtisasına qəbul olmuş, xx.xx.1979-cu il tarixində həmin ixtisası bitirmişdir. Lakin arxiv sənədlərində natamamlıq olduğu üçün ona verilən diplomun nömrəsinin təsdiqi mümkün olmamışdır. Göstərilən qoşma sənədlərdə vətəndaşın peşə məktəbinə daxil olduğu tarix, ixtisasi, orta təhsil haqqında sənədin nömrəsi, bitirdiyi il, ad və soyadının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər yer almışdır.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfinədn xx.xx.2025-ci il tarixli, 3-29- 59/2-4828/2025 nömrəli məktubla bildirilmişdir ki, internat məktəbinin arxivinə baxış keçirilərkən tədris-pedaqoji sənədlərin təhlili zamanı İddiaçı aid sənədlərin mövcud olmadığı aşkar edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-29-59/2-5814/2025 nömrəli məktubla bildirilmişdir ki, məsələ ilə bağlı 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinin rəhbərliyindən yazılı məlumat alınmışdır. 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinin rəhbərliyindən alınan məlumata əsasən məktəbin arxivində İddiaçı qıznıın həmin məktəbdə təhsil alıb-almaması barədə təsdiqedici sənəd mövcud deyildir.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2026-cı il tarixli, 09 nömrəli məktubla bildirilmişdir ki, 68 nömrəli texniki peşə məktəbinə məxsus 1976-1979-cu illəri əhatə edən dövr üzrə arxiv sənədləri sırasında yalnız tələbələrin say tərkibi haqqında adlar kitabı mövucddur. Həmin kitabın məlumatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı (arxiv sənədlərində X4) xx.xx.1976-cı il tarixində 68 nömrəli texniki peşə məktəbinə “Sənaye malları satıcısı” ixtisası üzrə qəbul edilmiş, xx.xx.1979-cu il tarixində isə həmin peşə məktəbini eyni ixtisas üzrə bitirmişdir. Qeyd olunan illər üzrə arxiv sənədlərində digər zəruri məlumatları əks etdirən sənədlər mövcud olmadığından ona verilmiş peşə təhsili haqqında diplomun nömrəsinin, habelə peşə məktəbinə qəbul zamanı təqdim olunan ümumi orta təhsil haqqında şəhadətnaməyə dair məlumatların tərəfindən təsdiq edilmiş mümkün olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.
21. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... 29.0.20. təhsil haqqında dövlət sənədlərinin təsvirlərini və onların verilməsi qaydalarını təsdiq etmək;
21. 7 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir): Maddə 7. Dövlət təhsil standartları Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X6 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Maddə 8. Təhsil haqqında sənəd
1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. ... Maddə 13. Təhsil müəssisələri
1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. ... Maddə 31. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası”: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.20-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydasını tənzimləyir. 2.3. Attestatda aşağıdakılar göstərilir: 2.3.1. “Azərbaycan Respublikası” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.3.2. attestatın növü (adi, fərqlənmə və xüsusi nümunəli); 2.3.3. attestatın seriyası və nömrəsi (TMİS tərəfindən verilir); 2.3.4. attestatalanın soyadı, adı, atasının adı və doğulduğu tarix; 2.3.5. ümumi təhsil müəssisəsinin adı; 2.3.6. attestatalanın ümumi təhsil müəssisəsini bitirdiyi il; 2.3.7. attestatın verildiyi tarix; 2.3.8. attestatın həqiqiliyini yoxlamaq üçün ştrix kod. 2.4. Attestata əlavədə aşağıdakılar göstərilir: 2.4.1. attestatalanın soyadı, adı və atasının adı; 2.4.2. attestatalanın fərdi identifikasiya nömrəsi (olduğu halda); 2.4.3. attestatalanın (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə) şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı; 2.4.4. ümumi təhsil müəssisəsinin adı; 2.4.5. təhsil müəssisəsini bitirdiyi il; 2.4.6. təhsilalma forması; 2.4.7. tədris dili; 2.4.8. təlim nəticələri; 2.4.9. təmayülün istiqaməti (olduğu halda); 2.4.10. sadələşmiş və ya uyğunlaşdırılmış təhsil proqramı (sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə); 2.4.11. təhsil səviyyəsi üzrə tədris olunan fənlərin adı, hər bir fənn üzrə saatların ümumi miqdarı və hər bir fənn üzrə təhsilalanın buraxılış sinfinin yekun (illik) qiymətləri (balları), buraxılış imtahanının balları; 2.4.12. dərsdənkənar məşğələ saatları; 2.4.13. korreksiyaedici məşğələlərin saatları (sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə); 2.4.14. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə kvalifikasiya səviyyəsi; 2.4.15. attestatın növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq hüququ verdiyinə dair qeyd; 2.4.16. attestata əlavənin həqiqiliyini yoxlamaq üçün ştrix kod.
3. Ümumi təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi 3.1. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda attestatalanın (attestatalanın valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan attestatın dublikatı verilir. 3.2. Ərizəçi elektron kabinetinə daxil olaraq attestatın dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş attestatla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və onu təsdiq edir. 3.3. Ərizəçi elektron kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 3.4. Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizədə və ya sənədlərdə qeyridəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir. 3.5. Attestatın dublikatı arxiv sənədləri (əmr, Pedaqoji Şuranın qərarı, təhsil sənədlərinin verilməsinin uçotu və qeydiyyatı kitabı) əsasında tərtib olunur. 3.6. Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq attestatın dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir. 3.7. Attestatın dublikatı bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq (ümumi təhsil müəssisəsi yenidən təşkil edildiyi halda, həmin müəssisənin hüquqi varisi olan ümumi təhsil müəssisəsinin, ləğv olunduğu halda isə müvafiq təhsili idarəetmə orqanının müəyyən etdiyi ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir. 3.8. İtirilmiş attestatın və attestata əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
24. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı 1968-1976-cı illərdə X1 (İddiaçı) İncəsənət Gimnaziyasında təhsil almış və 8 illik təhsillə bağlı ona şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin kopyası iddiaçıda olsa da, əsli onda mövcud deyildir və hazırda iddiaçının hüquqi marağı həmin şəhadətnamənin dublikatının əldə edilməsinə yönəlmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən arxiv sənədlərinin olmaması əsası ilə imtina edilmişdir.
25. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, hazırki qərarda qeyd olunan qanunvericilik normalarından da, göründüyü kimi, attestatın dublikatı arxiv sənədləri (əmr, Pedaqoji Şuranın qərarı, təhsil sənədlərinin verilməsinin uçotu və qeydiyyatı kitabı) əsasında tərtib olunur və məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq attestatın dublikatı hazırlanaraq ərizəçinin elektron kabinetində yerləşdirilir. Lakin hazırki halda iddiaçıya verilmiş “Səkkizillik təhsil haqqında” şəhadətnamənin (attestatın) arxiv sənədləri barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bu hal isə qanunvericiliyin təlblərinə müvafiq olaraq attestatın dublikatının verilməsini qeyri-mümkün etmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva