Məhkəmə qərarları › İş №2-1(112)-10418/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10418/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10418/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “tənbeh tətbiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin direktoru X1 iddiaçıya qarşı qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində əmək hüquqlarının kobud şəkildə pozulması ilə bağlı X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin İnzibati tənbeh vermə haqqında 25 fevral 2025-ci il tarixli MN № ******* Qərarını qüvvədə saxlamış X4 Xidmətinin xx.xx.2025-ci il tarixli (İş №-3-17-5/1-Q-l5364/2025) qərarının dəyişdirilərək İnzabati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsinə dair (İnzibati Xətalar Məcəlləsinin 192.1 və 193-cü maddələri) qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (bundan sonra - TƏBİB) tabeçiliyində olan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin həkim terapevti vəzifəsində çalışır. Həmin Xəstəxananın direktoru X1 iddiaçıya qarşı qanunazidd hərəkətləri (hərəkətsizliyi), eyni zamanda əmək hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi və mənəvi ziyanla bağlı 14 yanvar 2025-ci il tarixdə elektron qaydada ərizə ilə X4 Xidmətinə müraciət etmişdir. Müraciəti 15 yanvar 2025-ci il tarixdən DƏMX-nin Dağlıq Şirvan regional şöbəsində araşdırılmağa başlanılmışdır. Araşdırmanın ilkin nəticəsində DƏMX-nin Dağlıq Şirvan regional şöbəsi tərəfindən “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 17 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında Qərar tərtib edilməsi üçün bildiriş göndərilmiş və inzibati tənbeh vermə haqqında Qərarın tərtib edilməsi xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçının iştirakı və xəbəri olmadan X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi İnzibati tənbeh vermə haqqında 25 fevral 2025-ci il tarixli MN № ******* Qərar çıxartmışdır. Həmin Qərarla “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X2 iddiaçının, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Çıxarılan qərar ədalətsiz və qanunsuz olduğundan ləğv edilib dəyişdirilməlidir. Vidadi Rəhimov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, iddiaçının əmək hüquq və azadlıqlarını kobud şəkildə pozaraq ikidən yuxarı İnzibati Xəta törətmişdir ki, (İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və193-cü maddələrində nəzərdə tutulmuş əməlləri) bu faktlarıda DƏMX-nin Dağlıq Şirvan regional şöbəsi tərəfindən araşdırılmamış, inzibati xəta düzgün tövsif edilməmiş və nəticədə qanunsuz Qərar qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirak təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh X4 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı əmək hüquqlarının pozulmasına dair müraciətinə baxılarkən V.Rəhimov tərəfindən işçinin əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi faktı aşkar edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla V.Rəhimov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İddiaçı inzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci ıl tarixli MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Xidmətin həmin qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək, daha ciddi xəta barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPMnin 1.1-ci maddəsi). Qanunun normasına əsasən inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2.2-ci maddəsinə əsasən həmin Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə qeyd edir ki, əməl o zaman inzibati xəta sayılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra –İXM) Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. İşin yuxarıda sadalanan hallarından aydın olur ki, iddiaçının dəyişdirilməsini xahiş etdiyi qərar cavabdehin inzibati xəta üzrə fəaliyyətinin birbaşa nəticəsi olmaqla inzibati xəta haqqında iş üzrə icraat zamanı tərtib olunmuşdur. Buna görə də yuxarıda istinad olunan normaların tələblərinə əsasən həmin qərarın dəyişdirilməsindən ibarət hazırkı tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar