Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10419/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X8 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı 3-cü şəxs qismində X5 və X8 göstərilməklə onların ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 2010-cu ilin yanvar ayında almışdır və ev həmin vaxtdan etibarən faktiki olaraq onun sahibliyindədir. Sözügedən fərdi yaşayış evini aldıqdan sonra, onun və oğlu X2 evə qeydiyyata düşməsi üçün həmin evdə qeydiyyatda olmuş şəxslərin razılığı alınmışdır. Həmçinin, sözügedən fərdi yaşayış evi onun tərəfindən alındıqdan və oraya köçdükdən sonra həmin evdə qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxmışdır. Lakin, bu yaxınlarda Forma 2 arayışı alarkən ona məlum olmuşdur ki, heç tanımadığı və heç vaxt üzünü görmədiyi X5 və X8 adında şəxslər faktiki sahibliyində olan Sabunçu rayonu, Sabir küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Sözügedən şəxslərin hansı formada həmin ünvana qeydiyyata düşməsindən xəbərsizdir. Belə ki, sözügedən fərdi yaşayış evinə hansısa şəxsin qeydiyyata düşməsi üçün həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmalıdır. Necə ki, o, Sabunçu rayonu, Sabir küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evini 2010-cu ildə alarkən evə qeydiyyata düşmələri üçün həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmışdır. Eləcə də, hazırki iş üzrə 3-cü şəxslərin sözügedən fərdi yaşayış evinə qeydiyyata düşmələri üçün onun və həmin ünvanda qeydiyyatda olan oğlu X2 razılığı alınmalı idi. Lakin, X4 və X6 faktiki sahibliyində olan evə qeydiyyata düşmələri üçün onlardan razılıq alınmamışdır və bu da, onu göstərir ki, adı çəkilən şəxslər qanunsuz şəkildə faktiki sahibliyində olan Sabunçu rayonu, Sabir küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. Adı çəkilən şəxslərin faktiki sahibliyində olan mənzilə formal qeydiyyatda olması səbəbindən o, istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Məlumat üçün bildirmişlər ki, 3-cü şəxslər X4 və X6 faktiki sahibliyində olan Sabunçu rayonu, Sabir küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh quruma müraciət etsə də, müraciətinə bu günədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10419/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmış X8 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və 3-cü şəxs isə gəlməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. - iddiaçı sözügedən ünvana X7 razılıq ərizəsində qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən məhkəməyə tədiyyə bildirişi, “Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında” şəhadətnamə, kommunal xidmətlərə dair bağlanılmış müqavilə təqdim edilmişdir ki, həmin sənədlər sözügedən evə dair hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi vəziyyəti barədə yazılı məlumat verilməsi ilə əlaqədar məhkəmə tərəfindən cavabdeh inzibati orqana göndərilmiş sorğuya cavab olaraq daxil olmuş məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 31 ünvanındakı evə hər hansı hüquqverici sənədinin olması aşkar edilməmişdir. Həmin yaşayış sahəsinə vətəndaş E.O.X1 vergi qeydiyyatçısı kimi qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud olmayıb, qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər də, sözügedən ünvanda ondan daha əvvəl qeydiyyatda olmaqla, iddiaçının müvafiq razılıq ərizəsi əsasında qeydiyyata alınmamışlar. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi və üçüncü şəxslərə yaşayış sahəsi verməsi barədə razılıq ərizəsi olmadığından, onun üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10419/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10419/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver