Məhkəmə qərarları › İş №2-1(112)-1042/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1042/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1042/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və üçüncü şəxs X5 qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 cavabdehlər AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, X5 qarşı «tikintiyə icazənin etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Ekspertizası Baş İdarəsinin 18 fevral 2020-ci il tarixli 28931 nömrəli rəyinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsinə əsasən X7 tərəfindən ünvan 1 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanılmışdır. Lakin qüvvədə olan qanunvericiliyin tələbləri sözügedən yanacaqdoldurma məntəqəsinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının verdiyi icazələrlə kobud şəkildə pozulmuşdur. Belə ki, AR Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5 bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər uşaq müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasianar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. Qeyd olunan yanacaqdoldurma məntəqəsi isə, birbaşa yaşayış massivinin içərisində yerləşməklə, onun qonşu divarları yaşayış evlərinə bitişikdir. Həm təhlükəsizlik, həm də ekoloji cəhətdən tamamilə qanunazidd bir addımdır. Ərazinin yanacaqdoldurma məntəqəsi binası üçün ekoloji cəhətdən də əlverişsizliyi ilə bağlı qeyd olunur ki, daima əsən şimal küləyi YDM-in açıq yanacaq çənlərinin üzərindən yanacağın qoxusunu şəhərin ekoloji təmiz yaşayış massivinə, evlərə gətirməklə sakinləri ciddi narahat edəcəkdir. DƏDRX-in 25 fevral 2017-ci il tarixli ********** nömrəli eyestrdən çıxarışa əsasən İddiaçı4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hasarı tikinti sahəsinə, yəni YDM tikilməsi üçün nəzərdə tutulmuş ərazinin hasarına bitişikdir. AR FHN TTND X3 Ekspertizası Baş İdarəsinin 28931 nömrəli 18 fevral 2020-ci il tarixli rəyinin “Memarlıq bölməsi”nin 1.1 yarımbəndində müəyyən edilmişdir ki, yanacaq çənlərindən və kolonkalardan digər bina və qurğulara, eləcə də avtomobil yollarına qədər məsafələr dəqiqləşdirilməlidir. Rəyin “Yanğın təhlükəsizliyi” bölməsinin 5.1 yarımbəndində isə müəyyən edilmişdir ki, ərazidə və ərazidən kənar olan tikililərə və yollara kimi məsafə haqqında məlumat təqdim olunmayıb. Beləliklə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin tikintisinə AR NK-nın 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5 bəndinə zidd olaraq icazə verilmişdir. Göstərilənlərə əsaslanaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsinin etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmənin qərardadı ilə X4 inzibati məhkəmə icraatında cavabdeh qismində işdə prosessual iştirakına xitam verilmiş və həmin şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçılar İddiaçı1 və digərlərinin tələbi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfndən etirazla qarşılanır. Məlum olduğu kimi, «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında» Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə və istismarına icazə vermək səlahiyyətinə malikdir. Belə ki, sözügedən Əsasnamənin müddəasına əsaslanaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən X1 ünvan 3 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə 3 mart 2020-ci il tarixli 14 nömrəli icazə sənədi verilmişdir. X1 ünvan 1 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən verilmişdir. “Dövlət Şəhərsalma Norma və Qaydaları”, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının AzDTN 2.6-1-nin 8.46-cı yarımbəndinə əsasən sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulan YDM-dən məktəbəqədər uşaq müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilərkən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «tikintiyə icazənin ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) və cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi gəlmişlər, digər iddiaçılar, digər cavabdeh və üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin qərardadı lə iddia cavabdeh AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin iş üzrə 2 fevral 2021-ci il qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsi əsasında ünvan 1 ünvanında tikintisinə icazə verilmiş yanacaqdoldurma məntəqəsinin müvafiq layihə sənədləri üzrə maye yanacaq saxlanılan yeraltı çənləri və yanacaq doldurma kalonkaları ilə hazırkı iddiaçılar İddiaçı1 və digərlərinə məxsus yaşayış evlərinin divarlarına və yerləşdiyi torpaq sahələrinin sərhədlərinə qədər olan məsafələr (ayrı-ayrılıqda) nəzərə alınmaqla inşa ediləcək həmin yanacaqdoldurma məntəqəsinin müvafiq qanunvericiliklə Dövlət Tikinti Normalarının və təhlükəsizlik qaydalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Mərkəzin ekspertinin həmin tarixli 10/503 nömrəli rəyində aşağıdakılar bildirilir: - (rəyin tədqiqat hissəsi) . . . Ərazinin relyefi nəzərə alınmaqla baxış zamanı əldə olunmuş məlumatlara, “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 5 ünvanında tikilməsi nəzərdə tutulan yanacaq doldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən tikililər ilə yanacaq dldurma məntəqəsinin yeraltı çənlərinə və yanacaq doldurma aparatlarına qədər ən yaxın məsafə aşağıdakı kimidir: 3 qeyri-yaşayış sahəsinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 44 m, 54 m, 43,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi 28,5 m, 38,5 m, 39 m, 7 yaşayış evinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 43,5 m, 53 m, 52 m, 63 m, 52,5 m, 50 m, 27,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi isə, 39 m, 47,5 m, 53 m, 71,5 m, 68 m, 71,5 m, 47,5 m-dir. Qərardadla ekspert qarşısında qoyulmuş sualda tikililərin yerləşdiyi torpaq sahələrinin sərhədlərinə qədər olan məsafələrin nəzərə alınması bildirilsə də, AzDTN 2.6-1-ə əsasən təyin olunmuş 50 metrlik mühafizə zolağı yaşayış evlərinin divarlarına qədər nəzərdə tutulduğuna görə, tikililərin yerləşdiyi torpaq sahələrinə qədər olan məsafələr üzrə tədqiqat aparılmışdır. Ekspert tədqiqatına təqdim edilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 1 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “Şəhərsalma əsaslandırılması”nda qeyd olunmuşdur ki, layihələndirilən yanacaq doldurma məntəqəsində sutka ərzində 500-dək avtomobilə xidmət göstəriləcəyi proqnozlaşdırıldığından, sanitar mühafizə zonası 25 m qəbul olunmuşdur. Bununla bağlı ekspert tərəfindən qeyd olunur ki, yanacaq doldurma məntəqəsinin inşa edildiyi yerin mövqeyi (şəhərdaxili olması) yanacaq doldurma məntəqəsinin çənlərinin bir neçə dəfə doldurulması imkanları, eləcə də qeyd olunan məhdudiyyətin layihə sənədlərində əsaslandırılmadığını (yalnız proqnoz xarakterli olduğunu) nəzərə aldıqda həmin tikintisinə başlanılmış yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AZDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmadığı müəyyən edildi (AzDTN 2.6-1 Qaydaya əsasən 50 metrlik mühafizə zolağı olmalıdır). - (rəyin nəticə hissəsi) “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 1 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən qeyd olunur ki, ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən 1, 3, 9, 10 nömrəli tikililər həm yeraltı yanacaq çənlərinin, həm də yanacaq doldurma aparatlarının, 2 və 4 nömrəli tikililər isə yeraltı yanacaq çənlərinin Dövlət Şəhərsalma Norma və Qaydaları, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 ilə tənzimlənən 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən olundu. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında» Əsasnamənin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: (8.20-1) müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçılar müvafiq ərazidə qonşu sahədə əmlakı olan maraqlı şəxslər kimi cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”sini mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan, bununla bağlı prosessual müddət buraxılmadığından (cavabdeh tərəf həmin icazənin onlara 2 may 2020-ci il tarixdən əvvəlki dövrdə təqdim olunmasına dair sübut təqdim edilməmişdir), tikintiyə icazə cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı hazırkı iddia mümkündür. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı mübahisə inşa oluncaq tikili, yəni daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan ona baxılması üçün İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq inşa olunacaq tikilinin olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 1.0.12-ci maddəsinə görə normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir (uyğunsuzluğudur). «İnzibati icraat haqqında» AR Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16-cı maddəsinə görrə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosialiqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə tikintiyə icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə daxildir (maddə 5.1.4). Həmin Məcəllənin 5.2-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79 – 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyətinin yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq AR Fövqəladə Hallar Nazirliyi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. AR Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları» təsdiq edilmişdir. Sənədin 9.1-ci b\ndinə görə təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır: - (9.1.5) maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in 8.46-cı bəndinə görə maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə hazırkı icraatda mübahisələndirilən inzibati aktın – 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”nin qəbulu üzrə cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan icraatda qanunvericiliyin tələblərinin tətbiq edilməsi ilə bağlı müəyyən etdiyi aşağıdakı xüsusatları diqqətə çəkir: - tikintiyə icazə sənədini verməkdə cavabdeh inzibati orqan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətli olduğundan və üzərində tikiliyə icazə verilmiş müvafiq torpaq sahəsi inzibati icraatda tikinti aparmağa icazə verilmiş hazırkı üçüncü şəxs X5 məxsus olduğundan, inzibati icraatda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.2 və 75-ci maddələrinin tələbləri gözlənilmişdir; - mübahisə predmeti olan 3 mart 2020-ci il tarixli inzibati aktın (icazənin) qəbulunda maraqlı şəxslər qismində hazırkı iddiaçıların məlumatlandırılmaması «İnzibati icraat haqqında» AR Qanununun 36.3-cü naddəsinin və AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından pozuntu sayılsa da, “mütənasiblik prinsipi” baxımından maraqlı şəxslərin hüquqları pozulmadığından, bu pozuntu formal xarakterlidir və inzibati aktın qanuniliyinə mütənasib təsir etməmişdir; - tikintiyə icazə verilərkən tikinti obyekti ilə maraqlı şəxslərə məxsus ev və qeyriyaşayış sahələri arasındakı məsəfələrin «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in 8.46-cı bəndinin tələbləri baxımından gözlənilməsi (yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı çənlərdən ən yaxın məsafənin 25 metrdən az olmaması) işdə olan 14 iyul 2021-ci il tarixli 10/503 nömrəli ekspertiza rəyi ilə müəyyən olunur. Məhkəmə ekspertin rəyinin həmin hissəsinin müvafiq mütəxəssis rəyinə istinadən verildiyini nəzərə alır və ekspertiza rəyininin həmin hissəsini mötəbər sübut kimi qəbul edir. Lakin ekspert rəyinin qalan hissəsində ekspertin mövqeyi ilə razılaşmır. Çünki, layihələndirilən yanacaq doldurma məntəqəsində sutka ərzində 500-dək və ya ondan çox avtomobilə xidmət göstəriləcəyinin müəyyənləşdirilməsi və ya proqnozlaşdırılmasının real olub-olmaması sual kimi ekspertiza qarşısında qoyulmamışdır, eləcə də bunun qiymətkəndirilməsi ekspertin səlahiyyətlərində deyil. Nəzərə alınmalıdır ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (Komitə haqqında Əsasnamənin 1-ci bəndi). Bu isə, onu deməyə əsas verir ki, müvafiq sahədə dövlət siyasətini həyata keçirən qurum kimi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən hazırkı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi sözügedən yanacaqdoldurma məntəqəsinin inşası üzrə yuxarıda qeyd olunan xüsusatın həm müəyyənləşdirilməsi, həm də proqnozlaşdırılmasında səlahiyyətlərə malikdir. Hansı normanın, yəni AR Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının, yaxud «Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1»-in müddəalarının tətbiqinə gəldikdə isə, məhkəmə qeyd edir ki, sonuncu aktda (AzDTN 2.6-1-də) yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı çənlərdən yaşayış və digər binaların divarlarına qədər məsafələrin sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş hallada 25 m-dən az olmamaq şərtilə qısaldılması imkanı nəzərdə tutulduğundan, cavabdeh inzibati orqanın həmin normanı tətbiq etməsi hərəkəti «İnzibati icraat haqqında» AR Qanununun 13, 16 və 17-ci maddələrinin tələbləri baxımından adekvatdır. Bu hal, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) deyil. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, sonda belə qənaətə gəlir ki, cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”si qanunsuz inzibati akt kimi qiymətləndirilməməlidir. Odur ki, iddia əsassız sayılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs X7) qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in 110.3-cü maddəsinə görə iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1). Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən, İPM-in 110-cu maddəsinə uyğun olaraq iddiaçılardan ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 manat xərc tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialındakı hesabına (filial kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000000, benefisiarın adı – Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi, benefisiarın hesabı AZ23AİİB**********01778, VÖEN **********) və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X6 – kodu 21005, VÖEN 140155071, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs X7) qarşı «tikintiyə icazənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddiaçılardan ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 manat xərc tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialındakı hesabına (filial kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000000, benrfisiarın adı – Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi, benefisiarın hesabı AZ23AİİB**********01778, VÖEN **********) və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X6 – kodu 21005, VÖEN 140155071, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar