Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10420/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş kimi qeydiyyata almaq vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirak etmişdir, kəşfiyyatçı olmuşdur. Beləki İİ Qarabağ müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda, ikinci dəfə isə Qubadlı rayonunun Şıxlı kəndində döyüşlərdə iştirak edən zaman iki dəfə yaralanmışdır və bu səbəbdən də orqanizm funksiyalarının 35% pozulması səbəbi ilə İİİ qrup əlildir. Ona Tibbi-Sosial Ekspert Kommisiyasının rəyinə əsasən "Üzvi (hərbi əməliyyatlar zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depresssiv daxilolmalar, tez-tez təkrarlanan intihar cəhdləri və özünü kəsmələrlə diaqnozu qoyulmuşdur. Bütün bu səbəblərdən əmək qabiliyyətsizdir və bu fakt Tibbi-Sosial Ekspert Kommisiyasının forma 88 arayışında da əksini tapmışdır. İddiaçı İİ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən və İİİ qrup əlil olan qazi kimi mənzil şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin olunma barədə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin mənə vermiş olduğu 13 may 2024-cü il tarixli cavab məktubuna əsasən, onun azı son beş il əzində Bakı şəhərində yaşamadığı əsası ilə ona imtina verilmişdir. Bildirir ki, o 07 mart 2024-cü il tarixindən ünvan 1 ünvanında qeydiyyatda olsa da 2014- cü ildən həmin bu mənzildə qeydiyyatsız yaşayır. Bu illər ərzində Beyləqan Birinci şahsevən kəndində qeydiyyatda olmuşdur. Lakin o İİ Qarabağ müharibəsindən öncə də neçə il Bakı şəhərində yaşamışdır. Hal-hazırda qeydiyyatda olduğu və yaşadığı evin sahibi və digər yaxınlarında bu faktı təsdiqləyə bilərlər. Lakin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyəti onu mənzil növbəsinə yazmaqdan imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, "Bakı şəhərində mənzil şəraitinın yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq bu iş üzrə iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Diaqnoz: üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez təkrarlanan intihar cəhdləri və özünü kəsmələrlə səbəbi ilə xx.xx.2025-ci il tarixə kimi orqanizmin funksiyalarının pozulması 35% ilə, 3-cü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı 07 mart 2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 19304/24 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Beyləqan rayonu, 1-ci Şahsevən kəndində, xx.xx.2024-cu il tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavabdan müəyyən olunur ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Beyləqan rayonu, Birinci Şahsevən kəndində İddiaçı (ümumibirgə pay) adına 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-603 nömrəli xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı (ümumibirgə pay) adına qeydiyyatdan keçmişdir. Beyləqan rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-434 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Beyləqan rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1084 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Beyləqan rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü tarixli 4Ə-268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeyri-yaşayış binası və binanın yerləşdiyi 0.017 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Beyləqan rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-400 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. X3 adına (ümumibirgə pay) Birinci Şahsevən kəndində 1,1444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 və X4 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 5-20/2-S-14-062/2024 nömrəli məktubunda bildirilmişdir ki, "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Nəzərinizə çatdırırıq ki, ünvan 4 ünvana xx.xx.2024-cü il tarixdən qeydiyyata alındığınızdan və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatınız olmadığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinizin təmin edilməsi səlahiyyətlərimiz xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək üçüncü dərəcə əlildir. İddiaçı yaşayış yerinin olmadığını əsas götürərək, qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, cavabdeh iddiaçının son 5 il ərzində yaşayış yeri üzrə rayon ərazisində qeydiyyatda olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırda onun müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilmiş; -2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş; -3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmiş; -4-cü maddəsinə əsasən adları çəkilən Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8-dən etibarən qəbul olunmuş qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilmişdir. -5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. -2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. -4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. -6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: -7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. -8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanları tərəfindən əlillərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi mənzil növbəsinə alınması Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, iddiaçının azı son 5 il ərzində Bakı şəhəri ərazisində daimi qeydiyyatı təsdiq olunmamışdır. Bundan əlavə oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “..eyni zamanda kassasiya instansiyası məhkəməsi iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddanın əsaslı olmaması qənaətinə gəlmişdir. Məhkəmə xüsuilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda iddiaçının Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi həmin iş üzrə iddiaçının yaşayış yeri üzrə uçota alınmasını Bakı şəhərində faktiki olaraq daimi yaşaması ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə, iddiaçının Bakı şəhərində faktiki daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının doğum yeri Beyləqan rayonu, 1-ci Şahsevən kəndi olmaqla xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmuş, yalnız xx.xx.2024-cü il tarixdən ünvan 5 ünvanına qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində daimi yaşaması və bu yaşamanı təsdiq edən sənədlərin olması tələb olunduğu halda iddiaçı sözügedən ünvana mart 2024-cü il tarixdən qeydiyyata düşmüş, bundan sonra qısa müddətdə mənzil növbəliyinə götürülmə ilə bağlı yerli icra hakimiyyətinə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə müraciətin təminindən imtina edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 466 nömrəli arayışda İddiaçı Yeni Günəşli qəsəbəsinin 56 saylı evin 4 saylı mənzilində 2017-ci ildən 2024-cü ilin mart ayına kimi qeydiyyatsız yaşadığı qeyd edilsə də həmin ünvanda faktiki daimi yaşadığını təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Təqdim edilmiş əmak hüquqlarına dair məlumatlarına əsasən iddiaçının Beyləqan rayonu, Birinci Şahsevən kəndində torpaq, yaşayış və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaqla 2023-2024-cü illərdə həmin əmlaklarla bağlı notarial hərəkətlər etməsi də onun daimi yaşayış yerinin Beyləqan rayonu ilə faktiki bağlılığını müəyyən etməyə imkan verir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahəsinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) aid yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi varsa, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiqi üçün uçota alınmaq istəyən vətəndaşın mənzil şəraiti müraciətdən öncə uçota alınmasına mane olacaq dərəcədə qanunla nəzərdə tutulan minimal səviyyə və ondan yuxarı əliverişli vəziyyətdə olmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmağa xidmət edən müvafiq hərəkətlər etməklə (əmlakı satmaq, bağışlamaq və s.) şəxs öz əliverişli mənzil şəraitini pisləşdirmiş olsun. Qeyd olunanlar nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının adına ilkin olaraq Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evi sonuncu dəfə adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş, daha sonra iddiaçı xx.xx.2024-cü tarixdə həmin əmlakı X5 bağışlamışdır. Bundan sonra iddiaçı xx.xx.02024-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu üzrə pasport qeydiyyatına alınmış və cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil uçotuna alınmasını xahiş etmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan əmlakı bağışlaması iddiaçının mənzil vəziyyətini qəsdən pisləşdirdiyi hal kimi qəbul edilir və bu halda iddiaçının vəziyyəti bilavasitə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşür. Beləliklə, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsindən və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən müvafiq bağışlama barədə əqdin bağlandığı tarixdən növbəti beş il müddət keçmədiyindən iddianın təmin edilməsi də hazırkı halda istisna edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəliliyinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10420/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10420/2024
07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver