Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10422/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə "xxxx" MTK-nın ümumi yığıncağının qərarı ilə payçı qəbul edildiyi ünvan 3, 45 saylı mənzilə dair mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası "xxxx" MTK tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilib. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Bu zaman həmin binada 45 saylı mənzil pay haqqının əvəzinə ona verilib. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilib. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunub. Buna baxmayaraq cavabdeh tərəfindən əmlakı Dövlət Reyestrində qeydiyyata alınmır. Halbuki, sakinlərin əksəriyyətinin mənzili artıq qeydiyyata alınmışdır. Odur ki, cavabdeh tərəfindən onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamağı qanunsuz və əsasızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3152-3156, A.M.Şərifzadə küçəsi, 181E saylı evin 45 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********21 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014- cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Mülki qanunvericiliyə əsasən podratçı gördüyü işə mülkiyyət hüququ əldə etmir və həmin əmlak üzərində sərəncam vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Belə ki, Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər, həmçinin tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki sahəsinin ölçüsü 50.6 kv.m-dır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 3 ünvanında yerləşən ölçüsü 50.6 kv.m olan 45 saylı mənzilə mülkiyyət hüququnun İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın 15 aprel 2024-cü il tarixli, İM-11/24 nömrəli "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 016 saylı protokoldan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK üzvlüyünə qəbul edilməsi və vətəndaş İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın ünvan 4 ünvanında tikilən 12 mərtəbəli “İ” girişli yaşayış binasının 8-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 45 saylı mənzilə payçı qəbul edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli, İM-2/24 nömrəli maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK -ya məxsusdur. Bu binanın “İ” girişinin 8-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 45 saylı mənzilin pay haqqı İddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********55 nömrəli məktubunda bildirilmişdir ki, sözügedən ünvanla bağlı Milli Qeydiyyat Sistemində digər şəxslərin müraciətləri qeydə alınmamışdır. İnzibati icraat materialları ilə təqdim olunmuş Şərifzadə küçəsi, 181E, mənzil 45-in vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 2, faktiki 2, ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 51.5 kv.m, faktiki 50.6 kv.m təşkil edir. Mənzil 12 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Soldan 5-ci qapı. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli imtina məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə “llkin-Y" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisliyi "xxxx" Mənzil-Tikinti Kooperativinə keçdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57.2-ci maddəsinə əsasən təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının "xxxx" MTK-nın 15 aprel 2024-cü il tarixli, İM-11/24 nömrəli "xxxx" Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 016 saylı protokolu və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bu əsasdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsi münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. İşin hallarından müəyyən olunur ki, sözügedən mənzil bir otaqlı, faktiki 50.6 kv.m ölçüdə olmaqla Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli aktı ilə istismara qəbul edilmiş yaşayış binasının 8-ci mərtəbəsində yerləşir və iddiaçının faktiki istifadəsindədir. Eləcə də həmin mənzillə bağlı Milli Qeydiyyat Sistemində digər şəxslərin müraciətləri qeydə alınmamışdır. Cavabdeh etirazında Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlərin təqdim edilmədiyinə istinad etsə də, iddiaçı həmin tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsini təqdim etmişdir. Cavabdeh həmçinin tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair heç bir sənəd təqdim edilmədiyinə istinad etmiş, lakin, "xxxx" MMC-nin "xxxx" MTK-ya çevrilməsi ilə əlaqədar həmin təşkilatın hüquqi varisliyinin "xxxx" MTK-ya keçməsini nəzərə almamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.6 kv.m olan 45 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.6 kv.m olan 45 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10422/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10422/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver