Məhkəmə qərarları › İş №2-1(112)-10424/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10424/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10424/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci il təvəllüdlüdür, orta təhsillidir, İ Qarabağ müharibəsi iştirakçısıdır. O, xx.xx.1993-cii il tarixdə Nərimanov rayon hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 02 iyun 1993-cü il tarixdən xx.xx.1994-ci il tarixinə kimi N saylı hərbi hissədə qulluq etmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdə Ağdam, Tərtər rayonları ərazisində gedən döyüşlərdə fəal iştirak etmişdir. 1994-cü ilin fevral ayının 17-də bərk şaxtalar olduğundan ayaq barmaqlarımı don vurduğu üçün onun Tərtər rayonu ərazisində tibb hissəsinə, oradanda Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxanaya göndərilmişdir. xx.xx.1994-cii ildə hərbi hissədə ona bildirilmişdir ki, o, 145 saylı hərbi poliklinikaya gedib müalicəni davam etdirməlidir. Bütün qeyd olunan məlumatlar və onun cəbhə bölgəsində qulluq etməsi hərbi biletində qeyd olunmuşdur. Lakin bu günə kimi o, “Müharibə veteranı” vəsiqəsini ala bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 2198 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 137 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin tərkibində Ağdam və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etməsi və yaralanması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli, 2/2-6181 nömrəli məktubundan görünür ki, İddiaçı döyüşən hərbi hissələrdə hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələr siyahısında deyil və iddiaçının döyüş tapşırığının yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2001-ci il tarixli qərardan görünür ki, həmin qərar ilə N saylı hərbi hissənin sabiq əsgəri, 1975-ci il təvəllüdlü Bakı şəhəri, Atatürk küçəsi 35, mənzil 62-də yaşayan İddiaçı barəsində Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibətilə amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli qərarının birinci bölməsinin 1.1-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin 22 may 2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən sonra evə getdiyinə, döyüşən hərbi hissələrdə hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına ona görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Prokurorluğu Sumqayıt Hərbi Prokurorluğu tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsini özbaşına tərk etməsi faktı üzrə araşdırma aparılaraq toplanmış material və həmin material üzrə qəbul edilmiş 09 iyul 2001-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Azərbaycan Respublikası Baş Prokurorluğunun 28 dekabr 2004-cü il tarixli 57 nömrəli “Azərbaycan Respublikasının prokurorluq orqanlarında kargüzarlığın aparılması Qaydaları haqqında” təlimatın tələblərinə əsasən saxlama müddəti bitdiyinə görə məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 137 №-li əmrilə (əsas: §-15, səh-9, sıra-200) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilərək “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il, yanvar- may 1994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin tərkibində döyüş əməliyyatları ərazisində gedən döyüşlərdə iştirak etməsi və yaralanması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin 1993-1994-cü il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmadığından və məktubunuzda xidmət müddəti (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması) dəqiq göstərilmədiyindən barəsində əlavə araşdırma aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 13 avqust 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi dövr ərzində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşlərdə iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən daxil olmuş qeydiyyat kartasında qeyd olunan məlumatlara əsasən ARMM-nin xx.xx.1997-ci il tarixli “Amnistiya haqqında qərara” əsasən Azərbaycan Respublikasında hərbi xidməti sayılmır. Sumqayıt qarnizonu Hərbi Prokurorluğunun HP-14/3386-S saylı xx.xx.2001-ci il tarixli “Amnistiya haqqında qərara” əsasən hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 27 avqust 2024-cü il tarixli sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 06 noyabr 2019-cu il tarixli arayışa əsasən iddiaçı N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü il tarixdən 01.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2019cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiinin Xətai rayon idarəsində hərbi qeydiyyatdadır, -Mərkəzi Hərbi Həkim Komissiyasının 20 dekabr 2019-cu il tarixli 1018 №-li qərarı ilə Bakı ş. Nərimanov RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı ş. 5 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Hər iki ayaq barmaqlarının ll-lll dərəcəli donması” və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma-diaqnoz: “Hər iki ayağın l-ll barmaqlarının l-lll dərəcəli donvurması (xx.xx.1994)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin xx.xx.2019-cu il tarixli 1917 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 374 nömrəli arayışı, Bakı ş. 5 nömrəli Şəhər Klinik Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli 3481 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun döyüşən hərbi hissələrdə hərbi xidmətinin əmrlərlə təsdiqlənmədiyinəvə hərbi hissəni özbaşına tərk etməyinə istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsi 13 avqust 2024cü il tarixli məktubu ilə iddiaçının xidmət etdiyi dövr ərzində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşlərdə iştirak etdiyini təsdiq etmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1994-cü il tarixli 154 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədə qeyd edilmişdir ki, hərbi həkim komissiyasının rəyində yaralanmalar və xəstəliklərin səbəb əlaqəsi haqqında rəydə müxtəlif ifadələr işlədilir. Həmin ifadələrdən biri də məhz «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» ifadəsidir. Əsasnaməyə görə «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı özündə aşağıdakıları ehtiva edir. əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Beləliklə, “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədən də göründüyü kimi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı xəsarətin bilavasitə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən alındığını təsdiq edən dəlillərdən biridir. Qeyd olunan hüquq mövqeyə istinadən, Məhkəmə belə qənaətə gəlir ki, müvafiq qaydada həyata keçirilmiş şəhadətləndirmə prosesi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş sorğuya cavab məktubu, şəxsin hərbi əməliyyatlarda iştirak faktını təsdiqləyən və cavabdeh tərəfin irəli sürdüyü etirazın əsassızlığını ortaya qoyan mötəbər hüquqi əsaslar kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının döyüş əməliyyatları ərazisində gedən döyüşlərdə iştirak etməməsi və yaralanması barədə məlumatın olmasının aşkar edilməməsi barədə imtina qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarında olan sənədlərdən, eləcə də Hərbi Həkim Komissiyasının 06 avqust 2001-ci il tarixli arayışından da görünür ki, onun aldığı travma dind dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq əsası qismində çıxış edir. Nazirliyin Arxiv arayışından görünür ki, 25 iyun 1997-ci il tarixdən təminatdan, 28 avqust 1997-ci il tarixdə şəxsi heyət siyahısından çıxarılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almış, döyüş zonasında xidmət keçmişdir. Həmin inzibati akt qüvvədə olmaqla cavabdehin tabeliyində olan qurum tərəfindən qəbul edilmiş, ləğv edilməmişdir, hüquqi nəticələrə malikdir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-787/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Ali Məhkəmənin 2-1(102)-1123/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, veteran ad və statusunun verilməsinə dair iddianın təmini barədə gəlinən nəticə təsdiq olunarkən imtina dəlillərinin əsassız sayılması əsaslarından biri kimi qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək, vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək üçün yaradılmış səlahiyyətli orqanın qərarına əsaslanmışdır. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2020-ci il tarixli N787 saylı şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və səbəbdən Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar travma almış şəxslərə veteran vəsiqəsinin verilməsi üzrə işlərə dair formalaşmış məhkəmə təcrübəsinin hazırkı münasibətdə tətbiqini istisna edən hər hansı hal yoxdur. Belə ki, iddiaçıya həmin əsasla əlillik təyin edilməsə belə, onun travma alması və travmanın Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar olması hüquqi qüvvəsində olan cavabdehin alt qurumu tərəfindən qəbul edilmiş qərarla da öz təsdini tapır və qərara aid aidiyyəti sənədlərdən görünür ki, travma dinc dövründə ümumiyyətlə yararsızlıq, müharibə dövründə isə məhdud yararlılıq kateqoriyasının müəyyən edilməsi əsası qismində çıxış edir. Bu isə, əlillik təyin edilmiş hərbi qulluqçulara veteran vəsiqəsinin verilməsi zamanı qanuni əsaslarla ehtiyata buraxılmaya dair müəyyən edilmiş şərtin ödənilməsi ilə oxşarlıq təşkil edir. Belə ki, hər iki halda veteran statusunu almaq istəyən şəxs, həqiqətən də döyüşlər zamanı travma almışdır ki, bu zaman şəxsin əlillik statusu alması və ya almaması qazanılmış statusa təsir etmir. Əks yanaşma o deməkdir ki, inzibati orqanın özünün qərarı ilə müdafiə ilə əlaqədar travma alması təsdiq edilmiş, dinc dövründə yararsızlığı, müharibə dövründə məhdud yararlılıq kimi travması olan şəxsin döyüş əməliyyatlarında iştirak etməməsi, qanuni əsaslarla ehtiyata buraxılmaması səbəbindən vəsiqənin verilməməsi vəziyyəti yaranmış olar ki, məhkəmə hesab edir ki, imtina göstərilən səbəbdən qanunsuz və əsassız olmaqla iddianın təmini zəruri edir. Məhkəmə, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərara münasibətdə də əlavə olaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. AR CM-nin 83.2-ci maddəsinin hazırkı redaksiyasından göründüyü kimi barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Eyni zamanda, qeyd olunur ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli qərarından da göründüyü kimi Konstitusiya Məhkəməsi hesab etmişdir ki, üç əsasdan (cinayət, ittiham hökmü və cəza birinin olmaması) hər hansı birinin olmaması məhkumluğun olmasını istisna edir. Konstitusiya Məhkəməsi AR CM-nin 83.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən yekunda həmin maddəyə belə şərh vermişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Göründüyü kimi amnistiya aktına əsasən cinayət işinin başlanılması barədə rədd qərarı iddiaçı barəsində hər hansı məhkumluq yaratmadığından onun hüquqi nəticəsinin mövcudluğundan söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, şəxsin döyüş əməliyyatlarında iştirakı və yaralanması Mərkəzi Hərbi Həkim Komissiyasının qanuni qüvvəsini almış qərarı ilə təsdiq edildiyindən özbaşına tərk etmə və qanuni əsaslarla ehtiyata buraxılmama ilə əlaqədar imtina dəlilləri qanuni və əsaslı hesab edilməməklə iddianın təmini üçün əsas müəyyən etməkdədir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar