Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10426/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra hərəkətlərini dayandırılması və qiymətləndirmənin təmin edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Qaradağ rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Qaradağ rayon İcra və Probasiya Şöbəsinin üzərinə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında 28 fevral 2017-ci il tarixdə verilmiş icra vərəqi üzrə icra hərəkətlərini dayandırılması və “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) yük avtomobilinin qiymətləndirilməsinin təmin edilməsi öhdəliyini müəyyən edən qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 17 fevral 2012-ci il tarixli 49/L-12 saylı lizinq müqaviləsi üzrə İddiaçı 10354 manat əsas borc, 86 manat mükafat borcu, 556 manat cərimə borcu olmaqla, cəmi 11006 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ondan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ 90JS385 dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC-nə təhvil verilməsi və Lizinq müqaviləsi üzrə öhdəliklərin üçüncü şəxslərə ötürülməsi hüququnun "xxxx" MMCyə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra, Şuşa Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixdə 8(32)-17 saylı qərardadı (qətnamənin izah edilməsinə dair) ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsinə izah verilərək bildirilmişdir ki, 10354 manat əsas borc, 86 manat mükafat borcu, 556 manat cərimə borcu olmaqla, cəmi 11006 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun məndən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə lizinq predmeti olan “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ 90JS385 dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC-yə təhvil verildikdən sonra qiymətləndirilmiş məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi başa düşülsün. Hazırda, qeyd olunan qətnamə üzrə icra işi Qaradağ rayon İcra şöbəsinin icraatındadır. İddiaçıdan, qətnaməni icra etmək və ümumilikdə 7836 manat ödəmək tələb olunur. Hansı səbəbdən həmin məbləği ödəməli olduğu isə əsaslandırılmır. Yalnız bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Shacman SX3315DT406-yük” markalı yük maşınını 3200 manata qiymətləndirib, həmin məbləği borcdan çıxdıqdan sonra, qalıq məbləğ tələb edilir. Yəni, Lizinq şirkəti tərəfindən birtərəfli qaydada yük maşını qiymətləndirib, şirkət tərəfindən də borc hesablanaraq tələb olunur. Lakin, nə Şuşa rayon İcra şöbəsi və nə də Qaradağ rayon İcra şöbəsi tərəfindən qiymətləndirmə həyata keçirilməyib. Buna baxmayaraq ondan hələ də məbləği dəqiq müəyyən edilməyən borc tələb olunur. Müraciəti əsasında Qaradağ rayon İcra şöbəsinin 03 iyun 2022-ci il tarixli məktubu ilə də bildirilmişdir ki, iş materiallarında “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) avtimobilin heç bir sənəd yoxdur. Göründüyü kimi, cavabdeh icra sənədinin tələblərindən kənara çıxaraq, heç bir qiymətləndirmə aparmadan ondan borc tələb edir. Nəticədə isə ona ziyan dəyir. Çünki, qeyd olunan yük avtomobili qiymətləndirildikdə müəyyən olunacaq ki, dəyəri ona hesablanmış borcdan dəfələrlə çoxdur. Hazırda bu tipli yük avtomobillərinin bazar dəyəri 45000-60000 manatdır. İddiaçıdan alınan yük avtomobilinin qiymətinin yüksək olması müəyyən olunduqda, onun borcdan artıq olan məbləğə hüququ yaranır. Qaradağ rayon İcra şöbəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə aparılmadan hər hansı bir icra hərəkətlərinin aparılması yol verilməzdir və bu hərəkətlərin aparılması həmin quruma qadağan edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin adıçəkilən 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 12 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı, 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx"MMC-nin cavabdeh X3 qarşı iddiası qismən təmin edilərək X2 10354 manat əsas borc, 86 manat mükafat borcu, 556 manat cərimə borcu olmaqla, cəmi 11006 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, lizinq predmeti olan “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC-yə təhvil verilməsi, lizinq üzrə öhdəliklərin üçünçü şəxsə ötürülməsi hüququnun "xxxx" MMC-yə ötürülməsi qət edilmişdir. Şuşa Rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 8(32)-17 saylı qərardadı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-844 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X2 10354 manat əsas borc, 86 manat mükafat borcu, 556 manat cərimə borcu olmaqla, cəmi 11006 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi dedikdə “Shacman SX3315DT406-yük” markalı (şassi nömrəsi LZGCR2R68BX081967, buraxılış ili 2011) AZ ** JS *** dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC-yə təhvil verildikdə sonra qiymətləndirilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğin ödənilməsi kimi başa dşülməsi qərara alınmışdır. Məhkəmə qətnaməsi qanunu qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırkı iş üzrə iddiaçı icra sənədi üzrə icra predmeti olan yük avtomobilinin qiymətləndirmə aparılmadan icra məmurunun icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı hərəkətlərini mübahisələndirərək icra hərəktlərinin dayandırılması və icra predmetinin qiymətləndirilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini inzibati məhkəmə icraatında inzibati iddia qaydasında tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. -26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlıdır. Belə ki, iddiaçı icra icraatı çərçivəsində icra məmurunun icra predmeti olan yük avtomobilinin qiymətləndirməməsi kimi hərəkətsizliyini mübahisələndirərək qiymətləndirmənin keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi “İcra haqqında” Qanunun 26-cı maddəsində göstərilən şikayətə baxan məhkəmə elə icraya nəzarət edən icra sənədini verən məhkəmədir. Bu, həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Hazırkı halda iddiaçının icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətsizliyini, qiymətləndirmənin keçirilməsini müstəqil iddia tələbi kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə şikayət verilməklə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı “icra hərəkətlərini dayandırılması və qiymətləndirmənin təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10426/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10426/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver