Məhkəmə qərarları › İş №2-1(112)-10428/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10428/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10428/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Hərbi Prokurorluq tərəfindən ona qarşı yol verilmiş qeyri-qanuni hərərkətlər nəticəsində dəymiş mənəvi və maddi ziyanın ödənilməsi 100 (yüz min) manat cavabdeh orqan qarşısında öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 12 sentyabr 2022-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçının tələbi xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək hərbi prokuror Azər Quliyev və müstəntiq İntiqam Əliyev tərəfindən qeyri-qanuni olaraq həbs edilməsi, sonuncular tərəfindən həbs zamanı ona qarşı qeyri-qanuni hərəkətlərin edilməsi və bununla da ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. İddiaçı barəsində aparılmış cinayət işi üzrə cavabdehin hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 100.000 manatın tutularaq ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Adıçəkilən Qərarının 7.1-ci bəndində göstərilmişdir ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 7.2-ci bəndində göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqanın cinayət prosessual fəaliyyətinə dair işlər üzrə icraatın icraatın gedişindəki hərəkətləri ilə ona bilavasitə dəymiş zərərin ödənilməsini tələb etdiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. (Qərar 15.2-ci bənd) Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə izah edir ki, iddiaçının hazırkı iddia tələbi ilə aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar