Məhkəmə qərarları › İş №2-1(112)-10428/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10428/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10428/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün qalan hissəsinin tam şəkildə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün qalan hissəsinin tam şəkildə ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Kəlbəcər istiqamətində gedən döyüşlərdə 17 yanvar 1994-cü ildə şəhid olmuşdur. İddiaçı şəhid X5 vəfatı ilə əlaqədar şəhid ailəsi üzvü kimi 2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 iyun 2025-ci il tarixli məktubuna əsasən şəhid X6 ailə üzvü kimi İddiaçı xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş, xx.xx.2010-cu il tarixinədək 2/3 pay (övladı X3 payı daxil olmaqla), xx.xx.2010-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 1/2 pay, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək tam pay olaraq ödənilmişdir. Xidməti araşdırma nəticəsində iddiaçının mərhum yoldaşı şəhid X6 anası X7 ölüm haqqında şəhadətnaməsinin təqdim edilmədiyi müəyyən olunmuş və bu səbəbdən təqaüdün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmış, həmin tarixdən sonra təqaüdün yarısı, yəni 250 manat məbləğində ödənişlər davam etdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1869/2023 nömrəli qərarı əsasında İddiaçı şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün məbləği xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500 manat, xx.xx.2023-cü il tarixindən isə 600 manat məbləğində olmaqla bərpa edilmişdir. Həmçinin, Prezident təqüdünün ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) hesablanmış fərq məbləği 2024-cü ilin dekabr ayında İddiaçı aylıq təqaüdünün üzərinə əlavə edilməklə ödənilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Prezident təqaüdünün qalan hissəsinin tam məbləğdə ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1869/2023 nömrəli qərarına əsasən şəhid ailəsi üçün təyin edilən təqaüdün qalan hissəsinin dayandırıldığı vaxtdan tam məbləğdə ödənilməsi öhdəliyi Mərkəzi Filialın üzərinə qoyulduğundan və sözügedən Prezident təqaüdü xx.xx.2007-ci il tarixindən təsis olunduğundan sizə ərizənizdə qeyd etdiyiniz dövr üzrə (2006-cı il tarixindən) şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün tam məbləğdə təmin edilməsi mümkün hesab edilmir. Ərizənizdə qeyd etdiyiniz digər məsələlərin ("xxxx" ASC-dən və "xxxx" ASC-dən Prezident təqaüdünü alınması ilə bağlı ödəniş kartı üzərindən çıxarışın verilməsi) icra edilməsi Mərkəzi Filialın səlahiyyətləri xaricindədir. O cümlədən ərizənizdə qeyd etdiyiniz dövr üzrə (xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək) Prezident təqaüdünün alınması ilə bağlı ödəniş kartı üzərindən çıxarışın verilməsi ilə bağlı Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etməyiniz tövsiyə olunur”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailə üzvü üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək üçdə bir hissəsinin, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək ikidə bir hissəsinin qalıq məbləğinin hesablanması və tam şəkildə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, şəhid ailələri üçün Prezidentin təqaüdünün məbləği ona 50 faizi məbləğində ödənilirdi, lakin o, bu təqaüdü 2006-cı ildən 2022-ci ilə kimi tam ala bilmir. Belə ki, mərhum həyat yoldaşı X6 anası onun vərəsəsi olduğu üçün həmin təqaüdün 50 faizi X8 ödənilirdi. Hansı ki, Ayse xanım onda olan məlumata görə Türkmənistan Respublikası, Bayraməli şəhəri, Marskaya şosse küçəsi ev 23/8-də yaşayıb və 1994-cü ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının mərhum anası Ayse xanım uzun illərdi vəfat edib, mərhum həyat yoldaşı X6 tək vərəsəsi odur və şəhid ailələri üçün Prezidentin təqaüdü tam şəkildə ona ödənilməlidir. Bu barədə bir çox tarixlərdə aidiyyəti üzrə cavabdehə müraciət etsə də, müraciəti müsbət həllini tapmamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-1869/2023 nömrəli qərarının icra olunması ilə bağlı cavabdehə müraciət etmiş, cavab məktubunda cavabdeh tərəfindən ərizəçiyə ümumilikdə 8150 manat məbləğində pul vəsaiti ödənilərək məhkəmə qərarının icrasının tam şəkildə başa çatdırıldığı qeyd edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının cavabdehə müraciəti qərarın icrası ilə bağlı olmuş, hazırkı tələb üzrə müraciəti olmamış və qanunla qorunan maraqları cavabdeh inzibati orqan tərəfindən pozulmadığından iddia tələbi mümkün hesab edilməməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd etdiyi halla, yəni iddiaçının hazırkı tələblə cavabdehə müraciətinin olmaması əsası ilə iddianın mümkün sayılmaması barədə dəlili ilə razılaşmır. Belə ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1869/2023 nömrəli qərarı qəbul edilməmişdən əvvəl cavabdehə müraciət edərkən ona ödənilməli olan təqaüdün təyin edildiyi tarixdən hazırkı dövrə qədər ödənilməyən hissəsinin ödənilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, İddiaçı şəhid X6 ailə üzvü kimi 2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçıya xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş, xx.xx.2010-cu il tarixinədək 2/3 pay (övladı X3 payı daxil olmaqla), xx.xx.2010-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 1/2 pay, xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək tam pay olaraq ödənilmişdir. İddiaçının mərhum yoldaşı şəhid X6 anası X7 ölüm haqqında şəhadətnaməsinin təqdim edilmədiyi müəyyən olunmuş və bu səbəbdən təqaüdün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmış, həmin tarixdən sonra təqaüdün yarısı, yəni 250 manat məbləğində ödənişlər davam etdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1869/2023 nömrəli qərarı əsasında İddiaçı şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün məbləği xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500 manat, xx.xx.2023-cü il tarixindən isə 600 manat məbləğində olmaqla bərpa edilmişdir. Həmçinin Prezident təqüdünün ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) hesablanmış fərq məbləği 2024-cü ilin dekabr ayında iddiaçının aylıq təqaüdünün üzərinə əlavə edilməklə ödənilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı, şəhid ailə üzvü üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək üçdə bir hissəsinin, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək ikidə bir hissəsinin qalıq məbləğinin hesablanması və tam şəkildə ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassız olmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2010-cu il tarixli 323 nömrəli Fərmanı ilə «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün aylıq məbləği 50 faiz artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli 564 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 165 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 953 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 242 nömrəli Fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli 501 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsində “300 (üç yüz)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Prezidentinin13 yanvar 2023-cü il tarixli 1973 nömrəli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları»nın 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Həmin Qaydaların 6-cı bəndinə görə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 17 yanvar 1994-cü il tarixdə həlak olmuş şəhid X6 arvadı kimi şəhid ailəsi statusuna malikdir. Cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə təsis edilmiş şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü 2007-ci ildən 2022-ci ilin avqust ayınadək tam şəkildə ödəməmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1869/2023 nömrəli qərarı əsasında şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün məbləği xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500 manat, xx.xx.2023-cü il tarixindən 600 manat məbləğində olmaqla bərpa edilmişdir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hesablanmış Prezident təqaüdü üzrə fərq məbləği 2024-cü ilin dekabr ayında aylıq təqaüdünün üzərinə əlavə edilməklə ödənilmişdir. İddiaçı hazırda şəhid ailə üzvü üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək üçdə bir hissəsinin, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək ikidə bir hissəsinin qalıq məbləğinin hesablanması və tam şəkildə ona ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mərhum əri X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və ona şəhid statusu, iddiaçıya isə bununla əlaqədar şəhid ailəsi statusu verilmişdir. Qeyd olunan faktiki hal mübahisələndirilməsə də, məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həm ötən əsrin 90-cı illərində, həm də 2020-ci ilin sentyabr – noyabr aylarında döyüş əməliyyatlarında şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştlər (o cümlədən, mənzillə təmin olunması, təqaüd verilməsi və s. ilə bağlı) müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu qəbildən olan güzəştlər müvafiq şəxslərə aidiyyəti səlahiyyətli orqanlar tərəfindən vaxtında və mütənasib şəkildə tətbiq edildikdə özünün mahiyyəti və məqsədi baxımından adekvatlığını saxlamış olur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının özünü “tək ailə üzvü” kimi bəyan etməsini qəbul etməsə də, digər ailə üzvünün (şəhid ailəsi sayılan şəxsin) konkret kimliyi, həmin şəxsin müvafiq statusa malik olması barədə heç bir arqument gətirmir və hansı səbəbdən təqaüdün məhz yarısının verilməsini əsaslandırmır. Belə ki, başqa ailə üzvləri də ehtimal oluna bilər. Hətta belə şəxsin inzibati orqana müraciəti də olmamışdır. Odur ki, cavabdehin bu dəlil üzrə imtinası «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərini pozur. Bundan başqa, hazırkı iş üzrə iddiaçının üzərinə inzibati icraatda şəhidin başqa ailə üzvlərinin olmamasına dair sübut təqdim etmək vəzifəsi də qoyula bilməz. Belə hal «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələblərinə ziddir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə qnəatə gəlir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri (imtinası) qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Həmçinin cavabdehin 20 iyun 2025-ci il tarixli məktubuna əsasən şəhid X6 ailə üzvü kimi İddiaçı xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş, xx.xx.2010-cu il tarixinədək 2/3 pay (övladı X3 payı daxil olmaqla), xx.xx.2010-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 1/2 pay, xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək tam pay olaraq ödənilmişdir. Göründüyü kimi iddiaçıya şəhid ailə üzvü üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək üçdə bir hissəsi, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək ikidə bir hissəsi hesablanaraq ödənilməmişdir. Təqüdün göstərilən dövrlər üzrə ödənilməməsi, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi bank çıxarışları ilə təsdiq olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı şəhid ailə üzvü üçün nəzərdə tutulmuş Prezident təqaüdünün xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək üçdə bir hissəsinin, xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək ikidə bir hissəsinin qalıq məbləğinin hesablanması və tam şəkildə ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar