Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10430/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi bələdiyyəsinin 29 dekabr 2003-cü il tarixli 62 nömrəli fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında qərarına əsasən hər kv.metr üçün 20800 manat olmaqla, ümumilikdə ******* manat ödəmək şərti ilə Binəqədi rayonu Rezervuar küçəsində 200 kv.m torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı 29 dekabr 2003-cü il tarixdə alqı-satqı müqaviləsi də bağlanaraq ödəniş edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır. Bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Əlavə olaraq, torpaq sahəsi xx.xx.2003-cü il tarixli, 62 saylı qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2003-cü il tarixli, 62 nömrəli qərara istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 62 saylı qərarı və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 62 saylı qərarı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsində 200 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün iddiaçı satılması (hər kv.m üçün 20800 manat ödəmək şərti ilə) qərara alınmışdır. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsində 200 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsində 200 kv.m torpaq sahəsinə görə iddiaçı tərəfindən Binəqədi rayonu Binəqədi bələdiyyəsinin hesabına ******* manat haqq ödənilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən baxış aktı, koordinatları və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsindəki torpaq sahəsi faktiki olaraq 207,9 kv.m təşkil edir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda bələdiyyənin 2000-2010-cu illərə dair sənədlərinin Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyi bildirilmiş və mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 saylı sərəncamı məhkəməyə təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 saylı sərəncamından müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli fərmanına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Binəqədi bələdiyyəsinə təhvil verilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 200 kv.m olsa da, faktiki olaraq 207,9 kv.m təşkil edir və üzərində tikintialtı sahəsi 83.4 kv.m olan yaşayış evi mövcuddur. Həmin məktubla göstərilən sahə yaxınlığında qeydiyyatdan keçmiş **********96 və **********17 reyestr nömrəli sahələrin mövcud olması bildirilmiş və həmin çıxarışların verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixli 62 nömrəli qərarla ona ayrılmış Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsindəki 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır. Yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamışdır. Torpaq sahəsi xx.xx.2003-cü il tarixli, 62 saylı qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2003-cü il tarixli, 62 nömrəli qərara istinad olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). İşdən görünür ki, Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsindəki 200 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən qanuni əsaslarla iddiaçıya ayrılmışdır. Həmin qərar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur və həmin qərarın mötəbərliyi məhkəmədə şübhə doğurmur. İlk öncə qeyd edilməlidir ki, cavabdehin imtina əsasları formal xarakterə malikdir və iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamı ilə bələdiyyəyə təhvil verilmişdir. Yəni həmin torpaq sahəsi dövlət mülkiyyətində yox, bələdiyyə mülkiyyətində olmuşdur. Bunun əksini təsdiq edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, təqdim olunan cizgidə dəqiq istinad, istinad məsafələrinin qeyd olunmaması, yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmaması və alqı-satqı aktında “xx.xx.2003-cü il tarixli” yerinə yanlışlıqla “xx.xx.2003-cü il tarixli” qərara istinad olunması müvafiq orqanların səlahiyyətinə aid olmuş məsələlərdir və sənədlərdə yol verilmiş texniki səhvlərdə iddiaçının təqsiri olmadığı üçün bu hallar onun ziyanına şərh edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sərəncamları ilə torpaq sahələri ayrılmış və həmin qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışlar verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ayrıayrı şəxslərə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsində ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsində ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-10430/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10430/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver