Məhkəmə qərarları › İş №2-1(112)-10434/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10434/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10434/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin nümayəndəsi X1, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “ölüm haqqında şəhadətnamənin ləğv edilməsi” haqqında iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə (bundan sonra qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi, tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək məhkəmədən, 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən Muradov Yavər Yaqub oğlunun öülmünün qeydə alınması barədə 2021-ci ilin 11-ci ayının 01-ci günündə 855 nömrə ilə aparılmış ölüm akt qeydinin və həmin qeyd əsasında verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci ildə “Covid-19 və ikitərəfli pnevmoniya” diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb X3 qəbul edilmiş, xx.xx.2021-ci ildə xəstə evə buraxılmış və o, həmin gün yaşadığı - Bakı şəhəri, Y/Günəşli qəsəbəsi “D” Y/S, ev 11, mənzil 4-də vəfat etmişdir. Çağırış əsasında atası vəfat etdiyi mənzildə olmuş Bakı şəhəri, Təcili və X5 Stansiyasının (BŞT və TTYS) 22 saylı bölməsinin həkimi C.Yusifov tərəfindən xx.xx.2021-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” və “Müşayiət vərəqi” doldurulmuş və həmin vərəqələrdə atasının ölüm faktı təsdiqlənməklə ölümün səbəbi kimi “COVİD-ə yoluxma” qeyd edilmişdir. Mərhum atasının ölümü haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamə qüvvədə olan qanunvericlik aktında uyğun olaraq bunu verməyə səlahiyyətli olan tibb müəssisəsi tərəfindən deyil, qanunsuz olaraq "xxxx" MMC tərəfindən verilmişdir. Qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında cavabdeh qeydiyyat şöbəsi tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.2-ci bəndinə görə infeksiyon xəstəliklər və ya onlara şübhə olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bununla bağlı qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında qanunsuz verilmiş ölüm haqqında şəhadətnamənin ləğv edilməsi üçün tərəfindən cavabdehə ərizə ilə müraciət edilsə də, cavabdeh müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək müraciətində qaldırdığı məsələnin həllindən imtina etmişdir. Ona görə də hesab edir ki, cavabdeh qeydiyyat şöbəsi tərəfindən mərhum atası Muradov Yavər Yaqub oğlunun barəsində verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə qanunsuz verildiyindən məhkəmə qaydasında ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin 2- 1(112)-10434/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə dair xx.xx.2023-cü il tarixli, 3-16-5/8-75-876/2023 saylı yazılı mülahizədə göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a 15 №-li əlavənin 05/59 bəndində ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə-tibb ekspertizasının rəylərinin qeydiyyat şöbələrinin arxivlərində saxlanılma müddəti 1 il nəzərdə tutulmuşdur. Müvafiq sənədlərin qeydiyyat şöbəsində (əsas nüsxə sənədi vermiş tibb müəssəsində saxlanılır və bu sənədlər barəsində ümumi məlumaq akt qeydində öz əksin tapır) saxlanılan nüsxəsi məhv edildiyi üçün təqdim edilməsi imkanları xaricindədir. Muradov Yavər Yaqub oğlunun AZE ******* nömrəli xx.xx.2009-cu il tarixli şəxsiyyət vəsiqəsi isə ləğv edilməsi üçün vaxtilə qeydiyyatda olduğu Suraxanı RPİ-yə göndərilmişdir. Üçüncü şəxsin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddiaçı Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətə uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş **********1112021 saylı ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü, sonuncu yaşayış yeri ünvan 3 ünvanında yaşamış Muradov Yavər Yaqub oğlu “Törədicisi müəyyən olunmamış digər pnevmoniya” xəstəliyi səbəbindən (007.1- COVİD-19, virus təyin olundu, 136- Başqa rubrikalarda təsnif olunmayan tənəffus çatmamazlığı) ölmüşdür. “Medistyle Hospital”ı tərəfindən ******* №-li xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamə verilmişdir. Bunun əsasında AZ-İİ seriyalı 208309 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 208309 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11 ayının 01 günündə 855 №-li qeyd edilmişdir. Ölümün səbəbi: “Törədicisi müəyyən olunmamış digər pnevmoniya”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Muradov Yavər Yaqub oğlunun ölüm haqqında xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs X4 qarşı ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3784/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı və onun vəkili Ş.Əfəndiyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı 15 mart 2022-ci il tarixli qətnaməsinin qismən, yəni 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə icraata “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3784/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin tibbi şəhadətnamənin etibarsız hesab olunması tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4758/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3784/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ona ünvanlanmış 050-1947/75 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun xx.xx.2022-cı il tarixli atasının Muradov Yavər Yaqub oğlunun xx.xx.2021-ci il tarixli AZ-İİ 208309 saylı ölüm haqqında şəhadətnamənin ləğvi ilə bağlı müraciətinə baxmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” haqqında Qaydalarının 8-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə öturulməməsinə və ya duzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ölüm, ölum haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Göstərilənləri nəzərə alaraq “Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ******* saylı, xx.xx.2021-ci ıl tarixli tibbi şəhadətnaməyə əsasən şöbələri tərəfindən xx.xx.2021-ci il tarixdə 855 saylı ölüm haqqında akt qeydi qeydə alınmış və ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 23-cü bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında icra edilir. Atasının ölüm haqqında akt qeydinin ləğvi şöbə tərəfindən icra edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür (8.2-ci bənd); Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (8.3-cü bənd); Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır (8.4-cü bənd) Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır (8.5-ci bənd); Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır (8.5-1-ci bənd). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir (8.6-cı bənd). Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir (8.7-ci bənd). Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. (8.8-ci bənd) Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir (8.12-ci bənd); Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir (8.14-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir (26-cı bənd). Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır (27-ci bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq akt qeydinin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir (29-ci bənd) Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir (30-cu bənd). Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpasına əsas verən sənədlər (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qeyd olunmalıdır ki, iddiaçının atasının vəfat etməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında aparılmış qeydin (ölümün səbəbi) onun hansı hüquqlarını pozması ilə bağlı hal aydın deyil. Hazırki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən iddiaçının atasının vəfat etməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarında qeyd (ölümün səbəbi) qanunvericiliyin tələblərinə uyğun olaraq tibb müəssisəsi tərəfindən verilmiş müvafiq məlumat əsasında aparılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar