Məhkəmə qərarları › İş №2-1(112)-10437/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10437/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10437/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə passport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci il tarixdən hazırki dövrə qədər Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Həmin ünvanda yaşamağı ərizəyə əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Xocasən qəsəbəsi üzrə nümayəndəliyinin 30.07.2021ci il tarixli, 1174 nömrəli və eyni tarixli, 1244/01 nömrəli arayışlarında da qeyd olunmuşdur ki, X3 2002-ci il tarixdən bu günə kimi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yerləşən 12 saylı fərdi yaşayış evində yaşayır. Bu fakt qonşuların izahatları ilə də təsdiq oluna bilər. Odur ki, o, hazırda sözügedən ünvana pasport qeydiyyatına alınmaq istəyir. Bu barədə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişdir. Həmin idarənin 01.09.2021-ci il tarixli məktubunda müvafiq ərizə ilə ərazi polis orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də bu barədə cavabdeh Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Binəqədi Rayon Polis İdarəsi isə 05.09.2021-ci il tarixli məktubla müraciətinin icrasından imtina etmiş və bu barədə müvafiq məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Hesab edirki, cavabdehin imtinası tamamilə əsassızdır. Ona görə ki, artıq 20 ilə yaxındır ki, o sözügedən ünvanda yaşayır. Həmin ünvanda yaşadığı arayışlarla, şahid ifadələri ilə təsdiq olunur. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, o, şəhid ailəsidir. Belə ki, X1 09.10.2020-ci il tarixdə vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. X1 ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 2349 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə və eyni tarixli 2362 nömrəli Sərəncamı ilə isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bildirir ki, hazırda qeydiyyata alınmağını tələb etdiyi fərdi yaşayış evində şəhid övladı Nicat Abdullayev böyüyüb boya başa çatmışdır. Ona görə də o oğlunun yaşadığı və böyüdüyü bu evə pasport qeydiyyatına alınmaq istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılmışlar. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı isə hər hansı üzrülü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının Seriya AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə İmişli şəhərində doğulmuşdur, yaşayış yeri Saatlı rayonu, Seyidlər kəndidir. - Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 30.07.2021ci il tarixli, 1244/01 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən də Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində 2002-ci ildən hal-hazırkı dövrə qədər qeydiyyatsız yaşayır. - Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Xocasən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli, 1174 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi rayon Sulu-təpə qəsəbəsi, R.Allaheverdiye küçəsi, 12-ci döngədə inşa etdiyi sənədsiz evdə qeydiyyatsız yaşayır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.09.2021-ci il tarixli, 37531A№-li məktubdan görünür ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPl-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana tərəflərindən qeydiyyata alınması qanuna müvafıq deyildir. Nəzərinə çatdırılmışdir ki, bu məsələ ilə bağlı onun məhkəmə orqanlarına müraciət etmək hüququ var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvan üzrə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış evinə köçüb yaşamasına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədlərin, yəni ünvan 1 ünvanına dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar