Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1044/2020 12.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilərək qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-227/1 nömrəli xx.xx.2019-cu tarixli və 443 saylı xx.xx.2019-cu il tarixli qərarların ləğv edilməsi, iddiaçının “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-227/1 nömrəli xx.xx.2019-cu tarixli qərarının qanunsuz hesab edilərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 29 yaşlı Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə tacik, dini mənsubiyyətinə görə Sunnidir. O, orta təhsilini başa vurduqdan sonra (12 il) təhsilini Azrekhsh kollecində davam etdirmiş və orada 2 il oxumuşdur. 2014-cü ildə iddiaçı Kabul Govharshah Universitetinə qəbul olunmuş və 2018ci ildə oranı bitirmişdir. İddiaçınin beş bacısı və dörd qardaşı vardır. Onun iki bacısı hazırda ABŞ-da, digəri isə Londonda yaşayır. İddiaçınin digər qardaş-bacısı hazırda Bakıda, Azərbaycanda yaşayırlar.İddiaçı 2011-ci ildən 2016-cı ilədək Əfqanıstandakı İran səfirliyində işləmişdir. O, 2016-cı ildə ekspozisiya xidmətləri göstərən “X4” adlı şəxsi şirkətini qurmuş və eyni zamanda Hindistana quru meyvələr ixrac etmişdir.İddiaçınin sözlərinə görə mənşə ölkəsini tərk etmə səbəbi ailə üzvlərinin Talibandan aldığı təhdidlərdir, Taliban üzvləri atasının mağazasına gələrək ondan oğluna Talibana qoşulmasını söyləməsini tələb etmişlər. Sonuncu dəfə Taliban üzvləri iddiaçınin atasının mağazası yaxınlığında ona yaxınlaşaraq onların tələbinə tabe olmadığını və bu səbəbdən fəaliyyətə başlayacaqlarını bildirmişlər.23 yanvar 2019-cu ildə iddiaçı Azərbaycana gəlmişdir. 05 iyul 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət etmiş, Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və iddiaçı ilə müsahibə aparmışdır. İddiaçı Əfqanistana geri dönərsə Taliban tərəfindən orduya cəlb olunacağı, imtina edərsə öldürüləcəyindən qorxur. 03 oktyabr 2019-cu ildə Dövlət Miqrasiya Xidməti İQ-227/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Cavabdehin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının narrativi mötəbər deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-227/1 saylı qərarının surətindən görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli 443 saylı qərarının surətindən görünür ki, qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-227/1 saylı qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ailə üzvlərinin Taliban tərəfindən təhdidlərə məruz qalması, Əfqanistana geri dönərsə Taliban tərəfindən orduya cəlb olunacağı, imtina edərsə öldürüləcəyindən qorxması səbəbindən Əfqanıstanı tərk edərək 23 yanvar 2019-cu ildə Azərbaycan Respublikasına gəldiyini bildirmiş, ona gərə də cavabdehin qərarı ilə razılaşmayaraq qərarın qanunsuz hesab edilərək ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş ləğv edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir siyasi qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş İQ-204/1 nömrəli 25 sentyabr 2019-cu il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilərək qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1044/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1044/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver