Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10441/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: BA0761364), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq 30 may 2024-cü il tarixli, İQ- 40/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rafıque Muhammad, Pakistan İslam Respublikasının X4 məntəqəsinin Naroval qəsəbəsinin Depoke kəndində doğulmuşdur. Milliyətcə pəncabi, dini etiqadına görə müsəlmandır. Yaşadığı kəndin ümumtəhsil məktəbində 10 il təhsil almışdır və ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün təhsilini davam etdirə bilməmişdir. Bu səbəbdən Pakistanın müxtəlif şəhərlərində elektrik kimi işləmişdir. Hazırda subaydır, atası 2007-ci il tarixində, anası isə 2014-cü ildə ölmüşdürlər, 3 bacısı və 3 qardaşı var. Qardaşları və bacıları hal-hazırda Pakistanda yaşayırlar. Qaçqın statusunun əldə edilməsi üçün müraciətinin səbəbi budur ki, o, əvvəl islam dininin deobandi təriqətinə mənsub olmuşdur, 2006-cı il tarixində şiəliyi qəbul etmişdir. Deobandi təriqətinə mənsub olan tanışları, xüsusilə də Nazar adlı əmisi oğlu, onun Aşraf və Afzal adlı qayınları tərəfindən təhdid olunmuşdur, ölümlə hədələnmişdir. Qeyd olunan səbəblərə görə 2013-cü il tarixində yaşadığı məntəqəni tərk edərək Sialkot şəhərinə köçmüşdür. O, yaşadığı evini tərk etdiyi üçün əmisi oğlu və onun qayınları ona məxsus olan evini ələ keçirmişdirlər, o isə evini geri qaytarmaq üşün məhkəməyə müraciət etmişdir. Məhkəmə onun xeyrinə qərar qəbul etdiyinə baxmayaraq o şiəliyi qəbul etdiyi üçün onunla ədavət apararaq evini qaytarmırlar. Göründüyü kimi, iddiaçı dini etiqadıma görə təqiblərin qurbanı olmuşdur. Bundan əlavə, əmisı oğlumun qayınları Aşraf və Afza Pakistanda bir neçə şəxsi öldürmüşlər, lakin, hələ də cinayət məsuliyyətinə cəlb edilməmişdirlər və hazırda azadlıqdadırlar. O, dini etiqadına görə təqibə məruz qaldığı üçün həyatı təhlükədir. Bundan əlavə, Pakistan İslam Respublikasının hüquq mühafizə orqanlarına müraciət etsə də, müraciətinə baxan olmamışdır və ona köməklik göstərilməmişdir. Həyatı təhlükədə olduğu üçün Pakistanı tərk etmək məcburiyyətində qalmışdır və 08 vevral 2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmişdir. Dövlət Miqrasiya Xidməti ona qaçqın statusunun verilməsindən imtina edilməsi ilə bağlı 30 may 2024-cü il tarixli, İQ-40/1 nömrəli qərar qəbul etmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və buna görə ləğv edilərək ona qaçqın statusunun verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı (pasport nömrəsi: BA0761364) ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024cü il tarixli, İQ-40/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edirlər ki, onun heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs iddia ərizəsində qeyd etdiyi kimi hər hansı sosial qrupa mənsub olmamış, dini məzhəbinə görə ölkəsini tərk etdiyini bildirmişdir. 2. Şəxs iddia ərizəsində sünni məzhəbindən şiə məzhəbinə 2006-cı ildə keçməsinə baxmayaraq, yalnız 2013-cü il dən ona təhdidlər edildiyini bildirmişdir. 3. Əcnəbi təhlükəsiz alternativ daxili yerdəyişmə imkanlarından istifadə etməmişdir. 4. Şəxs müsahibəsi zamanı ziddiyyətli və yalan məlumatlar verərək Azərbaycan Respublikasına ilk dəfə gəldiyini bildirsə də, o, daha əvvəllər- 2003, 2023-cü illərdə ölkəyə gəldiyi məlum olmuşdur. 5.Ölkəsində dini təqiblərə məruz qaldığını bildirsə də, daha əvvəllər Azərbaycan Respublikasına gələrkən qaşqın statusunun alınması üçün DMX-ya müraciəti olmamışdır. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından göründüyü kimi, Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: BA0761364), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 42-2024 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçının ərizə-anket və müsahibəsindən görünür ki, o, Pakistan İslam Respublikasının X4 məntəqəsinin Naroval qəsəbəsinin Depoke kəndində anadan olduğunu, milliyyətcə pəncabi, dim etiqadına görə müsəlman (şiə) olduğunu, 10 illik orta təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, Pakistanın müxtəlif şəhərlərində elektrik kimi işlədiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi subay olduğunu, atasının 2007-ci ildə, anasının isə 2014-cü ildə öldüklərini, 3 qardaşı, 3 bacısının olduğunu və onların hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Ərizəçi əvvəllər islam dininin deobandi təriqətinə mənsub olduğunu, 2006-cı ildə şiəliyi qəbul etdiyini, bundan sonra əvvəlki təriqətindən olan tanışları, xüsusilə də Nazar adlı əmisi oğlu və onun Aşraf və Afzal adlı qayınları tərəfindən təhdid olunduğunu, ölümlə hədələdiyini, bu səbəbdən 2013-cü ildə yaşadığı məntəqəni tərk edərək Sialkot şəhərinə köçdüyünü bildirmişdir. O, bundan sonra əmisi oğlunun ona məxsus olan evi ələ keçirdiyini, məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, bu barədə onun xeyrinə müsbət qərar çıxarıldığını, lakin buna baxmayaraq, əmisi oğlu və onun qayınlarının evi qaytarmaq istəmədiklərini, bunun səbəbini onun şiəliyi qəbul etməsi ilə əlaqələndirdiklərini bildirmişdir. Ərizəçi hazırda Afzal və Aşrafın Pakistanda bir neçə şəxsi qətlə yetirdiklərini, həmin şəxslərin cinayətkar olduqlarını, lakin onların hələlik cinayət məsuliyyətinə cəlb edilmədiklərini əsas gətirərək Pakistanda yaşamaqdan ehtiyat etdiyini, Pakistanı tərk edərək 8 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini demişdir. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 may 2024-cü il tarixli, İQ-40/1 nömrəli qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; ... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.
9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: İPM-nin: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov