Məhkəmə qərarları › İş №2-1(112)-10442/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10442/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10442/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2, X1 iştirakı ilə, İddiaçı Əli oğlunun Cavabdeh publik hüquqi şəxsə (üçüncü şəx Səhiyyə Nazirliyi) qarşı “dərmanla təchiz olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə2 Cavabdeh publik hüquqi şəxsə qarşı “dərmanla təchiz olunma” barədə qərarın qəbul edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə dəqiqləşmə verilərək iddiaçının əsl İddiaçı Əli oğlu ilə əvəz edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qan xərçəngi diaqnozu ilə Mərkəzdə qeydiyyatdadır. X3 əsasında “Jakavi 5-20 mg” dərmanı ilə təchiz olunmalıdır. İddiaçı qeyd edir ki, 2023 may-oktyabr ayına kimi dövlət uçotunda olmasına baxmayaraq dərman təminatı olmamış, buna dair müraciət etmiş, yalnız bir dəfə 25 iyul 2023-cü il tarixdə təmin edilmiş, bundan sonra məhkəməyə müraciət etmiş, məhkəmədən sonra sentyabr ayından 2024-cü ilin aprel ayına qədər dərmanla təminat aparılmışdır. Lakin, sonradan dərman təchizatında müxtəlif bəhanələrlə üzləşmişdir. Halbuki, iddiaçının həyatı həmin dərman vasitəsinin qəbulundan asılıdır. İddiaçı hesab edir ki, Dövlət Proqramına uyğun olaraq “Jakavi 5-20 mg” və xəstəliklə əlaqədar digər dərmanlarla fasiləsiz, davamlı olaraq, son qədər təmin edilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılır ki, qan xəstəliyindən əziyyət çəkən 10 282 vətəndaş qeydiyyatdadır, dərman preparatları dövlət proqramı əsasında təmin edilməsinə baxmayaraq, xəstə sayının çox olduğundan təmin edilmə bütün vətəndaşlar üçün imkan daxilində ayrı-seçkiliyə yol verilmədən növbəlilik və ardıcıllıq əsasında həyata keçirilir. İddiaçı dərman vasitəsi ilə təmin edilməkdədir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmşdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: 21 sentyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda “Jakavi” dərman preparatının təminatı yoxdur. Təmin olunduqdan sonra məsələnin həll olunması barədə məlumat veriləcəkdir. 01 noyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 25 iyul,22 sentyabr, 25 oktyabr 2023-cü il tarixlərdə Jakavi dərman preparatı ilə təmin edilmişdir. 06 iyun 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 17 yanvar, 19 fevral, 19 mart, 18 aprel, 31 may 2024-cü il tarixlərdə adıçəkilən dərmanla təmin edilmişdir. 20 iyun 2024-cü il tarixli məktubda əlavə olaraq qeyd edilmişdir ki, 20 iyun 2024-cü il tarixdə də dərmanla təchiz edilmişdir. Cavabdehin 24 sentyabr 2024-cü il tarixli məhkəmə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, adıçəkilən dərman iddiaçıda mövcud xəstəliyi radikal olaraq müalicə etmir, yalnız simptomatik və çox vaxt köməkçi xarakter daşıyır, simptomları zəiflədir və xəstənin həyat keyfiyyətini yaxşılaşdırır. Tam sağalma donor sümük iliyinin transplantasiyası ilə mümkündür. Lakin, xəstələrin yaşlı olması və identik qeyri-qohum donor seçiminin çətinliyi ilə əlaqədar olaraq ölkədə əməliyyatların icra edilməsi əks göstərişlidir. Dərmanın qiyməti Jakavi 15 mg və 20 mg üzrə 3349 manat, 5 mg qiyməti isə 1831 manatdır. Mərkəzin dərman preparatının subyektiv və obyektiv səbəbləri, idxalı, “Dövlət satınalmaları haqqında Qanunun tələbləri, hissə-hissə təminatı, xəstələrin kiliniki vəziyyəti və s), eyni zamanda qeyri-müntəzəm təchizatı ilə əlaqədar xəstələrin həmin preparatlarla təminatında qısa müddətli fasiələr yaranmışdır. Məktuba əlavə edilmiş cədvəldə qeyd edilmişdir ki, iddiaçı 25 iyul,22 sentyabr, 25 oktyabr, 04 dekabr, 21 dekabr 2023-cü illər, 17 yanvar, 19 fevral, 19 mart, 18 aprel, 30 may, 20 iyun, 10 iyul, 06 iyul, 06 sentyabr 2024-cü illər üzrə dərman təminatı aparılmışdır. Qeyddə göstərilmişdir ki, iddiaçının övladının dediyinə görə 2024-cü ilin avqust ayında dövlət xaricində olduğu səbəbindən cədvəldə qeyd edilmiş dərman preparatı ilə həmin ilin iyul ayı üzrə istisna hal kimi iki aylıq olaraq təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarından da göründüyü kimi iddiaçı dərman preparatının müəyyən dövrlər üzrə təminatında yaranmış nüansa istinadla bundan sonra dərmanın fasiləsiz, davamlı olaraq, sona qədər təmin olunmasının məhz məhkəmə qərarında təsbit edilməsində iddialıdır. Halbuki, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan faktiki marağı, hüquqi maraq konteksində qiymətləndirmə hesab edilməməklə iddianın mümkünlüyü istisna edir. Hazırkı iş üzrə, məhkəmə hesab edir ki, iddiaçının dərman preparatı ilə daimi təchiz edilməsinə yönələn inzibati orqan və ya orqanların vəzifə və səlahiyyətlərinin bir hissəsini təşkil edən tədiblərin görülməsinə yönələn maraq hüquqi müdafiəyə ehtiyacın mövcudluğu anlamına gəlməməkdədir. Yuxarıda göstərilən müddəanın tələbindən isə aydın olur ki, hüquqi müdafiə zərurəti hal-hazırda müəyyən edilmirsə, deməli iddianın mümkünlüyündən söhbət gedə bilməz. Bununla əlaqədar olaraq qeyd edilməsi zəruridir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun: Maddə 3. Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır: sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi; dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi; əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi; Maddə 9. Dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi Dövlət səhiyyə sistemi dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. “Onkoloji yardım haqqında” Qanunun: 4.3. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın: 1.Qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. 2.1. Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublikasında qanın bədxassəli xəstəliklərinin diaqnostikasını və müalicəsini müasir səviyyəyə çatdırmaqla, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. 2.2. Tədbirlər Proqramının əsas vəzifələri aşağıdakılardır: 2.2.1. qanın bədxassəli xəstəliyinə düçar olmuş şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması, ömürlərinin uzadılması və tam sağalmalarına nail olunması; 2.2.4. qanın bədxassəli xəstəliyinə düçar olmuş şəxslərin dərman preparatlarına olan tələbatının ödənilməsi; 6.2. Qanın bədxassəli xəstəliklərinin müalicəsi Qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi-Səhiyyə Nazirliyi Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi bəzi növ xəstəliklər, o cümlədən iddiaçının əziyyət çəkdiyi xəstəlik üzrə müvafiq tədbirlərin görülməsi, həmçinin də dərman preparatları ilə təmin edilmə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İddiaçının xəstəliklərinin xüsusiyyətləri də nəzərə alınmaqla 15 və 20 mg, və 5 mg olmasından asılı olaraq bazar dəyəri 3349 manat və 1831 manat dərman vasitəsinin də həmin xəstəlikdən əziyyət çəkdiyi mərkəzdə qeydiyyatda olduğu müddət ərzində ödənilməsi cavabdehin, həmin ödənişin təmininə yönəlmiş tədbirlərin görülməsi isə digər orqanların, eləcə də üst qurum kimi Səhiyyə Nazirliyi və maliyyə ödəmələrini həyata keçirməli olan maliyyə orqanlarının vəzifəsidir. Aydın məsələdir ki, qanunvericiliyin göstərilən tələbləri nəzərə alınmaqla iddiaçının adıçəkilən dərman vasitələrini xəstəlikdən əziyyət çəkdiyi müddətdə almaq hüququ vardır. Lakin, həmin hüququn mövcudluğu, hazırkı iddia qaldırılmasına zərurət yaradan iddiaçının hüquqi müdafiəyə ehtiyacı qismində qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, hüquqi müdafiəyə ehtiyac o zaman əsas hesab edilir ki, inzibati orqan qanunvericiliklə səlahiyyətlərinə aid olan vəzifəsinin icrasından boyun qaçırsın. Hazırkı mübahisə üzrə isə dərman preparatlarının təmin edilməsinə münasibətdə cavabdeh hər hansı imtina halına istinad etmədən, növbəlilik və digər səbəbləri əsas göstərməklə adıçəkilən təchizatın həyata keçirilməsində gecikmələriə istinad edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu o deməkdir ki, inzibati məhkəmələr inzibati mübahisələr üzrə işlərə baxmaqda səlahiyyətlidir. Lakin, hazırkı iş üzrə dərman vasitəsi ilə təchiz edilmədə hər hansı hüquqi mübahisə mövcud deyildir və hər hansı bir dövr üzrə dərman preparatının təminatının aparılmaması da, dərman preparatının təmini həyata keçirildiyindən inzibati mübahisənin mövcudluğunu istisna edir. İddiaçının qeyd etdiyi kimi isə həmin dərmanla təchiz edilmə üçün, bu zaman gələcəkdə hər hansı problemin yaranmaması üçün məhkəmə təsdiqinin mövcudluğunun zəruriliyi, bu barədə qərarın qəbul edilməli olması da iddianın mümkünsüzlüyünü istisna etmir. Nəzərə alınmalıdır ki, iddiaçının iddiası, cavabdeh inzibati orqanların daimi xarakterli öhdəliklərini icra etməli olan işlər üzrə oxşarlıq təşkil etdiyindən əlilliyin təyinatı üzrə və ya digər əsaslarla pensiya, müavinət və digər ödənişləri icra etməli olan sosial təminatı həyata keçirən orqana qarşı ödənişlərin daimi, fasiləsiz edilməli olmasına dair iddia ilə oxşarlıq təşkil edir ki, təbii haldır ki, daimi, fasiləsiz olaraq təyinat aparılmış şəxs üzrə həmin ödənişlərin hər ay edilməli olmasına dair ayrıca iddianın qaldırılması və inzibati orqanın vəzifəsini təşkil edən məsələnin ayrıca məhkəmə qərarı formasında öz təsbitini tapmasından söhbət gedə, iddianın mümkünlüyündən söhbət gedə bilməz. Başqa sözlə əlillik və digər əsaslarla pensiya və müavinət təyin edilmişdirsə və inzibati orqan tərəfindən həmin ödənişlər həyata keçirilirsə, ödənişlərdə təyinatın özü ilə əlaqədar olmayan gecikmə məhkəmə qərarı formasında ödənişlərin daimiliyi, fasiləsizliyi formasında iddianın qaldırılmalı olmasına dəlalət etmir. Eləcə də, indidə dərmanla təchiz edilməli olma inzibati orqan tərəfindən qəbul edilirsə, buna dair hər hansı gecikmə olmuşdursa dərmanla daimi, fasiləsiz təchid edilmə üzrə iddianın qaldırılmalı olması üçün əsas yaranmır. Yuxarıda göstərildiyi kimi ödəniş və dərman preparatı ilə təchiz edilmə zamanı inzibati mübahisə olduğu təqdirdə məhkəmə qərarının qəbulundan söhbət gedə bilər, hər bir gecikmə halının qarşısının alınmasına yönələn tədbir kimi daimiliyi və fasiləsizliyi təsdiq edən ayrıca məhkəmə qərarının qəbulu hüquqi marağın müstəqil təminat üsulu qismində qiymətləndirilə bilməz. Odur ki, hazırkı iddia mümkün sayılmayan iddiadır. Lakin, məhkəmə xüsusi olaraq onu da vurğulamağı zəruri hesab edir ki, hazırda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olmaması onunla bağlıdır ki, dərman vasitələri ilə təminat bir müddət üzrə icra edilməmişdir. Hal-hazırda dərman preparatı ilə təchiz edilmə həyata keçirilməkdədir, inzibati orqan tərəfindən vəzifə və səlahiyyətlərin icrası ilə əlaqədar hüquqi marağın qorunmasına zərurət müəyyən edən hal mövcud deyildir. Bu isə, o demək deyildir ki, cavabdeh və digər inzibati orqanlar dərman vasitəsinin təmininə yönəlmiş qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərin icrasını gecikdirmək səlahiyyətinə malikdir. Yuxarıda cavabdehin məktubunda da göstərildiyi kimi iddiaçının tələb etdiyi dərman vasitələri xəstənin həyat keyfiyyətini yaxşılaşdırır. Nəzərə alınmalıdır ki, tibbi təminat, şəxsin həyat keyfiyyətinin yaxşılaşdırılması kimi yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri baxımından dövlətin, -onun funksiyalarının müvafiq sahəyə dair hissəsini icra edən inzibati orqanların vəzifələrindən biri qismində çıxış edir. Dərman vasitələrinin təminatının gecikdirilməsi isə şəxsin sağlamlıq vəziyyətinin pisləşməsinə, həyat şəraitinin yaxşılaşdırılmasının əks göstərişinə, bərpaedilməz tibbi zərərin vurulmasına səbəb ola bilər. Odur ki, istər cavabdeh Mərkəzin , istər maliyyələşmədə iştirak edən Səhiyyə Nazirliyi və maliyyə orqanlarının, bütövlükdə isə dövlətin vəzifəsidir ki, dərman vasitələrinin təchizatını vaxtında, lazımınca, şəxsin vəziyyətində ağırlaşmaya səbəb olmadan icra etmiş olsun. Bərpaedilməz tibbi zərərin, o cümlədən də həyati vəziyyətin dəyişməsi istisna edilməyən dərman vasitələri ilə vaxtında və lazımı qaydada təchiz edilmə tələblərinin pozulması nəinki intizam, işin hallarından asılı olaraq inzibati xəta və cinayət məsuliyyətinə səbəb olmaqdadır ki, həmin məsuliyyət satınalmalar, maliyyə vəsaitinin olmaması kimi üzrsüz səbəblərdən asılı hesab edilə bilməz. Cavabdeh Mərkəzin, Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyi və digər orqanların vəzifəsidir ki, qanunvericiliklə, eləcə də Dövlət Proqramı ilə iddiaçıya təchiz edilməli olan onun sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönələn dərman vasitələri ilə təchiz edilmə baxımından bütün tədbirləri görmüş olsun. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hal-hazırda hər hansı gecikmə olmadığı da nəzərə alınmaqla iddiaçı hər hansı bir dövr üzrə dərman vasitəsi ilə təchiz edilmə olmadığına istinadla mübahisə mövcud olmadığı halda hazırkı iddianın verilməsinə münasibətdə, yəni dərman vasitəsinin təchizatına münasibətdə hüquqi müdafiəyə ehtiyac duymur, belə ki, dərman vasitələri ilə təchiz edilmə həyata keçirilir və keçirilməlidir. Keçirilmə üçün ayrıca məhkəmə qərarının qəbulu zərurəti mövcud deyildir. Hüquqi müdafiə imkanlarına isə misal kimi dərman vasitəsi təchiz edilmədiyi halda və ya bundan sonra gecikmə halında, dərman vasitəsi ilə təchiz edilmə, təchizat öz hesabına aparılmışdırsa onun əvəzinə ödənilmiş pulun tələb edilməsi, eləcə də vurulmuş digər xarakterli maddi və səhhətin pisləşməsinə nəticəsi istisna edilmədiyi nəzərə alınmaqla da mənəvi zərərin tələb edilməsi formasında ola bilər. Bununla yanaşı isə digər icraat qaydalarında dərman təchizatını həyata keçirməkdə gecikmə və lazımınca etməməyə münasibətdə işin hallarından asılı olaraq intizam qaydasında, inzibati xəta, o cümlədən də cinayət məsuliyyət tədbirlərinin tətbiqi üçün aidiyyəti orqan və şəxlərə, eləcə də hüquqmühafizə orqanları və məhkəməyə müraciət də istisna edilmir. Aydın məsələdir ki, adıçəkilən məsuliyyət dairəsi təkcə hazırkı iş üzrə cavabdeh yox, digər inzibati orqanların aidiyyəti əməkdaşlarının məsuliyyət dairəsinə daxildir və dövlət büdcəsindən maliyyələşmənin gecikməsi halının iddiaçının həyati sağlamlığının itirilməsinə səbəb ola biləcək də vəziyyətə təsiri baxımından təqsiri xüsusi qiymətləndirmə üçün əsas yaradacaqdır. Beləliklə məhkəmə hesab edir ki, hal-hazırda təminatın aparılması həyata keçirildiyindən inzibati orqanın onsuz da qanunvericiliklə vəzifəsini daşıdığı halda dərmanla təchiz edilmənin ayrıca məhkəmə qərarı formasında təsbitini zəruri edən mümkünlük əsası mövcud deyildir. Lakin, hazırkı iddianın mümkünlüyü inzibati icraat qaydasında gecikmə olacağı, dərmanla təchizat aparılmayacağı halda dərmanla təchiz edilmə, şəxsən edilmişdirsə buna dair ödənişin, hətta əlavə ödənişin və şəxsin sağlamlıq vəziyyətinə təsiri baxımından mənəvi zərərin inzibati orqanlar tərəfindən, eləcə də cavabdeh tərəfindən ödənişinə dair iddianın mahiyyəti üzrə inzibati icraat qaydasında qiymətləndirilməsini istisna etmir. Eləcə də, məhkəmə iddiaçıya qanunvericilik və Dövlət Proqramının tələblərinə zidd dərman vasitələrinin təchizatını həyata keçirməyən, həmin tədbirlərin görülməsinə uyğun tədbirlər görməyən publik səlahiyyət daşıyıcısı şəxslər barəsində intizam, inzibati xəta və cinayət məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə müraciət etmək hüququnu da izah edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar