Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10446/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı “notariusun hərəkətlərin qanunsuz hesab edilməsi və pulun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı Notariat Ofisinin Xüsusi X1 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh2, Cavabdeh3 iddiaçını aldadaraq aldığı 10.500 manatın geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Cavabdeh3 tez-tez iddiaçının müğənni olaraq işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "555 Kafe"yə müştəri qismində gəlir və mahnılar sifariş verərək iddiaçıyla ünsiyyət qururmuşdurlar. Cavabdeh2 və Cavabdeh3 01.09.2019-cu il tarixdə iddiaçıya Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən onların özlərinə məxsus evi satmaq istədiklərini bildirdilər. İddiaçı onlarla bərabər həmin tarixdə satmaq istədikləri həmin evə getmiş, lakin evdə heç kəs olmamışdır. Cavabdeh3 bildirmişdir ki, həmin evi müvəqqəti olaraq kirayəyə veriblər və ev ən yaxın vaxtda boşaldılacaqdır. İddiaçı onlarla bu evi 10.500 (on min beş yüz) manata alacağı barədə razılaşmışdır. 03.09.2019-cu il tarixdə iddiaçı işlədiyi "555 Kafe"də iş yoldaşlarının şahidliyində Raminə 200 (iki yüz) manat məbləğində pulu beh olaraq vermişdir. İddiaçı onlardan evin çıxarışını və evə aid digər sənədləri tələb etdikdə, 04.09.2019-cu il tarixdə tərtib olunmuş Daşınmaz Əmlakın Qiymətləndirmə Rəyini və mədaxil qəbzini təqdim etmişdirlər. Cavabdeh2 təklifi ilə həmin evin alqı-satqısı üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisinə gediblər. Ancaq həmin notariat ofisində iddiaçının bilmədiyi səbəbdən, iddiaçıyla Taleh arasında 4 illik kredit müqaviləsi tərtib edilmişdir. 06.09.2019- cu il tarixdə yenə də iddiaçının işlədiyi kafedə oğlu X2 və tanışları Vüqar və Elşənin iştirakı ilə Cavabdeh3 və Cavabdeh2 5.500 (beş min beş yüz) manat məbləğində pulu vermişdir. Cavabdeh3 və Cavabdeh2 09.09.2019-cu il tarixində evin açarlarını və kommunal xidmətlərə aid kartları iddiaçıya verəcəklərini və evi boşaldacaqlarını bildirmişdirlər. 09.09.2019-cu il tarixdə iddiaçı Cavabdeh3 və Cavabdeh2 ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. İddiaçı oğluyla bərabər Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən almış olduğu evə gedib qaz və işıq sayğaclarına baxarkən, qonşuluqda yaşayan Elşən adlı vətəndaş iddiaçıya bu evin dələduzlar tərəfindən bir neçə vətəndaşa bu şəkildə yalandan satıldığnı bildirmişdir. Bu hadisə ilə əlaqədar iddiaçı 09.09.2019-cu il tarixdə DİN-in "102 zəng" xidmətinə, daha sonra Binəqədi RPİ-nin 40-cı PB-yə ərizə ilə müraciət etmişdir. Həmin bölmənin təhqəqatçısı polis kapitanı Murad Musayev tərəfindən iddiaçı bölməyə dəvət olunmuş və hadisə ilə əlaqədar geniş izahat vermişdir. Binəqədi RPİ, İŞ-nin müstəntiqi polis baş leytenantı Süleyman Abbasov 15.10.2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı iddiaçıya təqdim edərək, iddiaçının bu hadisə ilə əlaqədar məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir.
3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında cavabdehlərin heç biri iştirak etməmişdir.
5. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən – fiziki şəxslərə qarşı mülki iddia qaldırmaqla nail ola biləcəyi hüququ izah olundu.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
7. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil və iddia lazımi qaydada qaldırılmayıb.
8. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
9. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva