Məhkəmə qərarları › İş №2-1(112)-10446/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10446/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10446/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1133 saylı sərəncamı ilə Göradil BTK 75 nəzdində olan X3 istifadəsinə verilən 273 “j” saylı 33 nömrəli orderlə qeydiyyata alınan 12 sot torpaq sahəsinə dair çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 75 nömrəli kooperativin nəzdində 33 nömrəli orderlə X2nın adına Bakı şəhər İcraiyyə Komitəsinin 11 avqust 1992-ci il tarixli 1133 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 273 “j” nömrəli bağ ayrılıb. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının B-105/4-112/4-1/3 saylı 15 dekabr 2021-ci il tarixli tərəfindən ünvanlanmış arxiv arayışının verilməsinə dair cavabda qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: 1133 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı. Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci i ltarixli 42 nömrəli protokolu. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1998-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən X6 Göradil ərazisində 75 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır. X2 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 11 saylı notariat kontorunda vərəsəlik açılmış və Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağlar massivində yerləşən 273 “j” saylı 0.12 sot ölçülü bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ünvanlanmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********14 nömrəli imtina cavabı verilmişdir. İmtina ərizəsində qeyd olunmuşdur ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir, həmçinin sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1171 kv.m təşkil edir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1133 saylı sərəncamı ilə Göradil BTK 75 Nəzdində olan X4 istifadəsinə verilən 273 “j” saylı 33 nömrəli orderlə qeydiyyata alınan 1171 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 273 “j” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatına əsasən qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların (270 saylı bağ sahələrinin indekslərinin) ərazisidir və göstərilən bağ sahəsinə dair digər şəxsin (X7) müraciəti mövcuddur. Həmçinin, sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kvm qeyd edilsə də, faktiki ölçüsü 1171 kv.m təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********14 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubuna əsasən bildirilmişdir ki, bağ sahəsinin nömrəsi bağlraın bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektron kadastr məlumatına əsasən qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların ərazisidir və göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların ərazisidir və göstərilən bağ sahəsinə dair digər şəxsin müraciəti mövcuddur. Tərəflərindən təqdim edilən sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1171 kv.m təşkil edir.

9. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-52/2-4639/2023 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının 1133 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən: 2.33. X6 – Göradil ərazisində 75 №-li BTK nəzində bağ sahəsi ayrılmışdır.

10. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 75 nömrəli kooperativ tərəfindən verilmiş 33 nömrəli orderə əsasən X6 Bakı şəhər İcraiyyə Komitəsinin 11 avqust 1992-ci il tarixli 1133 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 75 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan “273 j” nömrəli bağ ayrılmışdır.

11. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli XK-1230 nömrəli məktuba əsasən mərhum Bədir-zadə Zeynəb Rza qızının qanun üzrə vərəsəsi İddiaçı ərizəsi əsasında tərəflərindənvərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Mərhum Bədir-zadə Zeynəb Rza qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 273 j nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinin çıxarışı qeydə alınmamışdır. Göstərilənlərlə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 273 j nömrəli bağ sahəsinə dair mərhum Bədirzadə Zeynəb Rza qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş edir.

12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 3-21-3-30/2- 30171/2023 **********71 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 75 nömrəli BTK-ya aid sənədlərin və Göradil bağ massivində yerləşən 273 j saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İşin hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1133 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən Görədil ərazisində 75 nömrəli BTK nəzdində iddiaçının mərhum X2na bağ sahəsi ayrılmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar Z.X1 İnkişafı və X8 bağlar sahəsindəki 75 nömrəli BTK tərəfindən BTK nəzində 0.12 ha torpaq sahəsi olan 273 “j” saylı bağ sahəsi ayrılmasına dair 33 nömrəli order verilmişdir. İddiaçının mərhum anası vəfat etdiyindən, o vərəsəsi kimi, mərhum anasına məxsus hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir.

23. Cavabdeh tərəfindən iddiaçının mərhum anasına bağ sahəsinin ayrılması barədə sərəncam və order mübahisələndirilməmişdir.

24. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir:

1. Bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, elektron kadastr məlumatına əsasən qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağların (270 saylı bağ sahələrinin indekslərinin) ərazisidir və göstərilən bağ sahəsinə dair digər şəxsin (X7) müraciəti mövcuddur.

2. Sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1171 kv.m təşkil edir.

25. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. Məhkəmə cavabdehin ilkin dəlilinə münasibətdə hesab edir ki, iddiaçıya ayrılmış bağ sahəsinin yerləşməsində sxematik xəritə ilə uyğunsuzluq olduğu təqdirdə belə, bağ sahəsinin yerləşməsindəki uyğunsuluğun maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Bu uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. İddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin nömrəsinin uyğun olmaması, həmçinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilməsində haqlı sayıla bilməz.

27. Məhkəmə eləcə də, cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə icraatının gedişatında iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək bağ sahəsi üzərində hüquqların faktiki ölçüyə, yəni 1171 kv.m-ə uyğun qeydiyyata alınması xahiş edildiyindən cavabdehin həmin dəlili artıq öz əhəmiyyətini itirmişdir.

28. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının mərhum anasına məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

32. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X3 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

34. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

35. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən ölçüsü 1171 kv.m təşkil edən 273 j saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X6) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar