Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10447/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 və qanuni nümayəndələri (ata) Qanuni nümayəndə və (ana) X2, İddiaçı2 qanuni nümayəndələri (ata) Qanuni nümayəndə və (ana) X2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu verən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəyə müraciət edərək məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Cəbrayıl rayonunun Xələfli kəndindən məcburi köçkün düşüb. Məcburi köçkün düşdükdən sonra ilkin olaraq Saatlı rayonunun Əlisoltanlı kəndində, daha sonra Şamaxı rayonunun Soltandədəgünəş kəndində yaşayıblar. Hazırda isə Sulutəpə qəsəbəsində ailəmlə birgə yaşayırlar. Atalarının qeydiyyat yeri Cəbrayıl rayonu, Xələfli kəndidir və məcburi köçkün statusu vardır. Bunu məcburi köçkün vəsiqəsi təsdiq edir. Məhkəməyə bildirir ki, qızları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1Məhəmməd qızına və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət edib. Bu müraciət xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir, lakin həmin məktubu alma tarixi xx.xx.2022-ci ildir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin məktub mənə vaxtında çatdırılmamışdır. Ünvanına poçtdan bu işlə bağlı heç bir məktub daxil olmamışdır. İmtina məktubunu şəxsən götürüb. Hesab edir ki, bu imtinanın verilməsi tamamilə hüquqaziddir. Belə ki, həmin məktubda imtinanın verilməsi səbəbi yetərli qədər əsaslandırılmamış, yalnız müvafiq qaydaların norması göstərilmişdir, bu isə Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə inzibati akta qoyulan tələblərə uyğun deyildir. Qeyd edir ki, övladları İddiaçı1 və İddiaçı2 müvafiq elektron sistemdə məcburi köçkün kimi qeydiyyatdadırlar və buna müvafiq olaraq bir sıra qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan yararlanırlar, məsələn, məcburi köçkün müavinəti alırlar. Bunlara baxmayaraq cavabdeh orqan tərəfindən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir və bunun səbəbi tam aydın deyildir. Qeyd edir ki, övladlarıma məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi verilməzsə (qanunvericiliklə nəzərdə tutulmuş bir sıra imtiyazlardan, məsələn təhsil ödənişindən azad olmaq) yararlana bilməyəcəkdir. Odur ki, hazırda bu məsələnin həlli üçün məhkəməyə müraciət edir.
3. İddiaçı1 müraciətinə imtinada bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (o daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsəqənın verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. X2 qeydiyyatı (iddiaçıların anası) ünvan 1 ünvanında olduğu üçün müraciətin təmin olunmasından imtina edilmişdir.
4. xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 doğum haqqında şəhadətnaməsinə əsasən atası X1, anası X3r və şəxsiyyət vəsiqəsinə əsasən yaşayış yeri kimi Cəbrayıl rayonu Xələfli kəndi kimi göstərilmişdir.
5. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 doğum haqqında şəhadətnaməsinə əsasən atası X1, anası X3r.
6. Qanuni nümayəndə şəxsiyyət vəsiqəsinə əsasən doğulduğu yer Cəbrayıl rayonu olmaqla hazırda yaşayış yeri üzrə həmin rayonun Xələfli kəndində qeydiyyatdadır və məcburi köçkün vəsiqəsi vardır.
7. Ailə Sulutəpə qəsənəsində özbaşına tikilidə qeydiyyatsız yaşayır.
8. İddiaçıların anası X5 ünvan 2 ünvanında qeydiyyatdadır.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd edilir ki, İddiaçı2 ilə bağlı Qaydalarda məcburi koçkun statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş sənəd toplusu ilə Komitəyə müraciət edilməmiş və Komitə tərəfindən İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim edilməmişdir. Komitəyə müraciət İddiaçı1 ilə bağlı olmuş və həmin müraciətə cavab olaraq bildirilmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur”. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, "Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı1 anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Nəsimi rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən, İddiaçı1 məcburi koçkun vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsində qeyd etmişdir ki, “... övladlarım İddiaçı1 və İddiaçı2 müvafiq elektron sistemdə məcbun köçkün kimi qeydiyyatdadırlar və buna müvafiq olaraq bir sıra qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan yararlanırlar, məsələn, məcburi köçkün müavinəti alırlar". Yuxarıda qeyd olunan fikirlərə etiraz edərək məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı1 və İddiaçı2 yetkinlik yaşma çatanadək valideyni Qanuni nümayəndə himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onların məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Qeyd olunan yanaşma öz təsdiqini həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-392/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında da tapmışdır. Müvafiq inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarının 33-cü bəndində qeyd etmişdir ki, “...Əvvəla, iddiaçının əvvəllər bu müavinəti alması barədə də iş materiallarında heç bir sübut yoxdur. İddiaçıya əvvəllər məcburi köçkün kimi müavinət verilməsi öz təsdiqini tapsa belə, bu hal vəziyyəti dəyişmir. Çünki, şəxsin “məcburi köçkün” statusu müvafiq icra hakimiyyəti tərəfindən və onun verdiyi sənədə əsasən müəyyən edilir. İddiaçının “məcburi köçkün” statusuna malik olması iş materialları ilə öz təsdiqini tapmır”. Göründüyü kimi, şəxsin məcburi köçkün statusunun müəyyənləşdirilməsi üçün ona Komitə tərəfindən verilmiş məcburi köçkün vəsiqəsinin mövcudluğu zəruridir. Hazırda elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusuna malik olan valideynlərinin himayəsində olduğundan müəyyən güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Təsadüfi deyil ki, istər qüvvədən düşmüş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4-cü bəndində, istərsə də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndində məhz valideynlərin “məcburi köçkün” statusuna malik olması şərtləşdirilmiş, uşaqlara münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir.
10. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçının qanuni nümayəndələri (atası və anası) iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdilər ki, ana X5 Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nəsimi rayonun ərazisində qeyd edilən ünvanda qeydiyyatdadır. İddiaçı1 hazırda özəl təhsil müəssisəsində təhsil alır. Komitəyə müraciət İddiaçı1 ilə bağlı olmuşdur.
II. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
12. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
13. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia tələbi İddiaçı1 tələbinə münasibətdə mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.
18. İddiaçı1 xx.xx.2005-ci il təvəllüdlüdür. Məhkəmə müəyyən edir ki, iddiaçı qeyd edilən kateqoriyadan olan şəxslərə aid olmadığından ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina qanunsuz hesab oluna bilməz. İmtina Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçının valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Məhkəmə qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçının valideynlərindən biri (anası X5) Bakı şəhərində anadan olmaqla qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu.ş Mərdanov qardaşları küçəsi ev 158-dir.
19. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
20. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
21. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi İddiaçı1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva