Məhkəmə qərarları › İş №2-1(112)-10448/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10448/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10448/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə idianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvlərilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yaşayır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 26 nömrəli qərarı ilə həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin tarixdən, yəni, xx.xx.2021-ci ildən indiyə kimi sözügedən ünvanda yaşayır. Bununla bağlı olaraq, Bakı şəhəri Biləcəri rayon Bələdiyyəsindən iddiaçıya xx.xx.2023-cü il tarixli arayış da verilmişdir. Qeyd edilən ünvana digər kommunal idarələr tərəfindən ("xxxx" ASC, "xxxx" ASC) şəbəkəyə qoşulmalar təmin edilmiş və onlara abonent kodu verilmişdir. Həmin koda müvafiq ödənişlər etməklə işıq və sudan istifadə edirlər. Hal-hazırda yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi rayonu, döngə 2-də yerləşən ünvanın qaz xətti və qaz sayğacı ilə təmin edilməsi barədə dəfələrlə Cavabdeh İB-nə müraciət olunsa da, müraciətinə qanunsuz və əsassız olaraq müsbət cavab verilməmişdir. Son olaraq sözügedən məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı Regional Qaz İstismar Departamentinin rəisi Rauf Əhmədova müraciət edilsə də, bu müraciətə də digər müraciətlər kimi cavab verilməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda təbii inhisar subyekti olan cavabdehin qazla təchiz olunması üçün şəbəkəyə qoşulma və sayğacla təmin ediməsini xahiş edir, lakin cavabdeh bundan imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.4-cü bəndinə əsasən hər bir sifarişçinin bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə müqavilə münasibətlərinə qədər yaranmış mübahisə olmaqla, cavabdehin publik hüquq sahəsindəki hərəkətlərindən irəli gəlmişdir və buna görə də hazırkı mübahisəyə inzibat mühakimə icraatı qaydasında baxılmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia tələbinin əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Biləcəri bələdiyyəsinin 49 saylı xx.xx.2006-ci il tarixli qərarı ilə X1 adına sənədləşdirilmiş 600.0 kv.metr torpaq sahəsindən 300,0 kv.metri öz adında qalmaqla 300,0 kv.metri notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirilməsi, ayrılmış torpaq sahəsində inşaat-tikinti işləri layihəsi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan və qanunla müəyyən olunmuş digər hallar nəzərə alındıqdan sonra aparılması, müvafiq razılaşdırılmadan sonra tikinti aparılan zaman kommunikasiya xətləri müəyyən edildikdə tikintinin inşasının dərhal dayandırılması və aidiyyatı üzrə xəbərdarlıq edilməsi, qanunla müəyyən edilmiş vergilərin vaxtlı-vaxtında yerli büdcəyə ödənilməsinin İddiaçı tapşırılması, qərarın icrasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında özünəməxsus tikdiyi fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İşdə olan Bakı Regional Qaz İstismarı Departamentinin İddiaçı xx.xx.2023-cü il tarixli, 14-2-2-3/3-7-315/2023 nömrəli müraciətinə cavab məktubundan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən imtina olunmuş və göstərilmişdir ki, 40.448657_49.790621 koordinatlarda olan qazlaşdırılmasını xahiş etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı ərazilərə aid olmasına görə, sahəvi qanunvericiliyin və mövcud qaydaların tələblərinə əsasən, həmin tikilinin qazlaşdırılması səlahiyyətləri xaricindədir. Sahəvi qanunvericiliyin və mövcud qaydaların tələblərinə əsasən, sənaye təyinatlı ərazilərdə yerləşməklə yanaşı, yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların qazlaşdırılması aparılır. Buna görə də iddiaçıya qazlaşdırılmasını xahiş etdiyi tikiliyə və ya onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət sənədlər (çıxarış, plan ölçü sənədi və ya texniki pasport) mövcuddursa, həmin sənədlərin surəti əlavə olunmaqla, Bakı şəhəri, H.Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın Baş ofisinə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən: qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi; texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; -4-cü maddəsinin 2-ci bəndinə görə istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. -7.1-ci maddəsinə əsasən qaz təchizatı sahəsində aşağıdakı işlər icazə əsasında həyata keçirilir: 1.1. qazın istehsalı və təbii qazın emalı; 1.2. qazın nəqli; 1.3. qazın paylanması; 1.4. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı; 1.5. sənaye qaz qurğusunun istismarı. -11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 1-ci bəndinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. -3-cü bəndinə görə qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -6-cı bəndinə görə qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. -9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz qurğusu dedikdə, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları), texniki şərtlər dedikdə isə tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd başa düşülür. Həmin Qaydaların: -1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. -2.1-ci bəndinə görə yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. -2.2-ci bəndinə görə istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. -2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. -3.1-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; -4.1-ci bəndinə görə qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. -4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. - 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. İstinad olunan normalardan görünür ki, qanunverici şəxsin müraciəti əsasında onun qaz qurğusunun qazpaylayıcı şəbəkəyə qoşulmasını və istehlakçıya qazın verilməsi üçün alqı-satqı müqaviləsinin bağlanmasını mümkün hesab etmişdir. Bu zaman şəxsin tikinti obyektinin mütləq mülkiyyətçisi olması tələb edilməmiş, istifadəçilərin də belə bir hüquqa malik olduğu təsbit edilmiş və bu zaman qanuni və ya faktiki istifadəçi olması fərqləndirilməmişdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi özbaşına tikilidir, iddiaçının həmin tikiliyə hər hansı bir hüququnun olması müəyyən edilmir, lakin iddiaçı həmin yaşayış sahəsinin fakitiki istifadəçisidir. Belə olan halda yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin yalnız xüsusi mülkiyyətdə olan sahələrin qazlaşdırılmasına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtinası əsassız olmuşdur. O da qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli 893-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilərək, 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Qanunun 2-ci maddəsinə əsasən dəyişikliyin 2023-cü il oktyabrın 1-dən qüvvəyə minməsi təsbit edilmişdir. Göründüyü kimi, hazırkı qanunvericilik Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasını qadağan etsə də, bu norma iddiaçının cavabdehə müraciət etdiyi tarixdən sonra qəbul edilmiş və qüvvəyə minmişdir. Belə olan halda aydındır ki, həmin norma iddiaçıya təbiq edilə bilməz. Bundan əlavə, cavabdeh imtinasında həmçinin tikilinin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı ərazilərə aid olmasına istinad etmişdir. Lakin işdə olan Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxs - X2 Agentliyinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Agentliyin Bakı filialının müfəttişləri tərəfindən iddiaçının və Cavabdeh nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş və iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi küçədə Cavabdehnə aid diametri 76 mm olan qazpaylayıcı şəbəkənin mövcud olduğu və həmin ərazidə, eləcə də qonşuluqda yerləşən bir neçə fərdi yaşayış evinin qazlaşdırıldığı müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3cü hissəsinə əsasən hazırlanmış və tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il tarixli 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” ilə müəyyən edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, hər bir sifarişçinin bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən, bu Qaydanın 1.1.1-ci yarımbəndində (1.1.1. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması) nəzərdə tutulan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 1.17-ci bəndinə əsasən, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə müraciət edərkən sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. Həmin Qaydanın 1.20-ci bəndinə əsasən, sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq tənzimlənir. Beləliklə, göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazi qeyd olunan Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tikinti obyekti hesab olduğundan həmin fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası"nın tələblərinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilməlidir.” Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus tikilinin sənaye təyinatlı ərazidə olmasına istinad etməklə imtina versə də, qonşuluqda yerləşən bir neçə fərdi yaşayış evini artıq qazlaşdırmışdır. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə hesab edir ki, cavabdehin eyni ərazidə yerləşən tikinti obyekləri ilə bağlı fərqli qərarlar qəbul etməsi yuxarıda istinad olunan normanın pozunusu kimi qiymətləndirilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsasız və müraciətə baxılan dövrdə qüvvədə olan normalara uyğun olmamış, nəticədə iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar