Məhkəmə qərarları › İş №2-1(112)-1045/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1045/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1045/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-218/1 nömrəli 03 oktyabr 2019-cu il tarixli və 427 saylı 25.11.2019-cu il tarixli qərlarının ləğv edilməsi, İddiaçı “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 32 yaşlı iddiaçı kişi cinsinə mənsub, subay, Əfqanistan vətəndaşı, etnik mənsubiyyətinə görə Sayed, dini mənsubiyyətinə görə Şiədir. İddiaçı Əfqanistanda orta məktəbdə 6 sinif təhsil alıb, lakin mənşə ökəsində müharibə səbəbindən təhsilini davam etdirə bilməyib. O, ailəsi ilə birlikdə Pakistana köçüb və orada yaşayıb. İddiaçının hər iki valideyini vəfat edib. Onun iki qardaşı və üç bacısı var, onlar hazırda Bakıda, Azərbaycanda yaşayır. Pakistanda yaşadığı zaman iddiaçı 17 yaşından işləməyə başlayıb. O, bir neçə il xalça toxunması ilə məşğul olub, daha sonra isə Pakistanda, Peshawar-da maşın təmiri yerində işləyib. O, 2010-cu ildə Əfqanistana gedib və orada maşın təmiri ilə məşğul olub, lakin Taliban tərəfindən təhdid olunduğundan 2012ci ildə məənşə ölkəsini tərk etməli olub. İddiaçının sözlərinə görə, iddiaçının işlədiyi yer beynəlxalq təşkilatlara xidmət göstərirdi və 2012-ci ildə Taliban ondan onlarla əməkdaşlıq etməyi tələb edib. İddiaçı bildirib ki, o bundan qorxaraq Pakistana geri qayıtmaq qərarına gəlib. O, İslamabada köçüb və sığınacaq üçün BMTQAK-a müraciət edib. İddiaçının bildirdiyinə görə onun ərizəsi imtina olunduğundan, o, Peshawar-a geri dönərək orada qeyri-qanuni yaşayıb və 6 ay müddətinə çörəkçi işləyib. İddiaçının sözlərinə görə, o, güclü fiqur Mohammad Mohaqqıqın adamları tərəfindən öldürüləcəyindən qorxduğu üçün mənşə ölkəsini tərk edib. O, bildirib ki, 2017-ci ildə qardaşının toyunda iştirak etmək üçün Əfqanistana gedib. Toy zamanı ailə üzvlərinin olduğu maşın evə geri qayıdarkən Mohaqqiqin adamları tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində onun atası, qardaşının arvadı və bir dostu öldürülüb. İddiaçı bildirib ki, hücum nəticəsində atası ağır yaralanıb və xəstəxanaya aparılıb, orada isə vəfat edib. İddiaçının sözlərinə görə ailə üzvləri yerli TV kanalında və digər media vasitələrində hadisə barədə müsahibə verərək hadisə ilə bağlı Mohaqqiqinin məsul olduğunu bildirib. Onlar polisə də müraciət ediblər, lakin bir neçə şəxsin həbs olunmasına baxmayaraq, ailə Mühaqqiqin adamları və onlardan Mohaqqiqin adının çəkilməməsini tələb edən müstəntiq tərıfindən təzyiqlə qarşılaşıb. Bir ay sonra o, Pakistana gedərək orada küə yeməkləri satmaqla məşğul olub. İddiaçının sözlərinə görə qardaşları müsahibələrində Mohaqqiqin adını çəkdiklərinə görə onun adamları tərəfindən təhdid olunublar. İddiaçı iddia edib ki, ailəsi Pakistanda da Mohaqqiqin adamları tərəfindən təhdid olunmağa davam ediblər. O dəqiq olaraq qardaşlarını kimin və hansı şəkildə təhdid etdiyini bilmir. İddiaçı bildirib ki, Mohaqqiqin adamları onu və ailə üzvlərini həm Pakistan, həm də Əfqanistanda tapa bilərdilər. Bu məqsədlə onlar Pakistanı tərk edib Azərbaycana gəlmək qərarına gəliblər. O 21 mart 2019-cu ildə Azərbaycana gəlib. 02 iyul 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. İddiaçı Mohaqqiqin adamları tərəfindən öldürə biləcəyindən qorxduğu üçün mənşə ölkəsinə geri qayıtmaq istəmir. Uyğunluq müsahibəsi zamanı iddiaçı 2010-2012-ci illərdə Əfqanistanda Taliban üzvəri tərəfindən təhdid olunduğunu iddia edib, lakin sonra onun heç vaxt şəxsən təhdid olunmadığı və iş imkanlarının olmaması və ölkədəki ümumi şiddət səbəbindən Əfqanistanı tərk etdiyi müəyyən edilib. 03 oktyabr 2019-cu ildə DMX İQ-218/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının əsaslı qorxusu mövcud deyil. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 may 2020-ci il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Miqrasiya Xidmətinin İQ-218/1 nömrəli 03 oktyabr 2019-cu il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarından şikayətin təmin edilməməsi haqqında 427 saylı, 25.11.2019-cu il tarixli qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Əfqanistan vətəndaşıdır, 12.08.1987-ci il təvəllüdlü İddiaçı 02.07.2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı Əfqanistan İslam Respublikasının Kabil şəhərində anadan olduğunu, burada 6-cı sinifə qədər oxuduğunu, Əfqanistanda vətəndaş müharibəsi başladığından ailə üzvləri ilə birlikdə Pakistana getdiyi, yük maşını ustası olduğunu, 17 yaşından işləməyə başladığını, 10 il Pakistanda Peşavərdə xalça toxumaqla və maşın təmiri işi ilə məşğul olduğunu, 2010-cu ildə Əfqanistana qayıdaraq maşın təmiri ustası işlədiyini, 2012ci ildə yenidən Pakistana qayıtdığını, Pakistana qayıtmasının əsas səbəbi kimi taliblər tərəfindən əməkdaşlığa cəlb olunduğunu, 2 il orada işlədikdən sonra bir gün Kabildə onu əməkdaşlığa cəlb etmək istəyən taliblərdən olan bir molla ilə qarşılaşdığını, bu hadisədən sonra İslamabada qaçdığını, burada BMT QAK-ın Nümayəndəliyinə müraciət etdiyini, lakin ərizəsinin qəbul edilmədiyini bildirmiş, sonra Peşavərə qayıdıb gizli yaşadığını, bu müddət ərzində çörəkçi yanında 6 ay şagird kimi işlədiyini, 2017-ci ildə yenidən Kabilə qardaşının toyuna getdiyini, bu zaman toy karvanının gülləbaran edildiyini, hadisə zamanı qardaş; arvadının, atasının və qardaşının bir dostunun qətlə yetirildiyini demişdir. O, hadisənin Mohəmməd Muhəqqiqin (Əfqanistanın keçmiş baş nazirinin ikinci müavini) adamları tərəfindən törədildiyini, bu hadisədən 1 ay sonra yenidən Peşavərə getdiklərini, orada Kisəxanı bazarında bolani (yerli fast-food) bişirib satmaqla məşğul olduğunu qeyd etmişdir. Ailə üzvləri barədə məlumat verən iddiaçı anasının o hələ uşaq ikən əmisi tərəfindən qətlə yetirildiyini, subay olduğundan, 2 qardaşı və 3 bacısının olduğunu və onlarla birlikdə Azərbaycan gəldiklərini bildirmişdir. O, Əfqanistanda hökm sürən qeyri-stabil vəziyyəti və Mühəqqiqin adamları tərəfindən ailə üzvlərinin təhdid olunduğunu əsas gətirərək Əfqanistanı tərk etdiyini və 21.03.2019-cu il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək özünün adını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı müsahibə zamanı Taliblər tərəfindən təhdid olunduğunu bildirsə də, dediklərindən məlum olmuşdur ki, şəxsən heç vaxt təhdid olunmamışdır. Əfqanistanı işsizlik və qeyri-stabil vəziyyətə görə tərk etmiş və bu da onun Əfqanistanda əsaslı təqib qorxusunun olmadığını deməyə əsas vermişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o, vətəndaşı olduğu heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 03.10.2019-cu il tarixli, İQ-218/1 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 25 noyabr 2019-cu il tarixli 427 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 03.10.2019-cu il tarixli, İQ-218/1 saylı qərarından Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin 03.10.2019-cu il tarixli, İQ-218/1 saylı qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-218/1 nömrəli, 03 oktyabr 2019-cu il tarixli qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə 02.07.2019-cu il tarixli vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar