Məhkəmə qərarları › İş №2-1(112)-10450/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10450/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10450/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1 il 3 ay müddətində ödənilməyən kirayə haqqının ödənilməsini cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən hərbi qulluqçu kimi tam fəaliyyətə başlamışdır. İşlədiyi dövr ərzində bir hərbi qulluqçu kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Hərbi hissə komandanlığı tərəfindən hər hansı bir hüquqa zidd hərəkəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunmamışdır. Qanunvericiliyin tələbinə müvafiq olaraq yaşa görə 2023-cü ilin aprel ayının 17-də istefaya buraxılmışdır, lakin ona kirayə haqqı ödənilməmişdir. O, bununla bağlı cavabdehə rəsmi ərizə ilə müraciət edərək ona ödənilməyən, yəni verilməyən 1 il 3 ayın kirayə haqqının ödənilməsini xahiş etsə də, cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina vermişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, onun hərbi qulluqçu kimi iş stajı 13 il olsa da, ümumi iş stajı, yəni həm mülki, həm də hərbi qulluqçu kimi 25 il olduğundan o, yaşa görə əmək pensiyasına çıxmış və ona tələb etdiyi dövr üçün mənzil kirayə haqqı ödənilməlidir. O, müddətdən artıq hərbi qulluqçu kimi əsgər və çavuş rütbələrində xidmət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəf iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AO seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, xx.xx.2023-cü ildə ehtiyata buraxılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin edilənədək mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Müvafiq qanunvericiliyə əsasən 2023-cü il tarixindən ehtiyata buraxıldığından iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməyi mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə naziri müavininin 036əç saylı, 12 avqust 2010-cu il tarixli əmri ilə iddiaçı rabitə briqadasının Mərkəzi rabitə qovşağının teleqraf mərkəzinin teleqraf bölməsinin teleqrafçısı vəzifəsinə təyin edilmişdir. X1 Müavini – Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 049əç saylı, xx.xx.2023-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq, 520-ci Rabitə briqadasının (520 nömrəli hərbi hissə) Baş qərargahın mərkəzi rabitə qovşağının qəbuledici radio mərkəzinin radiotelefonçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir (1.1). Həmin Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər (2.1). Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,hərbi hissənin siyahılarından çıxarıldıqları,hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (3.). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir (12.1). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər (12.2). Qanunun yuxarıda qeyd edilən normalarının məzmunundan görünür ki, müddətdən artıq xidmət edən hərbi qulluqçular 15 il və daha çox xidmət etdikdən sonra yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxıldıqda, yaşayış yeri üzrə mənzillə təmin olunmaq, mənzillə təmin olunana qədər isə kirayə haqqı almaq hüququna malikdirlər. İddiaçı hazırkı iddiasında istefaya buraxıldığı vaxtdan 6 ay sonrakı 1 il 3 ay ərzində ona ödənilməyən kirayə haqqının ödənilməsini tələb edir. İddiaçı əslində öz tələbində mənzil növbəsinə götürülməsini və mənzillə təmin olunana qədər ödənilməyən kirayə haqqının ona ödənilməsini xahiş etməli idi. İPM-də göstərilmişdir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur (13). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52). İddia ərizəsində iddiaçının tələbi natamam olsa da, məhkəmə iddia tələbinin tamamlanması ilə bağlı iddiaçıya yardım göstərilməsini zəruri hesab etməmişdir. Belə ki, iş materialları müəyyən edilir ki, iddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, xx.xx.2023-cü ildə isəehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının hərbi qulluqçu kimi stajı 12 il 7 ay 10 gün təşkil etmişdir. Yəni, iddiaçı mənzil növbəsinə götürülmək və mənzillə təmin edilənə qədər kirayə haqqı almaq üçün zəruri olan 15 il staja malik deyildir. İddiaçının tələbi hər bir halda əsassız olduğu üçün məhkəmə tələbin mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi kimi dəyişdirilməsini zəruri hesab etməmişdir. Bununla yanaşı məhkəmə iddia tələbindən kənara çıxmayaraq tələbin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “1 il 3 ay müddətində ödənilməyən kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar