Məhkəmə qərarları › İş №2-1(112)-10458/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10458/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10458/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinə rəy verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş Prokurorunun 17 iyun 1991-ci il tarixli, 26 № li əmrinə əsasən Baş Prokuror yanında 5 il müddətinə Prokurorluğun, DİN-nin və MTN-nin X11 X4 Əməliyyat qrupuna xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Elə həmin tarixdə xidməti vəzifələrini icra etməkdən ötrü Şuşa şəhərinə ezam edilmişdir. Yuxarıda sözügedən qrupun tərkibində çalışdığı müddətdə xidməti vəzifəsini icra etməyi ilə yanaşı Qarabağın Şuşa şəhərinin, Ağdam şəhərinin, Kərkicahan qəsəbəsinin, Quşçular, Malıbəyli kəndlərinin və digər ərazilərin müdafiəsi uğrunda gedən döyüşlərdə müxtəlif özünü müdafiə batalyonlarının tərkibində erməni qəsbkarlarına qarşı vuruşmuşdur. Ona görə də hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1991-1993-cü illər ərzində Şuşa rayonunda və Qarabağın başqa ərazilərində Qarabağ uğrunda erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi iş № 2 (010)-1270/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə imtinanın əsas səbəbini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 aprel 2019-cu il tarixli Qərarının 14-cü bəndini göstərmişdir. Beləliklə, 32 ildən yuxarıdır ki, ona qarşı müxtəlif inzibati qurumlar tərəfindən edilən ədalətsizliyin qurbanı olaraq qanuni “Müharibə veteranı” və vəsiqəsini ala bilmir. Yuxarıda sadaladığı hüquqi faktları o zaman onunla birlikdə sözügedən qrupun tərkibində birlikdə çalışmış və döyüş əməliyyatlarında iştirak etmiş X9, Şuşa rayon polis Şöbəsində işləmiş X6, Şuşa rayon prokuroru işləmiş X2 və X8 təsdiq edə bilərlər. Birinci Qarabağ müharibəsi veteranı adı və vəsiqəsini almaq üçün ayır-ayrı vaxtlarda dəfələrlə müxtəlif orqanlara, o cümlədən AR Müdafiə Nazirliyinə, AR Baş Prokurorluğuna, Suraxanı rayon hərbi komissarlığına, Suraxanı Rayon Məhkəməsinə və sair müraciətlər etmişdir. Lakin bu vaxta kimi həmin orqanlardan müxtəlif bəhanələrlə imtina cavabı almışdır. Hesab edir ki, Baş Prokurorluğun imtinası əsassızdır. Belə ki, həmin qurum tərəfindən hər hansı icra işi açılmadan, müvafiq araşdırmalar aparılmadan ərizənin təmin edilməsi məqsədə müvafiq hesab edilməmişdir. Halbuki Baş Prokurorluq müvafiq araşdırma aparsaydı 1991-1993-cü illərdə onunla yuxarıda qeyd etdiyi əməliyyat istintaq qrupunun tərkibində olmuş 35-40 nəfər şəxslərin hər biri müharibə veteranı adı və vəsiqəsini almışlar. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 1959-cu ildə Göyçay rayonu Həmidli kəndində anadan olmuş, 1981-1989-cu illərdə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almış, xx.xx.1988-xx.xx.1991-ci illərdə Altay diyarının Ust-Kalmanka rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdə müqavilə əsasında Respublika DİN, MTN və Prokurorluğun vahid istintaq-əməliyyat qrupunda Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq kimi Azərbaycan Respublikasının Dağlıq X5 ezam olunmuş, xx.xx.1993-cü il tarixdə Yuxarı Qarabağ üzrə Respublika DİN, MTN və Prokurorluğun vahid istintaq-əməliyyat qrupu ləğv olunduqdan sonra xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarına daimi işə qəbul olunaraq Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə xidməti intizamı pozaraq, cinayət işlərinin istintaqı zamanı kobud qanun pozuntuları və ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2001-ci il tarixli əmri ilə prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan vəzifə saxtakarlığı törədilməsində ifadə olunan hərəkətlərə yol verdiyinə görə xüsusi rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı xx.xx.1991-ci il tarixdə müqavilə əsasında Respublika DİN, MTN və Prokurorluğun vahid istintaq-əməliyyat qrupunda Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq kimi Azərbaycan Respublikasının Dağlıq X5 ezam olunaraq xidməti vəzifələrini icra etməsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmə kimi qiymətləndirilə bilməz. Belə ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Nəzərə alınmalıdır ki, döyüş əməliyyatlarının aparıldığı ərazidə yerləşmə də həmin əməliyyatlarda iştirakla eyniləşdirilə bilməz. Beləliklə, İddiaçı iddiasında göstərdiyi Şuşa və Ağdam rayonlarında 816 saylı könüllülərin batalyonunda, eləcə də müxtəlif özünümüdafiə dəstələrinin tərkibində erməni qəsbkarlarına qarşı vuruşması zəruri sənədlərlə təsdiq olunmamışdır. Sadalanan halları nəzərə alaraq İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı rəy verilməsi barədə müraciəti Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan başqa, İddiaçı prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra ona “Müharibə veteranı” adı və veteran vəsiqəsinin verilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. Hazırda İddiaçı prokurorluq orqanlarında sistemində xidmət edən hərbi qulluqçu hesab edilmədiyi üçün “Müharibə veteranı” adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı rəyin verilməsi barədə iddianın Baş Prokurorluq tərəfindən təmin edilməsi imkan xaricindədir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 2/2-673 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə qeyd olunur ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Odur ki, Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə müvafiq komissiyaya müraciət etməyiniz məqsədəmüvafiqdir”. Azərbaycan Respublikasının Baş Prokurorluğunun iddiaçının ünvanlanan 22 sentyabr 2023-cü il tarixli 2-2-10-/4/2-1152/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “xx.xx.1991-ci il tarixdə DQMV üzrə yaradılmış Respublika Prokurorluğu, DİN və DTK-nın vahid istintaq-əməliyyat qrupunda 5 il müddətinə müqavilə əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə işə qəbul edilmisiniz və xx.xx.1993-cü il tarixədək müqavilə əsasında həmin vəzifədə işləmisiniz”. Məhkəmə araşdırması zamanı Şuşa Rayon İcra Hakimiyyətinə verilmiş sorğuya 3 iyul 2024-cü il tarixli 5-77/2-216/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Şuşa rayon sakini deyil. İddiaçı 1991-1993-cü illərdə Şuşa rayonunun keçmiş X11 vilayətinin ərazisində döyüş bölgəsində xidmət aparması barədə məlumat yoxdur. O cümlədən, xx.xx.2006-cı il tarixdə, Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən verilən 260 nömrəli arayışın verilməsini təsdiq edəm heç bir sənəd aşkarlanmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz. İddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar müqavilə əsasında vahid İstintaq Əməliyyat qrupuna xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunması və xidməti vəzifələrini icra etməkdən ötrü Şuşa şəhərinə ezam edilməsi işin mübahisələndirilməyən halıdır. Lakin göründüyü kimi, iddiaçı xidməti vəziflərinin icrası ilə bağlı Şuşa şəhərinə ezam edilmişdir. İş materiallarında iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və ya hərbi hissələrə ezam olunaraq döyüşlərdə iştirak etməsinə dair hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar