Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10459/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “putyovkalarla təmin olunma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı məhkəməyə müraciət edərək, sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionallarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilldir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X5, Tərtər və Murovdağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərinin yanında olmuşdur. Sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunmağı məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etdi, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi biganə cavab verərək ona qarşı süründürməçilik etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin imtina məktubu əsassızdır, bununla razı deyil. Belə ki, o, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilldir və onun Sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunmağı qanuna müvafiq olaraq müdaxiləsiz verilməsini hesab edir. Belə ki, o, cavabdehin imtina məktubuna əsasən eyni zamanda dəfələrlə bu barədə Müdafiə Nazirliyinə müraciət etsə də müraciətinə müsbət cavab verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı və 2021-ci il 23 dekabr tarixli 406 saylı Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar ilə müəyyən olunmuş imtiyazlı (əlillərin, 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxs, İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş) şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən putyovka ilə növbəlilik qaydasında təmin olunurlar. Əlavə olaraq bildiririk ki, qeyd olunan Qərarlarla təsdiqlənmiş müvafiq qaydalara əsasən (Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması) "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçuların sanatoriya-kurort putyovkası ilə təmin olunması Nazirliyin səlahiyyəti xaricindədir. Sizin hərbi qulluqçu və onlara bərabər tutulan şəxs olduğunuzu nəzərə alaraq sanatoriya-kurort putyovkası ilə təmin olunmaq üçün zəruri sənədləri aidiyyəti üzrə təqdim etməyiniz tövsiyə olunur. Eyni zamanda bildiririk ki, sizə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən (Diaqnoz: Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə. Əmək zəmanəti: Əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər) müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən: 4.1. Əlilliyi olan şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla) Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyası tərəfindən tərtib edilmiş X2 nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi (bundan sonra – Xidmətlər Agentliyi) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Təminat Agentliyi) tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AESdə qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi” Qaydalarına əsasən:
3. İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində)
14. Göründüyü kimi, əlilliyi olan şəxslərin şəxslər (bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan işləyən əlilliyi olan şəxslər və 4.3-cü bəndində nəzərdə tutulan əlilliyi olan şəxslər istisna olmaqla), o cümlədən işləməyən İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort putyovkası ilə təmin olunmağı Sosial Xidmətlər Agentliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən həyata keçirilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması” Qaydasına əsasən:
1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa), "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya almaq hüququ olan hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların (bundan sonra - hərbi qulluqçular) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunmasını tənzimləyir.
2. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
16. İddia tələbi sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionallarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunmağından ibarətdir.
17. Məhkəmə hesab edir ki, iddiaçı hərbi qulluqçu olduğundan cavabdeh qurumun belə vəzifəsi (səlahiyyəti) nəzərdə tutulmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya almaq hüququ olan hərbi qulluqçuların və xüsusi rütbəsi olan əməkdaşların sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması qaydaları “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması” Qaydaları ilə müəyyən edilir və onların sanatoriya-kurort putyovkası ilə təmin olunması cavabdehin səlahiyyəti xaricindədir.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva