Məhkəmə qərarları › İş №2-1(112)-10460/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10460/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10460/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı qarşı “protokolun ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin iddiaçı haqqında qanunsuz tərtib etdiyi EO/17816988 və EO/17830031 saylı inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi və bu əsassız səbəblərdən dövlətə ödədiyi 440 manat məbləğində pulun iddiaçıya geri qaytarılması” tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "Mersedes benz" E 200 markalı, ** LH *** dövlət saylı nişanlı avtomaşın baş etibarnamə ilə xx.xx.2022-ci ildən iddiaçının istifadəsindədir. Sürücülük vəsiqəsi yoxdur, maşından yalnız uzaq məsafəyə gedəndə qonşu sürücü X1 yanında əyləşib sürdürməklə hərdən istifadə etmişdir. 10 iyun 2023-cü ildə sürücülük vəsiqəsi olan Ceyhun adlı dostu həmin maşını idarə etməklə birlikdə apardılar. Sumqayıt maşın bazarına satmağa, maşının texniki baxışı olmadığından 45 manat cərimələndi. Əvvəiki sahibi Mazanov Mobilində 2 dəfə 80 manat məbləğində cəriməsi ödənilməmiş qalırdı. 02 noyabr 2023-cü ildə Balakənə getmişdi. Sükanın arxasında Vidadi idi. 22.11. 2023-cü ildə maşını etibarnamə ilə başqa şəxsə satarkən məlum oldu ki, adına AR İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.3-cü maddələr ilə 90 və 270 AZN məbləğində cərimələr vardır. xx.xx.2022-ci ildədə 80 manat məbləğində cərimə olmuşdur, cəmi 440 manat cəriməsi vardır. Məcburən bu 440 manatı və Mobilin adına olan cərimələri ödədi. Hansı ki, hər üç halda sürücü Vidadinin yanında əyləşdiyi üçün heç bir araşdırma aparmadan İXMnin bu maddələri hərəkətlərinə düzgün tətbiq olunmamışdır. Odur ki, qanunsuz ödətdirilən 440 manat məbləğində pulu özünə qaytarılmalıdır. Xüsusi texniki vasitələr sükanın arxasında və onun yanında kimin əyləşməsini hər halda müəyyən etmir. Sürücülük vəsiqəsinin olmadığını düşünüb bu qanunsuzluğa getmək yolverilməzdir. İnzibati Xətalar Məcəllənin 332.1-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqiyyat vasitəsində olduğu halda onu sürücülük vəsiqəsi olan şəxs idarə edə bilər. xx.xx.2023-cü ildə iddiaçı 77 L.H 294 dövlət nişanlı avtomaşının qabaq oturacağında əyləşmişdir. Bunu Bakı-Qazax yolu boyu yerləşdirilən kameralar, eləcə də "xətanı" qeyd edən kamera çəkmişdir. Yazıb BDYPİ-nin rəisi Ramiz Zeynalovdan xahiş etdi ki, ödədiyi 440 AZN məbləğində pulun geri qaytarılması barədə tədbir görsün. Ancaq müavini Pərvin Səfərəliyevin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-A-175842 saylı məktubundan aydın olur ki, guya şikayət müddətini ötürdüyü üçün şikayətinə baxılmamışdır. Yazılan cərimələrlə bağlı nə rəsmi, nə də qeyri rəsmi qaydada məlumatlandırılmışdır. Xəbər tutanda dərhal şikayət vermişdir. Əslində öncə əməlində inzibati xəta pozulması faktının olub ya olmaması araşdırılmalı, sonra müddətin ötüb-ötməməsinə münasibət bildirilməliydi. Aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət ərizəsi yazıb barəsində yol verilmiş bu haqsızlığı araşdırdıb ödədiyi 440 AZN məbləğində pulun özünə qaytarılması barədə aidiyyəti quruma gələkən göstərişlərini verməsini xahiş etdi. Ancaq bu şikayət ərizəsində BDYPİ-nin Rəis müavini Pərvin Səfərəliyevdən aldığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2A-30090 saylı cavab məktubunda da qərardan şikayət verilmə müddətinin ötməsi göstərilir. Ardınca göstərilir ki, inzibati tənbeh haqqında elektron qərarlar barədə məlumatlandırılmışdır. Elektron ünvanı yoxdur, mobil telefonuna da bu haqda SMS məlumatı gəlməmişdir. Rəsmi qaydada ünvanına sənəd göndərilməmişdir. Tərtib olunmuş əsassız inzibati aktlarla guya tanış edilməyi həqiqətə uyğun deyildir. Əsassız olaraq 440 manat cərimə olunmuşdur. Şikayətlərinə aidiyyəti qurum tərəfindən əsassız bəhanələrlə baxılmaması onun hüquqlarını, qanunla qorunan maraqlarını pozur. Hesab edirəm ümumilikdə ödədiyi 440 manat pul geri özünə qaytarılmalıdır.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəziifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

7. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati tənbeh vermə haqqında qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

9. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar