Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10462/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona əlilliyinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Suraxanı rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə xəsarət almış və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “sağ əli dəlib keçən odlu silah güllə yaralanması nəticəsində 4-5 barmaqların əsas falanqalarının bitişmiş sınıqları, açıcı kontrakturası, əl funksiyasının cüzi pozulması” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi tramva olması müəyyən edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, o, aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Bundan sonra 3-cü qrup əlillik təyin edilmişdir. 2003-cü il tarixdən isə 3-cü qrup əlillik müddətsiz təyin edilmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı ona “Qeyri-stabil stenokardiya, Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası 3-5 fs.Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Qan dövranı çatışmazlığı 2 fs.Aortokoronar şuntli transplantatın olması, AKŞ x3 əməliyatmdan sonrakı vəziyyət” diaqnozu qoyulmuş və xx.xx.2017-ci il tarixdən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. 2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik əlaməti təyin etməməsi səbəbindən ə təkrar əlilliyin təyin edilməsində» imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda iddianın mümkün sayılmamalı olduğu bildirilmişdir. Belə ki, etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşa sonuncu dəfə xx.xx.2017-ci il tarixdə AR ərazi bütövlüyü uğrunda səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. xx.xx.2022-ci il tarxdə əlilliyin müddəti bitmiş və bununla əlaqədar, iddiaçı tərəfindən Agentliyə hər hansı müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısılə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz sayılması barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.
5. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, iddiaya cavab verməli olan quruma hazırki iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etdiyini bildirir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraza əsasən, iddiaçının cavabdeh orqana müraciəti daxil olmamışdır. Eyni zamanda, tələb qaldırılan zaman və ya məhkəmə gedişində iddiaçı tərəfindən poçt məlumatı təqdim olunmamış, müraciət ərizəsinin cavabdehə çatdırılması sübut olunmamışdır.
İİ. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 1.1 bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2 İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6 İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
13. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat «Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri»nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər.
10. Göründüyü kimi mövcud qanunvericilik şəxsin əlilliyinin qiymətləndirilməsini müvafiq tibb müəssisəsi tərəfindən onun barəsində tərtib olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş” əsasında aparılmasını nəzərdə tutur. Belə göndərişi həmin qurum «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə daxil etmədiyi halda, AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərkibində fəaliyyət göstərən TSEK tərəfindən şəxsin əlilliyinin qiymətləndirilməsi mümkün deyil.
11. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddiaçının əlilliyinin qiymətləndirilməsi üzrə icraat çərçivəsində aidiyyəti orqanın müvafiq göndərişi təqdim olunmadığından, qaldırılan məsələnin həllindən cavabdeh inzibati orqan tərəfindən imtina olunmamışdır.
12. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı məhkəmə icraatı çərçivəsində AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı X1 hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Məhkəmə müəyyən edir ki, iddiaçı xüsusi mümkünlük şərtlərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqana müraciət və inzibati araşdırma məhkəməyə müraciətlə əvəz oluna bilməz və bu həddən artıq formallıq kimi qiymətləndirilməməlidir.
15. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya cavabdehin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
1. Q Ə R A R A A L D İ :
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva