Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10462/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 12 mart 1992-ci il tarixdən 14 dekabr 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissənin tərkibində baş çavuş rütbəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 08 may 1982-ci il tarixdən 31 may 1984-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 12 mart 1992-ci il tarixdən 14 dekabr 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissənin tərkibində, baş cavuş rütbəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişəm. Döyüş əməliyyatlarında iştirak etməyim hərbi biletimin 7-ci səhifəsində öz əksinin tapmışdır, (onu da xatırladım ki, N saylı hərbi hissə Laçın rayon ərazisində yerləşirdi və döyüş əməliyyatlarında iştirak edirdi). N saylı hərbi hissə ləğv olunduğu üçün Müdafiə Nazirliyinin Baş Arxiv idarəsinə ərizə ilə müraciət edərək 12 mart 1992-ci il tarixdən 14 dekabr 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissənin tərkibində, baş cavuş rütbəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyim barədə arayış tələb etmişəm. Müdafiə Nazirliyinin Baş Arxiv idarəsinin cavab məktubunda göstəriblər ki, N saylı hərbi hissə komandirinin mart-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı Müdafiə Nazirliyinin Arxiv idarəsindən 02 dekabr 1999-cu il tarixdə 26/2-57689 №-li arxiv arayışı almışdır və həmin arayışda 12 mart 1992ci il tarixdən 14 dekabr 1992-ci il tarixədək N saylı hərbi hissədə xidmətdə olduğu göstərilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd edilmişdir ki, iddiaya baxılmasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməlidir:
1. İddiaçının tələbi Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi çərçivəsində tənzimlənməməklə, inzibati məhkəmə icraatının predmeti deyildir. Belə ki: 1.1.İddiaçının tələbi “xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi” faktının -hüquqi əhəmiyyətli faktın tanınmasıdır. 1.2.Qeyd edilən tələb mülki prosessual qanunvericiliklə tənzimlənməklə, mülki məhkəmə icraatı çərçivəsində xüsusi icraat qaydasında baxılan işlərə aiddir. Bu münasibətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1, 306, 307- 311 -ci maddələri ilə müəyyət olunur. 1.3.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət mühakiməsi icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 1.1. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında”xx.xx.2019-cu il tarixli 03 nömrəli qərarının 14-cü bəndində birbaşa göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qayda müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, “iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilməməsini...yoxlamalıdırlar; iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl etməsi və s.) də mövcudluğu yoxlanmalıdır; inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir”.
3. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırki iddia tələbini qaldırmaqda məqsədi müvafiq dövrün əmək stajına daxil edilməsinə nail olmaqdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından görünür ki, İddiaçı hazırki iddia tələbini irəli sürməkdə məqsədi 12 mart 1992-ci il tarixdən 14 dekabr 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissənin tərkibində baş çavuş rütbəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyi faktını təsdiqlətməklə müvafiq dövrün əmək stajına daxil edilməsinə nail olmaqdır.
10. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
11. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi: İ. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası, himayədar ailə və övladlığagötürmə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İİ. Nazirliyin fəaliyyət istiqamətləri 2.1. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, habelə dövlət icbari şəxsi sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin edir;
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına və iddiaçının izahatına əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən hərbi qulluqçu kimi tərxis olunduğu müəyyən edilmir.
15. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi “12 mart 1992-ci il tarixdən 14 dekabr 1992-ci il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməli, müraciətin təmin olunmasından imtina olunduğu təqdirdə isə müvafiq tələblə məhkəməyə müraciət edə bilər.
16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva