Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10463/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və avtomobilin texniki baxışa buraxılması” dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyətində olan “Opel Astra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışa buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli, 3(011)-1560/2021 saylı qərarına əsasən, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmiş, qərar qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli, 3(011)-1560/2021 saylı qərardadına əsasən, onun barəsində qeyd olunan inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin ödənilməsi 6 ayadək müddətə uzadılmışdır. Qərardad qanuni qüvvəsini almışdır. 07 iyun 2021-ci il tarixdə mülkiyyətində olan “Opel Astra” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirmək üçün DYP-nin texniki baxış şöbəsinə müraciət etmiş, lakin cəriməsi olduğundan buraxılmamışdır. Cavabdehin hərəkətləri qanunsuz olmaqla onun hüquqularının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, iddiaçı COVİD-19 pasportu olmadığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Vartaşen rayonu, Yemişənli kəndində doğulmuşdur; AD seriyalı 469108 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Opel Astra minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 3(011)-1560/2021 saylı qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 3(011)-1560/2021 saylı qərardadından görünür ki, ərizə təmin edilərək, İddiaçı barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 3(011)-1560/2021 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı üzrə inzibati cərimənin ödənilməsi altı ayadək müddətə uzadılmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və avtomobilin texniki baxışa buraxılması” iddiasına dair 2-1(112)-7369/2021 və 2-1(112)-9272/2021 inzibati işlər Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və həmin işlər üzrə iddia mümkün sayılmamışdır. Həmin işlər üzrə məhkəmə araşdırması zamanı əldə olunmuş sənədlərin surətinin hazırkı iş materiallarına əlavə edilməsini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Belə ki, həmin işlər üzrə məhkəmə tərəfindən cavabdehdən sözügedən nəqliyyat vasitəsi üzrə hər hansı bir məhdudiyyətin olub-olmaması və ödənilməmiş cərimələri barədə məlumatın təqdim edilməsi tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 09.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, vət. İddiaçı nəqliyyat vasitəsinin 20.05.2020-ci il tarixdə texniki baxışdan keçirildiyi və onun istehsal ili 1994-cü il olduğu üçün həmin nəqliyyat vasitəsini 20.05.2021-ci il tarixdən 09.06.2021-ci il tarixinədək texniki baxışdan keçirməli idi. Lakin qeyd olunan müddət ərzində həmin avtomobili texniki baxışdan keçirmədən idarə etdiyinə görə 10.06.2021-ci il tarixdə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək çıxarılmış EQ6720829 nömrəli, 02.07.2021-ci il tarixdə EQ6962832 nömrəli, 24.07.2021-ci il tarixdə EQ7215720 nömrəli, 14.08.2021-ci il tarixdə EQ7446507 nömrəli, 07.09.2021-ci il tarixdə EQ7696209 nömrəli elektron qərarlar qanuni və əsaslıdır. Göründüyü kimi, sözügedən nəqliyyat vasitəsinin texniki baxışa buraxılması ilə bağlı məhdudiyyətin olub-olmaması barədə hər hansı məlumat təqdim edilməmiş, yalnız nəqliyyat vasitəsinin texniki baxışdan keçirmədən idarə etməyə görə çıxarılmış elektron qərarlar qeyd edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar; Vİ hissəsinə əsasən, nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Vİİ hissəsinə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir: 1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi; 2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini; 3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texnikitəmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə); 4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi; 5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini. Vİİİ hissəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir; İX hissəsinə əsasən, Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; X hissəsinə əsasən, nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 32.3-cü maddəsinə əsasən, inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, Qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Sadalanan normalardan həmçinin görünür ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi müvafiq orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə nəqliyyat vasitəsi texniki baxışdan keçirilir. Normanın tələbinə görə, texniki baxışın keçirilməsi üçün icrası təxirə salınmış və ya icrasına möhlət verilmiş cərimələrin ödənilməsi tələb edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin texniki baxışa buraxılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Həmçinin iddiaçının ödənilməmiş 200 manat cəriməsi olsa da, məhkəmənin qərardadına əsasən inzibati cərimənin ödənilməsi altı ayadək müddətə uzadılmışdır. İddiaçının digər ödənilməmiş cərimələri isə bu müddət ərzində nəqliyyat vasitəsinin texniki baxışdan keçirmədən idarə etməyə görə tətbiq edilən inzibati tənbehlərdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, nəqliyyət vasitəsinin texniki baxışdan keçirilməsi üçün məhkəmənin qərarına əsasən icrası təxirə salınmış cərimənin ödənilməsinin tələb edilməsi və bu səbəbdən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinən imtina edilməsi (hazırkı halda hərəkətsizlik edilməsi) yuxarıda sadalanan qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli və İddiaçı mülkiyyətində olan “Opel Astra minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışa buraxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan “Opel Astra minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışa buraxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-10463/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10463/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver