Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10463/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun adına ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Naxşıvan MR, Naxçıvan şəhərində doğulmuş, nikaha daxil olduqdan sonra Zəngilan rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. X2 və anası X3 ölmüşlər. X1 xx.xx.1975-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, xx.xx.1996-cı ildə Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən nizamnaməyə uyğun olmayan münasibətlər çərçivəsində odlu silahdan aldığı güllə yarasından həlak olmuşdur. Qardaşının həlak olması barədə SHXÇDX-nin Naxçıvan şəhər idarəsi və hərbi hissə tərəfindən verilən arayışlarda öz təsdiqini tapmışdır. Naxçıvan şəhər, Badaşqan kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda onun qəbri Naxçıvan şəhər, Badaşqan kənd qəbristanlığında yerləşir. Qardaşı Şahinin ölüm faktını müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edir. Hal-hazırda o, ailəsinə məxsus evi sənədləşdirmək istəyir və bunun üçün qardaşı Şahinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbi bağlı xx.xx.2022-ci il tarixli, 05Q-168 №li yazılı münasibətində göstərilmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin təmin olunmasına etiraz etmirlər. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etməklə, iddiada qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Naxçıvan şəhər VVAQ bürosu tərəfindən xx.xx.1964-cü ildə verilmiş İ-ИЕ seriyalı 339714 №li evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (iddiaçının atası) və X4 (iddiaçının anası) arasında xx.xx.1964-cü il tarixdə evlilik haqqında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra avrada Gözəlova soyadı verilmişdir. İddiaçıya məxsus: - Naxçıvan şəhər VVAQ bürosu tərəfindən xx.xx.1966-cı ildə verilmiş AЗ seriyalı ******* №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1966-cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X11, ana qrafasında isə X3 göstərilmişdir. - Zəngilan RPŞ tərəfindən xx.xx.2017-i il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş Əliyeva X5 rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev 20 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışının surətindən görünür ki, X12 xx.xx.1975-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə doğum kitabında xx.xx.1975-ci ildə 426-cı səhifəsində qeydiyyat aparılmışdır. Çıxarışın ata qrafasında X11, ana qrafasında isə Məmləkət Qurban qızı göstərilmişdir. Hazırkı tələblə bağlı iddiaçının müraciətinə cavab olaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05Q-54/15 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarına əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın tələblərinə uyğun olaraq ölümün qeydə alınması qeydiyyat şöbəsi və ya icra hakimiyyətinin nümayəndəsi tərəfindən aparılır. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı təqdim edə bilmədiyi üçün şöbədə ölüm haqqında müvafiq qeyd aparıla bilmir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-7942/13 nömrəli məktubdan müəyyən olunur ki, X6 xx.xx.1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər 1 saylı Nikah Evinin tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1939-cu il təvəllüdlü X11, anasının isə 1940-cı il təvəllüdlü X3 olduğu müəyyən edilmişdir. Atası Y.Gözəlov və anası M.Gözəlova olan xx.xx.1966-cı il təvəllüdlü Məhsəti Gözəlovanın, xx.xx.1968-ci il təvəllüdlü Mehman Gözəlovun (ölüm tarixi xx.xx.1969-cu il), xx.xx.1970-ci il təvəllüdlü Mehman Gözəlovun və xx.xx.1974-cü il təvəllüdlü Ənvər Gözəlovun doğumları adıçəkilən qurumda dövlət qeydiyyatına alınmışdır. Həmçinin, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ş.Gözəlovun nikahı, nikahının pozulması, övladları, ölümü, soyadının, adının və ya ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, 814 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş N saylı hərbi hissənin xx.xx.1997-ci il tarixli, 7 nömrəli arayışın surətindən görünür ki, “1993-cü ilin may ayından həqiqi hərbi xidmətə çağırılmış baş atıcı vəzifəsində duran kiçik çavuş X12 həqiqətən xx.xx.1996-cı ildə Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən nizamnaməyə uyğun olmayan münasibətlər çərçivəsində sıravi X15 tərəfindən odlu silahdan açdığı güllə yarasından həlak olmuşdur”. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/154 №li və xx.xx.2022-ci il tarixli 02/160 №li məktubları ilə məhkəməyə təqdim olunmuş müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə məhkum olunmasına dair cinayət işi üzrə 23 aprel 1997-ci il tarixli, İ-39/97 nömrəli hökmünün təsviriəsaslandırma hissəsində qeyd olunmuş məhkəmə-tibbi ekspertizasının 26 dekabr 1996-cı il tarixli 09 saylı rəyindən və MN MMTE Naxçıvan Ərazi MTE-nin xx.xx.1996-cı il tarixli 9 №li meyit rəyindən müəyyən olunur ki, X6 ölümünə səbəb (Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac kəndində) güllə təsirindən böyük beyninin sol yarımkürəsinin, beyinciyin uzunsov beyinin zədələnməsi hesabına həyatı-vacib mərkəzlərin sıradan çıxması göstərilmişdir. Həmçinin rəydə Ş.Y.Gözəlovu bədən səhti üzərində güllə təsirindən əmələ gəlmiş ağır dərəcəli bədən xəsarətindən başqa digər xəsarətlərin olmadığı qeyd edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia həmçinin əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının: - 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. - 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. - 8.14-cü bəndinə əsasən ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.1-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir; 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda iddiaçının mərhum qardaşı xx.xx.1975-ci ildə Naxçıvan şəhərində doğulmuş X6 aldığı güllə yarasından xx.xx.1996-cı il tarixdə ölməsi Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə məhkum olunmasına dair cinayət işi üzrə 23 aprel 1997-ci il tarixli, İ-39/97 nömrəli hökmü və həmin cinayət işi üzrə MN MMTE Naxçıvan Ərazi MTE-nin xx.xx.1996-cı il tarixli 9 №li meyit rəyi ilə müəyyən olunduğundan, bu halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1975-ci ildə Naxçıvan şəhərində doğulmuş X6 “güllə təsirindən böyük beyninin sol yarımkürəsinin, beyinciyin uzunsov beyinin zədələnməsi hesabına həyatıvacib mərkəzlərin sıradan çıxması” səbəbi ilə xx.xx.1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac kəndində ölməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı haqqında şəhadətnamə verilməsi vəzifəsi Cavabdehnə həvalə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10463/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10463/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver